AZ

İlham Əliyev və Ərdoğanın İrəvan səfəri: “İki amildən asılıdır”

Azərbaycan Prezidenti İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın 2026-cı ilin yazında İrəvana səfər edəcəkləri barədə iddia yayılıb. 

Qeyd edilən açıqlama ilə Ermənistanın “Respublika naminə” partiyasının lideri Arman Babacanyan “Civic.am” portalına müsahibəsində çıxış edib. Onun sözlərinə görə, liderlərin səfəri İrəvanda Avropa Siyasi Birliyinin sammitində iştirak üçün nəzərdə tutulub. Babacanyan eyni zamanda ABŞ Prezidenti Donald Trampın da tədbirə dəvət edilməsi istiqamətində diplomatik səylərin aparıldığını deyib. 

Partiya lideri bildirib ki, Azərbaycan və Türkiyə liderlərinin sammitdə iştirakı dialoqun və regionda dinc münasibətlərin möhkəmləndirilməsi yolunda vacib addım olacaq. Sözügedən iddiaya Türkiyə mediasında da rast gəlmək olar. 

Belə ki, “Türkiye Gazetesi” həmin xəbəri dərc edərək “Azərbaycan və Ermənistan arasında II Qarabağ müharibəsindən sonra imzalanan atəşkəs və sülh razılaşmasının ardından Bakı-İrəvan xəttində buzlar əriməyə davam edir” şərhini verib. 

Xatırladaq ki, Avropa Siyasi Birliyinin növbəti sammiti bu ilin oktyabr ayında Kopenhagendə baş tutacaq. 2026-cı ildə isə birliyin sammitləri Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ildə isə Azərbaycan və Latviyada keçiriləcək. 

Politoloq Natiq Miri “Cebheinfo.az”-a açıqlamasında qeyd edib ki, hazırda Azərbaycan və Ermənistan arasında qarşılıqlı səfərlərin müşahidə olunması sülh prosesinin möhkəmləndirilməsinə xidmət edir. Lakin yekun sülhə nail olunmadan dövlət başçılarının qarşılıqlı səfərləri mümkün görünmür: 

“Avqustun 8-də Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasından sonra dövlətlərarası münasibətlərin tənzimlənməsinə başlanıldığını müşahidə edirik. Bu proses Ermənistanın həm Azərbaycanla, həm də Türkiyə ilə münasibətlərində özünü göstərir. Artıq Azərbaycan və Ermənistan rəsmiləri qarşılıqlı səfərlər ediblər. 

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəisi Andranik Simonyan beynəlxalq forumda iştirak etmək üçün iki gün Bakıda səfərdə oldu. Bu kontekstdə Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov İrəvanda keçirilən başqa bir tədbirə qatıldı. 

Eləcə də Ermənistan və Türkiyə münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndələrinin Ermənistan ərazisində görüşü baş tutdu. Bunlar hamısı münasibətlərin düzəlməsinə xidmət edir. Bir sıra məsələlərdə Azərbaycan və Ermənistan ortaq addımlar atmağa başlayıb. Qazaxıstanda keçirilən musiqi yarışmasında Ermənistan ilk dəfə ən yüksək balı Azərbaycan nümayəndəsinə, Azərbaycan da Ermənistan ifaçısına verib. Bunlar müsbət göstəricilərdir. 

Ancaq Azərbaycanın və Türkiyənin dövlət başçılarının Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Ermənistana səfər edəcəklərinə dair nəticə çıxartmaq doğru deyil. Belə səfərlərin reallaşması üçün dövlətlər arasında normal diplomatik münasibətlər bərqərar olmalıdır. Hələ belə bir münasibət mövcud deyil”. 

Ekspert yekun sülh müqaviləsi imzalanana qədər Azərbaycan və Türkiyə prezidentlərinin Ermənistana səfər edəcəklərini gözləmir: 

“Çünki bu proses diplomatik kontekstdə həll olunmalıdır. Digər tərəfdən, Ermənistan daxilində mövcud olan ictimai-siyasi şərait də bu məsələni şərtləndirən amillərdəndir. Proseslərin hansı istiqamətdə inkişaf edəcəyi hələ məlum deyil. 

Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilərsə, xüsusilə də 2026-cı ilin mart ayına qədər siyasi proseslər Azərbaycanın və Türkiyənin maraqlarına uyğun formalaşarsa, o zaman prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Ermənistana səfər edə bilərlər. Bu isə Ermənistandakı seçkilərin nəticəsindən və konstitusiyanın dəyişdirilməsindən asıldır”. 

Seçilən
34
cebheinfo.az

1Mənbələr