AZ

Çölyak xəstəliyi nədir və necə müalicə olunur?

Son illərdə qlütenə qarşı dözümsüzlük və qlütensiz pəhriz haqqında çox eşitmişik. Bu bəzən dəb kimi görünsə də, əslində milyonlarla insanın həyatı üçün təhlükə yaradan bir xəstəlikdir.

Çölyak xəstəliyi sadə dillə desək buğda unu, buğda, çovdar və arpanın tərkibində olan qlüten adlanan zülala qarşı orqanizmin allergiyasıdır. Bu allergiya insanda ciddi mədə-bağırsaq və müxtəlif orqanlarda xəstəliklərin yaranmasına səbəb olur. 

Mövzu ilə bağlı Operativ Media-ya Qastroenteroloq Emin Məmmədov danışıb.

Həkim bildirib ki, əsas yaranma səbəbi tam olaraq məlum olmasa da, genetik faktorlar çox vacib risk hesab olunur: “Bəzi insanlarda buğda ununun tərkibində olan qlütenə qarşı həsaslıq olur. Bu həssaslıq nəticəsində bədənin immun sistemi qlüten zülalına qarşı anti-cisimlər hazırlayır və onu yad maddə kimi qəbul edərək hücum edir.

Unun tərkibindəki qlüten nazik bağırsaqda sorulur. Lakin immun sistem səhvən bu prosesi pozaraq, bağırsağın qidaların udulmasında əsas rolu olan xovlarını zədələyir. Xovlar zədələndiyi üçün pasiyentlərdə vitamin və mineral çatışmazlığı yaranır. Bu vəziyyət böyümə və inkişafın ləngiməsinə səbəb olur, xüsusilə uşaqlarda bu simptom müşahidə olunursa, mütləq qlüten testi aparılmalıdır.

Çölyak xəstəliyini müəyyən etmək üçün qan analizi mövcuddur. Ən çox istifadə olunan test Anti-tTG (tropsoma transglutaminaz) IgA testidir. Bu test immun sisteminin qlütenə qarşı reaksiyasını yoxlayır. Digər “qızıl standart” isə endoskopik müayinədir. Endoskopiya zamanı nazik bağırsaqda xovların zədələnməsi müşahidə olunur və biopsiya alınır. Biopsiyanın histoloji nəticəsinə əsaslanaraq 100% diaqnoz qoymaq mümkündür.

Bəzən genetik testlər də aparılır. Bu testlər diaqnostik xarakter daşımır, amma pasiyentin gələcəkdə qlütenə bağlı problemlərlə üzləşə biləcəyini göstərir".

 Həkim qeyd edib ki, bəzi insanlarda çölyak xəstəliyinin genləri pozitiv olsa da, əlamətlər müşahidə olunmaya bilər:

"Belə insanlar xəstə sayılmır.

Xəstəliyin əsas əlamətləri: qarında şişkinlik və köp, ishal, halsızlıqdır. Bağırsaqda qida maddələrinin sorulması pozulduğu üçün B12, sink, selen və vitamin D çatışmazlığı yaranır. Bu da zəifliyə, çəki itkisinə, sümüklərin zəifləməsinə və ümumi sağlamlıq problemlərinə səbəb olur.

Çölyak xəstəliyinin dərmanla müalicəsi yoxdur. Qlüteni pəhrizdən çıxardıqda bədən 6 aya qədər özünü tam bərpa edir və xəstəlik nəzarət altına alınır. Pasiyent ömrü boyu qlüten tərkibli qidalardan uzaq durmalıdır".

"Uzun müddət müalicə olunmadıqda isə saç tökülməsi, qaraciyər problemləri, dırnaq zəifliyi və bəzi hallarda onkoloji xəstəliklərə qədər ağırlaşmalar yarana bilər", - o, qeyd edib.


Şəfa Hüseynli

Seçilən
10
operativmedia.az

1Mənbələr