AZ

Sevgilisinin atasının 40 minə obyekt satdığını öyrəndi: Evə basqın etdi

Bakıda sərxoş kişi sevgilisinin xəstə olduğunu bəhanə edib onun əmisinin evinə basqın edib.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Abşeron rayonu, Fatmayi qəsəbəsində baş verib. Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini, 1982-ci il təvəllüdlü Aftandil Ağayev Bakıda Gövhər adlı xanımla qeyri-rəsmi ər-arvad münasibətində yaşayır. Bir müddət əvvəl Gövhər ağır xəstəliyə tutulur və Aftandil onu müalicə etdirmək üçün maddi cəhətdən çətinlik çəkir. O, Gövhərin atasına müalicə üçün müraciət etsə də, xeyri olmur.

Bir gün Aftandil eşidir ki, İlqar Qəhrəmanov Bakı şəhərində olan obyektini 40 min manata satıb. Məlum olur ki, İ.Qəhrəmanov obyektin pulunu qardaşı Əsədə saxlamaq üçün verib. Aftandil həmin pulu oğurlamaq üçün plan qurur. O, bu məqsədlə dostu Elsevər Allahverdiyevlə məsləhətləşir və İlqarın qardaşı Əsədin evinə basqın etmək qərarına gəlirlər.

Dostlar bunun üçün qara maska, qara əlcək və bıçaqla silahlanaraq, gecə saat 1 radələrində Əsəd Qəhrəmanovun Fatmayi qəsəbəsindəki ikimərtəbəli evinə yollanırlar. Onlar evdə heç kimin olmadığını düşünərək, ikinci mərtəbənin pəncərəsindəki toru çıxararaq evə daxil olurlar. Qəfil evin zalında Əsəd Qəhrəmanovun həyat yoldaşını uzanmış vəziyyətdə görürlər və onu zərərsizləşdirmək istəyirlər.

Aftandil qadının ağzını tutaraq, bıçağı onun boğazına söykəyib pul və qızılların yerini soruşur. Qadın qışqırmağa cəhd etsə də, ona imkan vermirlər. Aftandil qadını ağzıbağlı vəziyyətdə sürüyüb mətbəxə keçirmək istəyərkən, digər otaqdan onun azyaşlı nəvəsi qarşılarına çıxır. Azyaşlı oğlan nənəsini kiminsə tutduğunu görüb qışqırır.

Bu vaxt hər iki şəxs qadını buraxıb, özlərini ikinci mərtəbənin pəncərəsindən atırlar. Hadisə nəticəsində Aftandil həyətdəki dəmir manqalın üzərinə düşür, ayaq və bədəninin müxtəlif hissələrindən xəsarət alır. Lakin onlar müxtəlif xəsarətlərə baxmayaraq, həyətdən qaça bilirlər.

Hadisə barədə ailə polisə məlumat verir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən hər iki şəxs müəyyən edilir və saxlanılır.

Abşeron Rayon Məhkəməsinin qərarı ilə onlar barəsində həbs qətimkan tədbiri seçilir.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 9 il azadlıqdan məhrum edilir.

"Cebheinfo.az" 

Seçilən
24
5
cebheinfo.az

7Mənbələr