AZ

"Qarabağ" FK Cənubi Qafqazın futbol lideridir – RƏSMİ RƏQƏMLƏR

Media Təhlil Mərkəzi (MTM) UEFA-nın rəsmi internet ünvanından əldə etdiyi məlumatlar əsasında Azərbaycan Klublarının Avropada ölkəmizi təmsil etməsi ilə bağlı təhlil aparıb.

Operativ Media xəbər verir ki, aparılan təhlilə əsasən məlum olub ki, artıq 12 ildir, Ağdam şəhərini təmsil edən “Qarabağ” Futbol Klubu Avropa kuboklarının əsas mərhələsində iştirak edir. Cari mövsümdə də “Qarabağ” FK 2017-ci ildəki uğurunu təkrarlayaraq yenidən qitənin ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməyi bacarıb.

Müstəqillik dövründə Ağdam təmsilçisindən başqa Avropa kuboklarının əsas mərhələsində çıxış etməyə nail olan daha iki klubumuz olub.

“Neftçi” PFK ölkəmizi Azərbaycan tarixində Avropa kuboklarının əsas mərhələsinə təmsil edən ilk klub olub. 2012/2013-cü il mövsümündə “Neftçi” PFK UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Lakin, qrup mərhələsində sonuncu pilləni tutaraq turnirdən kənarlaşıb. Bu nailiyyətdən sonra günümüzədək “Neftçi” PFK Avropa kuboklarının əsas mərhələsində iştirak edə bilməyib.

Avrokuboklarda iştirak haqqı qazanan digər klubumuz isə 2 mövsüm ard-arda UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmağı bacaran “Qəbələ” FK olub. Lakin, “Qəbələ” FK hər iki mövsümdə də qrupda sonuncu pilləni tutaraq turnirdən kənarlaşıb. Beləliklə 2017-ci ildən cari ilədək “Qarabağ” FK ölkəmizi Avropa meydanlarında təmsil edən yeganə klub olub.

Qeyd olunduğu kimi, “Qarabağ” FK ölkə tarixində ilk dəfə 2017-ci ildə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq adını futbol tarixinə yazdırıb. Qrupda sonuncu sıranı tutsa da, İspaniya nəhəngi sayılan Atletiko Madrid klubu ilə hər iki oyunda bərabərlik əldə etməsi Azərbaycan futbolu üçün böyük uğur olub.

Cari mövsümdə də UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu keçirən “Qarabağ” FK yenidən tarix yazaraq bu mərhələdə qələbə qazanan ilk Azərbaycan klubu olub. Portuqaliyanın “Benfika” klubunu 2-3 hesabı ilə məğlub edən “Qarabağ” dünya gündəminə düşüb.

Qeyd edək ki, hazırkı reytinqlərə əsasən, “Qarabağ” Avropa klubları arasında 55-ci, “Benfika” isə 10-cu sırada yer alır.

Əlavə olaraq onu da bildirək ki, “Qarabağ” FK-nın bazar dəyəri 24,83 milyon avro, “Benfika” klubunun bazar dəyəri isə 335,8 milyon avro təşkil edir.

“Qarabağ”ın rəqabət apardığı digər klublar və büdcələri ilə bağlı cədvəldən də göründüyü kimi, “Qarabağ” aşağı büdcə ilə Avropa nəhəngləri arasında yer almağı bacarıb. Hətta, “Braqa”, “Seltik” və “Renn” kimi köklü klubları qabaqlaya bilib.

Xatırladaq ki, bu reytinq xalları klubların son 5 ildə Avropa kuboklarında göstərdiyi performansa əsasən hesablanır.

Toplanan rəsmi məlumatlar da sübut edir ki, “Qarabağ” FK-nın bazar dəyəri digər klublardan kəskin şəkildə azdır. Lakin komanda az xərclə Avropada böyük uğurlar qazanmağı bacarır.

Daha dəqiq desək, 2025-ci ildə “Qarabağ”ın vəsiqə qazandığı “UEFA Çempionlar Liqasının” liqa mərhələsində yer alan klublar arasında Qarabağ büdcəsinə görə yalnız Qazaxıstanın “Kairat Almaty” klubunu (12,73 milyon avro) qabaqlayıb. Qalan 34 klubun hər birinin bazar dəyəri Qarabağ FK-dan çoxdur.

Klubların bazar dəyəri dedikdə oyunçuların bazar qiymətinin toplamı nəzərdə tutulur. Klubların bazar dəyəri məlumatları “transfermarkt.com” saytından götürülüb.

Son 10 mövsümdə Avropa kuboklarında Azərbaycan klublarının qazandığı UEFA xallarına baxsaq, burada təbii olaraq “Qarabağ” FK-nın böyük pay sahibi olduğunu görərik.

Son 10 mövsüm üzrə “Qarabağ” FK Avropa meydanlarında 58,000 xal toplayıb ki, bu da ümumi Azərbaycan klublarının qazandığı xalların 57,14%-ni təşkil edir.

Digər klubların bəziləri Avropa kuboklarının əsas mərhələsinə vəsiqə qazanmasalar da, təsnifat mərhələsində qazandığı xallar ilə “Qarabağ”ı izləyirlər.

Son 10 mövsümdə “Neftçi” PFK Avropa kuboklarında 11,500 və “Qəbələ” FK 8,500 xal qazanaraq “Qarabağ” FK-dan sonrakı iki pilləni tutub.

“Sabah” FK və “Zirə” FK 10 mövsüm ərzində hərəyə 6,000 xal toplayaraq 4 və 5-ci pilləni bölüşürlər.

“Sumqayıt” FK və “Şamaxı” FK hərəyə 4,000 UEFA xalı ilə 6 və 7-ci pillələri paylaşırlar.

Digər klublarımız isə toplamda 3,500 xal toplayıb. Bunlar “Araz-Naxçıvan” (2,000), “Səbail” (1,000) və “Kəpəz” (0,500) futbol klublarıdır.

Cənubi Qafqaz ölkələrini təmsil edən klubların son 10 mövsümdəki statistikasına baxsaq, Azərbaycanın böyük fərqlə Cənubi Qafqazda lider olduğunu görərik. Cari mövsüm də daxil olmaqla son 10 mövsüm ərzində Azərbaycan klubları Avropa kuboklarında 101,500 xal, Ermənistan klubları 55,750 xal, Gürcüstan klubları isə 46,000 xal toplayıb.

Bu illər ərzində Gürcüstan klubları arasında Avropa kuboklarının heç birinin əsas mərhələsinə vəsiqə qazanan klub olmayıb. Ermənistan klubları isə UEFA Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmağı bacarıb.

Azərbaycanı təmsil edən “Qarabağ” FK isə son 10 mövsüm ərzində Avropa kuboklarının hər üç turnirinin əsas mərhələsinə vəsiqə qazanmağı bacarıb.

Əlavə məlumat üçün bildirək ki, son 10 mövsüm ərzində “Qarabağ” FK Avropa kuboklarında 58,000 xal qazanmağı bacarıb. Bu isə Qarabağ FK-nın təkbaşına Ermənistan və Gürcüstan klublarından daha çox xal qazanması deməkdir. Göstəricilərə əsasən deyə bilərik ki, Avropada adını tanıtdıran Ağdamın “Qarabağ” Futbol Klubu Cənubi Qafqazın ən böyük komandasıdır.

Seçilən
30
7
operativmedia.az

9Mənbələr