AZ

Prezident Əliyev böyük düşünür: Azərbaycan birləşdirici və barışdırıcı missiya daşıyan ölkədir

Azər Qasımov: "Azərbaycan ərazi baxımından kiçik dövlət olsa da, regionda və dünya siyasi arenasında oynadığı rol baxımından əhəmiyyəti böyükdür "
 
 
Prezident İlham Əliyev Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına ünvanladığı məktubda qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi üçün konstruktiv addımlar atır. Dövlət başçısı bildirib ki, qarşıya qoyduğumuz əsas hədəflərdən biri regionda qarşılıqlı inama, təhlükəsizliyə və praqmatizmə əsaslanan yeni əməkdaşlıq formatının qurulmasıdır: "Hesab edirik ki, bu istiqamətdə yürüdülən məqsədyönlü fəaliyyət gələcəkdə qonşu ölkələr arasında tərəfdaşlığın daha da möhkəmlənməsinə təkan verəcək". Ölkə rəhbəri qeyd edib ki, Cənubi Qafqazda əmin-amanlığın tam təmin olunması təkcə bizim region üçün deyil, eləcə də Mərkəzi Asiya, Yaxın Şərq və Avropa üçün yeni əməkdaşlıq imkanları yaradacaq: "Dünya sürətlə dəyişir və hər gün yeni çağırışlar, yeni təhdidlər özünü büruzə verir. Müxtəlif bölgələrdə silahlı toqquşmaların baş verməsi humanitar böhranlara, texnogen qəzalara, ekoloji fəlakətlərə zəmin yaradır. Eyni zamanda beynəlxalq müstəvidə münaqişələrin alovlanması, terrorçu təşkilatların yenidən fəallaşması, eləcə də kibertəhdidlərin artması müşahidə olunur. Bütün bunlar dövlətləri qlobal xarakter daşıyan təhdidlərlə üz-üzə qoyur". Prezident bildirib ki, müasir dövrün bu cür problemlərinin həlli yeni yanaşmaların, yeni vasitələrin tətbiqini, ən əsası isə ölkələrin birgə səylərini və sıx əməkdaşlığını tələb edir: "Bu baxımdan Bakı Təhlükəsizlik Forumunun qlobal və regional təhlükəsizliyin ən aktual məsələləri barədə açıq və konstruktiv fikir mübadiləsinin aparılması üçün faydalı platformaya çevrilməsini görməkdən məmnunluq duyuruq". Dövlət başçısı qeyd edib ki, Azərbaycan Respublikası müstəqillik qazandığı ilk gündən etibarən bütün sahələrdə beynəlxalq əməkdaşlığın gücləndirilməsini daim dəstəkləyib: "Biz inanırıq ki, sabitliyə və firavanlığa yalnız dialoq və tərəfdaşlıq yolu ilə nail olmaq mümkündür. Azərbaycan yerləşdiyi bölgədə – Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi üçün konstruktiv addımlar atır. Qarşıya qoyduğumuz əsas hədəflərdən biri regionda qarşılıqlı inama, təhlükəsizliyə və praqmatizmə əsaslanan yeni əməkdaşlıq formatının qurulmasıdır. Hesab edirik ki, bu istiqamətdə yürüdülən məqsədyönlü fəaliyyət gələcəkdə qonşu ölkələr arasında tərəfdaşlığın daha da möhkəmlənməsinə təkan verəcək".

Politoloq Azər Qasımov Sherg.az-a bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev həmişəki kimi daha geniş və daha böyük fikirləşib. Ekspert vurğulayıb ki, Azərbaycan ərazi baxımından kiçik dövlət olsa da, regionda və dünya siyasi arenasında oynadığı rol baxımından əhəmiyyəti böyük olan dövlətdir:

 "Azərbaycan regionlar arasında birləşdirici və barışdırıcı missiya daşıyan ölkədir. Bu, böyük ölçüdə Azərbaycan Prezidenti İlham Əliyevin səylərinin nəticəsidir. Azərbaycanın gərgin regionlardakı rolu mühüm xarakter daşıyır. Danışıqlarda vasitəçilik Azərbaycanın proseslərə təsir edə bilmə gücünə qarşı tərəfin inamından irəli gəlir. Eyni zamanda, Azərbaycanın aktiv rol aldığı məsələlərdə nəticə alınacağına ümiddən qaynaqlanır. Azərbaycan Prezidenti təbrik məktubu ilə bizim və digər regionlara sülh üçün səylərin göstərilməsini ümumbəşəri amallar baxımından edildiyini demək istəyib. Azərbaycanın bu yolda çalışdığını qeyd edib. Sülhün hər zaman əməkdaşlığa yol açdığını qeyd etməklə digər ölkələri də bunun üçün qeyrət göstərməyə çağırıb".
Seçilən
17
1
sherg.az

2Mənbələr