AZ

İki övladını öldürüb cəsədlərini illərlə çamadanlarda saxladı

İki övladını öldürüb cəsədlərini illərlə çamadanlarda saxladı

Yeni Zelandiyalı ana iki uşağını öldürməkdə və cəsədlərini illərlə çamadanlarda gizlətməkdə günahkar bilinib. Oklend Ali Məhkəməsində keçirilən prosesdə münsiflər heyəti psixi cəhətdən qeyri-sabit olduğunu iddia edən 45 yaşlı Hakyunq Linin müdafiəsini rədd edib.

Li 2018-ci ilin iyununda Minu Co (6) və Yuna Co (8) adlı uşaqlarını öldürməkdə ittiham olunurdu. Uşaqların qalıqları 2022-ci ilin avqustunda Oklenddə tərk edilmiş bir anbar sahəsindəki çamadanların içindən tapılıb.

Hadisədən sonra Li Cənubi Koreyaya gedib və adını dəyişib. Lakin o, 2022-ci ildə ekstradisiya edilib və məhkəmə qarşısına çıxarılıb.

Prokurorluğun məlumatına görə, cinayətlər Linin həyat yoldaşının xərçəngdən ölümündən yeddi ay sonra baş verib. Li uşaqlarını öldürdüyünü inkar etsə də, psixi sağlamlığının yerində olmadığını iddia edib. Münsiflər heyəti isə qısa müddətdə verdiyi qərarla bu müdafiəni qəbul etməyib.

Li illərlə icarəyə götürdüyü anbarın ödənişini edə bilməyincə, içindəkilər hərracda satılıb. Çamadanları alan şəxslər uşaqların cəsədlərini tapıblar.

Hakim Geoffrey Venning Linin 26 noyabr tarixinə qədər həbsdə qalmasına qərar verib. Yeni Zelandiya qanunlarına görə cinayət ömürlük həbs cəzası tələb edir və ən azı 10 il cəza çəkənə qədər şərti azadlığa buraxıla bilməz.

Dinləmələr zamanı narahat olacağına görə Liyə prosesi başqa otaqdan müşahidə etmək icazəsi verilib. Qərar günü isə o, zalda başını aşağı salmış, saçları ilə üzünü örtmüş vəziyyətdə müşahidə olunub.

Seçilən
10
afn.az

1Mənbələr