AZ

Türkiyə, Suriya və İordaniya tarixi Hicaz dəmir yolunun bərpası üzrə razılığa gəliblər

Ankara, 23 sentyabr, AZƏRTAC

Türkiyə, Suriya və İordaniyanın nəqliyyat nazirləri Əmmanda keçirilən iclasda Osmanlı sultanı II Əbdülhəmidin hakimiyyəti dövründə inşa edilmiş Hicaz dəmir yolunun bərpası barədə razılığa gəliblər.

AZƏRTAC xəbər verir ki, Ankara Suriyanın ərazisində dağıdılmış 30 kilometrlik dəmir yolu sahəsinin bərpasına dəstək verməyi öhdəsinə götürüb.

Öz növbəsində, İordaniya lokomotivlərin və yolların xidmətini həyata keçirməklə layihəyə töhfə verəcək ki, bu da nəticə etibarilə Dəməşqlə dəmir yolu əlaqəsinin bərpasına imkan yaradacaq.

Bundan əlavə, Türkiyə ilə İordaniya arasında Suriya ərazisindən keçməklə 13 il əvvəl dayandırılmış avtomobil əlaqəsinin bərpası barədə də qərar qəbul olunub. Bütün bunlar Türkiyədən yüklərin İordaniyanın Əqəbə limanı vasitəsilə beynəlxalq bazarlara daşınmasının həcmini artıracaq.

Uzunluğu 1322 kilometr uzunluğu olan Hicaz dəmir yolu Osmanlı dövründə səkkiz ilə (1900–1908-ci illər) çəkilib və Dəməşqi Mədinə ilə birləşdirib. Birinci Dünya müharibəsindən sonra dəmir yolu bir neçə hissəyə bölünüb və sonradan əhəmiyyətini itirib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
16
2
azertag.az

3Mənbələr