Ölkəmizin iqtisadi potensialını, investisiya mühitini və gələcək layihələrini nümayiş etdirmək məqsədi daşıyan Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Prezident İlham Əliyevin himayəsi altında 22 sentyabrda Bakıda keçirilib. Forum iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı, xarici investisiyaların cəlbi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli bir tədbirdir. Bakıda ilk dəfə keçirilən bu Forum qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi, yeni tərəfdaşlıq əlaqələrinin qurulması, qabaqcıl ideya və layihələrin müzakirəsi baxımından da mühüm önəm daşıyır. Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkənin iqtisadiyyatının müxtəlif sahələrini inkişaf etdirmək və xarici investisiyaları cəlb etmək məqsədi daşıyan strateji bir platforma kimi çıxış edərək qlobal biznes ictimaiyyətinə Azərbaycanın investisiya potensialını təqdim etməyə və regional, beynəlxalq əməkdaşlığı gücləndirməyə geniş imkan yaradır. İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi-AZPROMO-nun təşkilatçılığı, Avropa Evi - “Ambrosetti”nin (TEHA) strateji tərəfdaşlığı, həmçinin “Euronews” və “Sea Breeze”in media və təşkilati dəstəyi ilə keçirilən bu Forum dövlət rəsmilərini, biznes liderlərini və beynəlxalq investorları bir araya gətirir. Azərbaycanın iqtisadi potensialını, investisiya mühitini və gələcək layihələrini təqdim etmək üçün əlverişli bir platforma olan bu Forumda iştirakçılar iqtisadi siyasət, rəqəmsal transformasiya, enerji keçidi və digər aktual mövzularda fikir mübadiləsi aparırlar. Bu tədbir Azərbaycanın beynəlxalq iqtisadi arenada mövqeyini daha da möhkəmləndirmək, yeni tərəfdaşlıqlar qurmaq və dayanıqlı iqtisadi inkişafı təmin etmək üçün böyük əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin müraciəti Forum iştirakçılarına onun köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov tərəfindən çatdırıldı. Prezident İlham Əliyev Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində bildirmişdir: “Ölkəmizin ərazi bütövlüyü təmin olunandan sonra Azərbaycanın səyləri ilə regionda uzunmüddətli sülh, sabitlik və dayanıqlı inkişafın əsası qoyuldu. Hazırda Azərbaycan xarici siyasətində artıq iqtisadi diplomatiyaya üstünlük verərək diqqətini yeni əməkdaşlıq əlaqələrinin qurulmasına, qeyri-neft sahələrinin, xüsusilə də ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir. Bu gün Azərbaycanda iqtisadi artım uzunmüddətli sabit trendə çevrilmişdir. 2021-2024-cü illərdə qeyri-neft sektoru hər il orta hesabla 6,7% artmış və onun ümumi iqtisadiyyatda payı 68%-ə yüksəlmişdir. Qeyri-neft ixracı son altı ildə demək olar ki, iki dəfə artmışdır. Bu da ölkəmizin rəqabət qabiliyyətinin yüksəlməsinin əyani göstəricisidir.Bütün bu nailiyyətlər ölkədə müasir istehsal infrastrukturunun qurulması ilə dəstəklənmişdir: hazırda bizdə 9 sənaye parkı və 4 sənaye məhəlləsi fəaliyyət göstərir. Burada 171 müəssisə qeydiyyata alınmış, onların 98-i artıq istehsal fəaliyyətinə başlamışdır. Sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılmış, burada 11 minə yaxın daimi iş yeri yaradılmışdır.”
Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından sonra regionda uzunmüddətli sülh, sabitlik və davamlı inkişaf üçün zəmin yaranıb. Bu yeni dövrdə ölkənin xarici siyasətinin əsas istiqamətlərindən biri də iqtisadi diplomatiya və qeyri-neft sektorunun inkişafıdır. Azərbaycan xüsusilə də turizm potensialını gücləndirərək, yeni əməkdaşlıq əlaqələrinin qurulmasına böyük diqqət ayırır. Bu məqsədlə həyata keçirilən islahatlar və layihələr nəticəsində ölkə iqtisadiyyatında davamlı artım müşahidə olunur. İki gün davam edən bu beynəlxalq əhəmiyyətli Forumda enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, rəqəmsal inkişaf, səhiyyə və daşınmaz əmlak kimi ölkə iqtisadiyyatının onurğa sütunu sayılan strateji əhəmiyyətli sahələrdə regional əməkdaşlıq və investisiya perspektivləri hərtərəfli müzakirə olundu. Bu müzakirələr yalnız mövcud vəziyyəti qiymətləndirməklə kifayətlənmədi, həm də Azərbaycanın gələcək inkişaf strategiyasında yeni yolların müəyyənləşdirilməsi və dayanıqlı iqtisadiyyatın qurulması üçün mühüm təməl rolunu oynadı. İştirakçılar bu sektorlarda potensial investisiya imkanlarını, tətbiq oluna biləcək innovativ yanaşmaları və regional tərəfdaşlıqların gücləndirilməsi yollarını müzakirə etdilər.
Forumun ilk günündə regionların strateji inteqrasiyası, tranzit imkanları, enerji və infrastruktur layihələri, innovasiyalar, yaşıl enerji, daşınmaz əmlak, şəhərsalma və dayanıqlı inkişaf mövzularında plenar iclas və dörd panel sessiyası keçirildi. Bu müzakirələr Azərbaycanın regional və qlobal əməkdaşlıqda oynadığı mühüm rolu bir daha vurğuladı. İkinci gün isə Forum iştirakçıları dövlət-özəl tərəfdaşlığı, maliyyə, səhiyyə, biotexnologiya, əczaçılıq və rəqəmsal sağlamlıq, kənd təsərrüfatı, aqrobiznes, ərzaq sənayesi, sənayeləşmə, kiçik və orta sahibkarlıq, yaşıl keçid, eləcə də sahibkarlığın inklüzivliyi kimi geniş spektrli mövzulara həsr olunmuş panel sessiyalarında iştirak etdilər. Bu sessiyalar Azərbaycanın gələcək iqtisadi inkişafı üçün yeni istiqamətlər müəyyən etdi və müxtəlif sahələrdə investisiya imkanlarını geniş şəkildə işıqlandırdı.
Ölkəmizdə investorlar üçün uzunmüddətli etimad mühitinin yaradılması, biznes layihələrinin dəstəklənməsi və dövlət-özəl tərəfdaşlıqlarının təşviqi Azərbaycanın iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyev müraciətində bu məsələlərə toxunaraq bildirib: "Ölkədə qanunun aliliyinin təminatı, hökm sürən siyasi sabitlik və sərmayələrin qorunması iqtisadi siyasətimiz üçün fundamental amil rolunu oynayır və investorlar üçün uzunmüddətli etimad mühiti yaradır. Yaradılmış infrastruktur və hüquqi təminatlar əsasında Azərbaycan biznes layihələrini dəstəkləməyə, texnologiya, investisiya və təcrübə gətirən tərəfdaşlıqları irəli aparmağa tam hazırdır. Eyni zamanda dövlət-özəl tərəfdaşlıq mexanizmləri sərmayədarlara dayanıqlı layihələrə qoşulmaq imkanı verir."
Prezidentin müraciətində vurğulanan bu məqamlar, Azərbaycanın beynəlxalq investisiya ictimaiyyətinə açıq və etibarlı tərəfdaş kimi mühüm bir mesajıdır. Ölkəmiz qanunun aliliyinin, siyasi sabitliyin və sərmayə təhlükəsizliyinin təminatı sayəsində, biznes əlaqələri qurmaq və iqtisadi inkişafı dəstəkləmək üçün tam hazırdır. Bu, təkcə xarici sərmayənin cəlb edilməsi üçün deyil, həm də yerli sahibkarlığın və dayanıqlı layihələrin inkişafı üçün möhkəm bir təməl yaradır. Dövlət-özəl tərəfdaşlıqlarının təşviqi isə gələcək layihələrin həyata keçirilməsində sinerji yaradır və Azərbaycanın beynəlxalq iqtisadiyyatda mövqeyini daha da gücləndirir.
Qeyd edək ki, ölkəmizdə iqtisadi Forumların keçirilməsi artıq ənənə halını alsa da, Bakıda baş tutan bu tədbirin özünəməxsusluğu və əhəmiyyəti xüsusi diqqət çəkir. Bu Forumun digərlərindən əsas fərqi ondan ibarətdir ki, bu, Prezident İlham Əliyevin himayəsi altında keçirilən ilk beynəlxalq investisiya Forumudur. Bu tədbir, Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra yaranan yeni iqtisadi reallıqları və geniş investisiya potensialını qlobal səviyyədə tanıtmaq məqsədini daşıyır. Avropanın tanınmış strateji tərəfdaşı "Ambrosetti" ilə əməkdaşlıq isə Forumun beynəlxalq nüfuzunu və keyfiyyətini daha da artırır. Bu Forum yalnız mövcud layihələri nümayiş etdirməklə kifayətlənmir, həm də yeni regional əməkdaşlıq modellərini, tranzit imkanlarını və bərpaolunan ərazilərdəki böyük investisiya potensialını işıqlandırır. Beləliklə, bu tədbir Azərbaycanın iqtisadi diplomatiyasında yeni bir səhifə açaraq, ölkənin beynəlxalq investisiya mərkəzi kimi mövqeyini gücləndirməyə xidmət edir.
Şəmsiyyə Əliqızı, “İki sahil”