AZ

"BMT səfəri sülh prosesini irəlilətmək məqsədi daşıyır" - Azərbaycanın gözləntiləri

“Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra BMT-ə üzvlük üçün müraciət etmişdir. BMT Baş Assambleyası 2 mart 1992-ci il tarixində keçirilmiş plenar iclasında qətnamə qəbul edərək Azərbaycan Respublikasının BMT-yə üzv qəbul olunmasına qərar verdi. Bu, Azərbaycanın müstəqil dövlət olaraq beynəlxalq siyasi arenaya inteqrasiya prosesində mühüm bir addım idi. Ölkəmiz BMT-in 156-cı üzvü kimi tarixə düşdü”.

 

Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib. O bildirib ki, Azərbaycan BMT Baş Assambleyasının illik ümumi müzakirələrində bir çox dəfə ən yüksək səviyyədə iştirak etmişdir.  

“Ümumilli lider Heydər Əliyev Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələrinin inkişafına xüsusi diqqət etməsi nəticəsində, müstəqillik əldə etdikdən qısa müddət sonra Azərbaycan beynəlxalq siyasi arenada öz layiqli yeri tutmuş, Ermənistan tərəfindən torpaqlarımızın 20%-nin işğalı daim bu təşkilatların gündəliyində saxlanılmışdır. Ulu Öndər ilk dəfə 1994-cü ilin sentyabr ayında BMT Baş Assambleyasının 49-cu sessiyasında çıxış edərək Azərbaycanın BMT ilə məzmunlu tərəfdaşlığının əsasını qoymuşdur. Daha sonra o, 1995-ci ilin oktyabr ayında BMT-nin 50 illiyinə həsr olunmuş xüsusi iclasda və 2000-ci ilin sentyabr ayında BMT-nin Minillik Zirvə Toplantısında çıxış etmişdir”.

Deputat xüsusilə qeyd edib ki, BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar dörd qətnamə və yeddi sədr bəyanatı qəbul etmişdir. Qətnamələrində Təhlükəsizlik Şurası Azərbaycana qarşı güc tətbiqini və onun ərazilərinin işğalını açıq şəkildə pisləmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə, beynəlxalq sərhədlərin toxunulmazlığına və ərazi əldə etmək məqsədilə gücdən istifadə edilməsinin yolverilməzliyinə birmənalı şəkildə hörmətini təsdiqləmiş, işğalçı Ermənistan silahlı qüvvələrininAzərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxmasını tələb etmişdir.

“Prezident İlham Əliyev ümumi müzakirələrində ümumilikdə dörd dəfə çıxış etmişdir. Bununla yanaşı, 2020-ci ildə Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında onlayn formatda çıxış etmişdir. Həmçinin, Azərbaycan BMT çərçivəsində humanitar, insan hüquqları, iqtisadi və mədəni məsələlərlə bağlı qəbul olunmuş bir sıra mühüm qətnamələrin əsas müəllifi olmuş, COVID-19 pandemiyasına qarşı qlobal fəaliyyətin səfərbər olunması və peyvəndlərə ədalətli və bərabərçıxışın təmin edilməsi istiqamətində ön sıralarında yer almışdır. Donor ölkə kimi Azərbaycan indiyədək 140-dan artıq xarici ölkəyə humanitar yardım göstərmişdir. COVID-19 pandemiyası dövründə Azərbaycan 80-dən çox ölkəyə maliyyə və humanitar dəstək vermişdir.

Azərbaycan 2030 Gündəliyinin icrası ilə bağlı 4 Könüllü Milli Hesabat təqdim etmiş azsaylı ölkələrdən biridir.

2020-ci ildə Cənubi Qafqazda yeni nizam, yeni reallıq yaradan tarixi Zəfərdən sonra məhz, Prezident İlham Əliyevin təşəbbüsü və müəllifliyi ilə bütün Azərbaycan xalqının gözlədiyi ədalətli sülh gündəliyi irəli sürüldü.

8 avqust tarixində “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanması, qalan iki əsas şərtin də Ermənistana qəbul etdirilməsi məhz dünyanın bir nömrəli ofisində, lider ölkənin rəhbərinin şahidliyi ilə baş tutdu.

BMT Baş katibi, 9 avqust 2025-ci il tarixli bəyanatında, ABŞ Prezidentinin şahidliyi ilə Azərbaycan Prezidenti ilə Ermənistan Baş naziri arasında imzalanmış Birgə Bəyannamə Ermənistan və Azərbaycan arasındakı münasibətlərin normallaşması istiqamətində mühüm bir addım olaraq alqışlamışdır. Bu saziş, iki ölkə arasında dialoq və etimadın artırılması üçün bir platforma yaradaraq, sülh prosesini irəlilətmək məqsədini güdür. Baş katib, Azərbaycan və Ermənistan liderlərinin bu istiqamətdəki sadiqliyini yüksək qiymətləndirmiş, davamlı söhbətlərin və etimad quruculuğunun zəruriliyini vurğulamışdır. Eyni zamanda, Cənubi Qafqazda sülhün davamlı təmini üçün BMT-nin bütün səylərə güclü dəstəyini bir daha təsdiq etmişdir.

BMT-nin 80 illiyi ərəfəsində, təşkilatda islahatların həyata keçirilməsi məqsədilə Baş katib Antonio Quterreş tərəfindən mart ayında “UN80” Təşəbbüsü irəli sürülmüşdür. Bu təşəbbüs, BMT-nin fəaliyyəti və strukturlarının müasirləşdirilməsi, eləcə də daha effektiv və imkanları daha geniş olan bir təşkilat halına gəlməsi məqsədini güdür.

“UN80” Təşəbbüsü çərçivəsində, Azərbaycanın da üzvü olduğu G77 və Çin qrupu, islahatların inkişaf etməkdə olan ölkələrə göstərilən dəstəyi azaltmaması zərurətinə diqqət çəkir. Qrup, bu islahatların məqsədinin bütün ölkələrin, xüsusilə də inkişaf etməkdə olanların, BMT-nin resurslarından daha ədalətli şəkildə faydalanmasını təmin etmək olduğunu vurğulayır. Bu yanaşma, BMT-nin global miqyasda ədalət, bərabərlik və əməkdaşlıq prinsiplərinə sadiqliyini əks etdirir”.

Pərvanə Vəliyeva son olaraq vurğulayıb ki, bu kontekstdə, BMT, həmçinin beynəlxalq əməkdaşlığı gücləndirmək, konfliktlərin həlli üçün müvafiq platforma yaratmaq və davamlı sülhü dəstəkləmək məqsədilə mühüm addımlar atmağa hazır olduğunu nümayiş etdirir. Bu təşəbbüslər, müasir dünyada sülh və təhlükəsizliyin təmin olunmasında BMT-nin rolunu daha da artırma məqsədini güdür.

Azərbaycan BMT-in ən mötəbər tədbirə COP29-a UNFCCC ilə əməkdaşlıq çərçivəsində uğurlu ev sahibliyi etdi. 2026-cı ildə isə daha iki BMT tədbirinə ölkəmiz evsahibliyi edəcək: UN-Habitatla birgə 13-cü Dünya Şəhərsalma Forumuna və UNEP-lə birgə Ümumdünya Ətraf mühit günü.

 

Fidan Vəlisoy

Seçilən
9
1
manset.az

2Mənbələr