AZ

Musiqi Azərbaycanla Ermənistanı yaxınlaşdırır - maraqlı gəlişmə

Qazaxıstanda keçirilən "Silk Way Star" beynəlxalq musiqi yarışmasının ilk mərhələsi artıq başa çatıb. Yarışmada müxtəlif ölkələrin ifaçıları öz istedadlarını nümayiş etdirərək rəqabət aparıblar. Münsiflər heyətinin qərarına əsasən, birinci yeri 126 xalla Malayziyadan olan gənc və istedadlı müğənni Yazmin Əziz qazanıb.  

İkinci pilləyə isə 122 xalla Özbəkistan təmsilçisi Madinabonu Adilova yüksəlib. Üçüncü və dördüncü yerlərdə 120 xalla Türkmənistandan Dovran Şammiyev və Gürcüstandan Avtandil Abeslamidze qərarlaşıblar. 

Yarışmanın ən çox diqqət çəkən məqamlarından biri isə musiqidən kənara çıxaraq diplomatik jest kimi qiymətləndirilə biləcək hadisə olub. Azərbaycan və Ermənistan nümayəndələri, illərlə davam edən gərginlik fonunda, bir-birilərini təmsil edən ifaçılara qarşılıqlı olaraq ən yüksək - 10 bal veriblər. İlk olaraq Azərbaycanı təmsil edən jüri üzvü erməni ifaçısı Saro Gevorgyanın çıxışını 10 balla qiymətləndirib. Cavab olaraq, erməni münsif də Azərbaycan iştirakçısı Səbinə Quluzadəyə eyni - ən yüksək xalı verib. 

Bu, "Silk Way Star" müsabiqəsinin tarixində olduğu kimi, Azərbaycan-Ermənistan münasibətləri fonunda da ilk dəfə baş verən hadisədir. Çünki indiyədək iki ölkənin nümayəndələrinin beynəlxalq tədbirlərdə, xüsusən də yarışlarda bu cür qarşılıqlı jestə getməsi qeydə alınmamışdı. Bu məqam yalnız musiqi müstəvisində deyil, həm də ictimai-siyasi planda rezonans doğurub. 

Müsabiqənin növbəti mərhələsi Çində keçiriləcək, böyük final isə noyabrın 22-də "Grand Şou" formatında baş tutacaq.  

Burada ortaya çıxan əsas sual isə budur: Azərbaycan və Ermənistanın beynəlxalq münsif kürsüsündə bir-birinə ən yüksək bal verməsi təsadüfi addımdırmı, yoxsa simvolik məna daşıyan bir jestdir? Bu addım musiqinin siyasətdən üstün olduğunu göstərən nümunə kimi qəbul oluna bilərmi? Yoxsa bu, sadəcə, konkret müsabiqə çərçivəsində peşəkar yanaşmanın nəticəsidir? 

Bəziləri bu hadisəni iki xalq arasında qarşılıqlı hörmət və tolerantlıq jesti kimi dəyərləndirir. Qeyd olunur ki, musiqi və incəsənət bəzən siyasətin çatmadığı yerlərdə körpülər yarada bilir. Digər tərəfdən, illərlə davam edən gərginlik və müharibə fonunda bu cür jestin ictimai rəydə müxtəlif reaksiyalar doğuracağı da qaçılmazdır. 

Növbəti mərhələlərdə Azərbaycan və Ermənistan təmsilçilərinin bu jesti davam etdirib-etdirməyəcəyi, həmçinin bunun geniş ictimaiyyət tərəfindən necə qarşılanacağı maraq doğurur. 

Gülyanaq

Gülyanaq Məmmədova

Mövzu ilə bağlı Xalq artisti, muğam ustadı, musiqi yarışmalarında münsif kimi iştirak etmiş Gülyanaq Məmmədova "Yeni Müsavat"a danışıb:"Əslində siyasi mövzulara heç zaman qarışmıram. Amma musiqi barədə deyə bilərəm ki, musiqinin sərhədi yoxdur. Musiqi öz dili ilə xalqlar arasında həmişə sözünü deyib və deyəcək. Lakin Azərbaycan-Ermənistan münasibətlərinə gəldikdə, biz hələ də qanlı yaddaşımızı, yaşadıqlarımızı unutmamışıq. Ona görə də açıq deyirəm: şəxsən mən onları özümə dost hesab etmirəm. 

İndi jest ediblər, bu, onların öz işidir. Mənim mövqeyim isə aydındır: "İstənilən əcnəbi ifaçı, əgər həqiqətən də gözəl bir əsəri böyük peşəkarlıqla ifa edirsə, mən ona qarşı haqsızlıq edə bilmərəm. Amma kiminsə xatirinə, hansısa jest naminə 10 bal vermək düzgün deyil. Sənət ön planda olmalıdır. Əgər qarşımdakı ifaçı həqiqətən yüksək sənət nümunəsi ortaya qoyursa, əlbəttə, layiq olduğu xalı alacaq. Amma ortada sənət yoxdursa, kim olur-olsun, mən şəxsən ona o balı verə bilmərəm". 

Aqil

Aqil Abbas

Millət vəkili Aqil Abbas isə məsələyə bu cür mövqe bildirib: "İndi Qazaxıstanda sənətçilər bir-birilərinə qarşı belə bir jest ediblər. Axı onlar sənət adamlarıdır və bu baxımdan burada qeyri-adi heç nə yoxdur. Biz də əbədi düşmən ola bilmərik. Bəzən belə jestlər insanları bir-birinə bir az da yaxınlaşdıra, mehribanlaşdıra bilər. Amma təəssüf ki, mən belə şeyləri sevmirəm. Açıq deyim: mən qətiyyən belə jest etməzdim - nə indi, nə də gələcəkdə". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
16
olaylar.az

1Mənbələr