Xəbər verdiyimiz kimi, SOCAR rəhbərinin keçmiş müavini Adnan Əhmədzadə barəsində qətimkan tədbiri seçilib. Hüquqşünas Ramil Süleymanov Metbuat.az-a açıqlamasında bildirib ki, bu qərar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 və 282-ci maddələrinə əsasən qəbul edilib: “Adnan Əhmədzadəyə qarşı Cinayət Məcəlləsinin 179-cu maddəsi – mənimsəmə, israfetmə və təqsirləndirilən şəxsə etibar edilmiş əmlakın talanması (külli miqdarda törədildikdə) ilə bağlı ittiham irəli sürülüb. Bundan əlavə, o, Cinayət Məcəlləsinin 282-ci maddəsi – Azərbaycanın müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrə, qurğulara, yollara və rabitə vasitələrinə zərər vurmaq, habelə kütləvi zəhərlənmələr və insanlar və heyvanlar arasında yoluxucu xəstəliklər yaratmaqla bağlı təxribat törətmək ittihamı ilə də məsuliyyətə cəlb olunub. Qanunvericiliyə görə, 179.3.2-ci maddə ilə ittiham edilən şəxs 5 ildən 10 ilə qədər müddətə azadlıqdan məhrum edilə bilər. 282-ci maddə ilə isə 8 ildən 15 ilə qədər həbs cəzası nəzərdə tutulur”.
Belə qənaətə gəlmək olar ki, Adnan Əhmədzadəyə 13 ildən 25 ilədək azadlıqdan məhrumetmə cəzası düşə bilər. Sevinc İbrahimzadə / Metbuat.az