AZ

Zakir İbrahimov: Strateji layihə ölkəmizin ÜDM-nə ildə təxminən 694 milyon ABŞ dolları həcmində töhfə verəcək

Zakir
“Ölkə başçısı, möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar, xüsusilə də qeyri-neft sənayesinin inkişafına yönəlmiş dövlət proqramları Azərbaycan iqtisadiyyatının diversifikasiyası üçün yeni imkanlar açır”. 1news.az xəbər verir ki, bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir Ibrahimov brifinqdə deyib.
“Bu müsbət meyillər ölkənin aparıcı mədən şirkəti kimi bizim qarşımıza da böyük hədəflər qoyur” - deyə sədr əlavə edib:
“2016-cı ildən əlvan metal filizi yataqlarının işlənməsi, idarəolunması və bu sahənin inkişafı ilə bağlı aktiv fəaliyyət göstərən “AzerGold” QSC-yə 2020-ci ildən qara metal filizi yataqları ilə bağlı vəzifələr həvalə edilib. “AzerGold” tərəfindən Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq ölkə ərazisində dəmir filizi yataqları üzrə fəaliyyətin təşkili məqsədilə, törəmə şirkət qismində “Daşkəsən Dəmir Filiz” MMC təsis edilib. “Daşkəsən Dəmir Filiz” MMC dəmir filizi yataqlarının istismara verilməsi, beynəlxalq standartlara uyğun qiymətləndirilməsi və müasir texnologiyalarla səmərəli idarə edilməsi istiqamətində genişmiqyaslı işlər həyata keçirməkdədir. İlk növbədə qeyd edim ki, Daşkəsən dəmir filizi yataqlarının işlənməsi ölkəmiz üçün böyük iqtisadi səmərələr vəd edən irimiqyaslı layihədir. Bununla belə, yataqlardakı filizlərin dəmir tərkibinin ortalama 40%-ə yaxın təşkil etməsi, üstəlik filizlərin yerin daha dərin qatlarında yerləşməsi, eləcə də ölkəmizin beynəlxalq sulara birbaşa çıxışının olmaması layihənin əməliyyat və logistika xərclərinin ciddi şəkildə artmasına səbəb olur. Bu amillər isə öz növbəsində, əlavə dəyər qazandıran məhsulların istehsalı zərurətini ortaya çıxarır. Bütün bunları nəzərə alaraq, layihənin effektiv icrasını təmin etmək məqsədilə beynəlxalq nüfuzlu məsləhətçi şirkətlərin iştirakı ilə optimal texnoloji həll yolu müəyyən edildi. Bu yanaşma, üç mərhələli istehsal zəncirini - > 67% dəmir tərkibli daha keyfiyyətli konsentratın, pellet və isti briketlənmiş dəmirin (İBD) istehsalını əhatə edir”. Z.İbrahimov deyib ki, sözügedən dəyər zəncirinin qurulması üçün tələb olunan təqribi investisiya həcmi 1,2 milyard ABŞ dolları təşkil edir. “Layihənin icrası paralel şəkildə iki əsas hissədən ibarət olaraq nəzərdə tutulur: 1-ci hissə: Zənginləşdirmə və pellet istehsalı Həyata keçirilmiş ilkin qiymətləndirmə çərçivəsində aparılan geoloji tədqiqatlar nəticəsində yataqlar üzrə 70 milyon ton artım qeydə alınıb, ümumilikdə isə yerin təkində 187,3 milyon ton dəmir filizi ehtiyatı təsdiqlənib. Bu həcm potensial olaraq gələcəkdə yataqların 15 il əlavə istismarı deməkdir. Hazırda bu mərhələ üzrə yekun bank təyinatlı Texniki-İqtisadi Qiymətləndirmə prosesi həyata keçirilir. Proses çərçivəsində geoloji, metallurji, texniki və iqtisadi təhlillər tamamlandıqdan sonra, layihənin bu hissəsi üzrə tikinti-quruculuq işlərinə başlanılacaq. 2-ci hissə: İBD zavodunun yaradılması Layihənin ikinci mərhələsi illik 2 milyon ton istehsal gücünə malik İBD zavodunun qurulmasını əhatə edir. Bu mərhələ layihənin əsas kapital yüklü komponentidir. Ümumi investisiya dəyəri təqribən 700 milyon ABŞ dolları təşkil edir. Məhz bu mərhələnin icrası məqsədilə Qazaxıstanın investisiya şirkəti “Fonte GreenMet Investments Fund” ilə strateji əməkdaşlıq qurulub. Bu əməkdaşlığın nəticəsi olaraq, “Daşkəsən Dəmir Filiz” MMC və “Fonte GreenMet Investments Fund” tərəfindən birgə müəssisə - “Azerbaijan Metal Company” MMC təsis edilib”.
Sədr deyib ki, bu təşəbbüs, ölkəmizdə ilk dəfə olaraq birbaşa reduksiya texnologiyası əsasında irihəcmli istehsalat kompleksinin yaradılmasına imkan verəcək. “Azərbaycanın sənaye və mədən sektorunun inkişafına, ixrac potensialının artırılmasına, həmçinin müasir texnologiyaların tətbiqi və beynəlxalq təcrübənin yerli istehsalata inteqrasiyasına xidmət edəcək. Strateji layihə ölkəmizin ÜDM-nə ildə təxminən 694 milyon ABŞ dolları həcmində töhfə verəcək, regionda məşğulluğu böyük ölçüdə artıraraq, 1600 nəfərə qədər yerli mütəxəssisin işlə təminatına imkan yaradacaq.
Daşkəsən dəmir filizi layihəsinin hər iki mərhələsinin kompleks şəkildə icrası regiona daha böyük sosial-iqtisadi dividendlər qazandıracaq. Birbaşa və dolayı təsirlər nəticəsində təxminən 4000 iş yerinin yaradılmasına imkan yaratmaqla, əməliyyatlara başlanıldıqdan sonrakı dövr ərzində ölkə üzrə ÜDM-yə təqdribən 13 milyard ABŞ dolları həcmində töhfə verəcək. Bu investisiya təkcə sənaye və mədən sahələrinin inkişafını stimullaşdırmaqla kifayətlənməyəcək, eyni zamanda regionda logistika, xidmət və infrastruktur sahələrində əlavə canlanma yaradacaq. Bu yanaşma, ixracyönümlü məhsul istehsalına və ölkəmizin polad sənayesinin xammal təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edəcək. Mərhələli şəkildə həyata keçiriləcək bu proses genişmiqyaslı sənaye sinerjisi yaradacaq, yerli və regional bazarlar üçün rəqabətqabiliyyətli məhsul istehsalı təmin olunacaq”. “Yeni təsis edilmiş “Azerbaijan Metal Company” MMC-nin idarə edilməsi barədə müqavilənin bu gün məhz burada imzalanması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında təşkil edilən Beynəlxalq İnvestisiya Forumunun əsas nəticələrindən biridir” - Z.İbrahimov əlavə edib:

“Yüksək təşkilatçılıq və investisiya imkanlarının tanıdılması və yeni iqtisadi əməkdaşlıqların qurulması üçün yaradılan əlverişli şəraitə görə İqtisadiyyat Nazirliyinə və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə təşəkkür edirəm. Əminəm ki, bu əməkdaşlıq iki dost və tərəfdaş ölkə - Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verəcək”.

Seçilən
32
2
1news.az

9Mənbələr