AZ

Rəvan Həsənov: Həmrəylik Qarabağın gələcək inkişafının, dayanıqlı sülhün və sabitliyin açarıdır

Bakı, 24 sentyabr, AZƏRTAC

44 günlük Vətən müharibəsi xalqımızın tarixində misilsiz qəhrəmanlıq səhifəsi olmaqla yanaşı, həm də həmrəyliyin, milli birliyin və qardaşlığın ən parlaq təcəssümünə çevrildi. Bu möhtəşəm Qələbə yalnız güclü və peşəkar Ordumuzun rəşadətindən deyil, eyni zamanda, dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarının bir amal uğrunda birləşməsindən qaynaqlandı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov “Qarabağın azadlığı və dirçəlişində ictimai həmrəyliyin rolu” mövzusunda keçirilən dəyirmi masada deyib.

O bildirib ki, Azərbaycan hər zaman multikultural dəyərlərin, dini və etnik müxtəlifliyin sülh və qarşılıqlı hörmət şəraitində qorunduğu unikal bir məkan olub. “Bu Vətən müharibəsi dövründə özünü bir daha aydın şəkildə göstərdi. Yəhudi, rus, talış, ləzgi, avar, udin və digər millətlərin nümayəndələri ön cəbhədə igidliklə döyüşdülər, arxa cəbhədə isə dövlətimizin və Ordumuzun yanında olduqlarını əməli işləri ilə sübut etdilər. Bu həmrəylik Azərbaycanın gücünə güc qatdı, xalqımızın iradəsini sarsılmaz etdi və Zəfərə aparan yolumuzu möhkəmləndirdi. Bu gün biz Qarabağın dirçəlişindən danışırıq. İşğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, infrastrukturun yenidən qurulması yalnız iqtisadi tərəqqi üçün deyil, həm də ictimai həmrəyliyin möhkəmlənməsi baxımından strateji əhəmiyyət daşıyır. Çünki həmrəylik Qarabağın gələcək inkişafının, dayanıqlı sülhün və sabitliyin açarıdır. Biz Qarabağı həm də mənəvi baxımdan dirçəldirik. Multikultural dəyərlərimiz, birlik və qardaşlıq ruhumuz Qarabağın təkcə abad bir bölgə deyil, həm də insanların harmonik birgəyaşayış məkanı kimi formalaşmasında mühüm rol oynayır”, – deyə R. Həsənov diqqətə çatdırıb.

 

Seçilən
16
azertag.az

1Mənbələr