AZ

Bahar Muradova BMT-nin Qadınlara dair Dördüncü Dünya Konfransının otuzuncu ildönümünə həsr olunmuş Yüksək Səviyyəli İclasda çıxış edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Nyu-York şəhərindəki mənzil-qərargahında keçirilən Qadınlara dair Dördüncü Dünya Konfransının otuzuncu ildönümünə həsr olunmuş Yüksək Səviyyəli İclasda çıxış edib.

“Gender bərabərliyinə, bütün qadınların və qızların səlahiyyətlərinin artırılmasına nail olmaq üçün Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının yenilənməsi, resursların ayrılması və icrasının sürətləndirilməsi” mövzusunda keçirilən iclasda üzv dövlətlərin məruzələri dinlənilib.

Bahar Muradova Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının illərdir gender bərabərliyi, qadınların və qızların səlahiyyətlərinin artırılması istiqamətində beynəlxalq səylərə istiqamət verdiyini qeyd edərək, bərabərlik, inkişaf və sülh məqsədlərinə sadiqliyin dəyişməz olduğunu vurğulayıb. O, bu sahədə son 30 ildə göstərilən qlobal səylərin mühüm nəticələr doğurduğunu diqqətə çatdıraraq, Azərbaycanda da qadınların təhsil, səhiyyə, məşğulluq və qərarqəbuletmədə iştirakının gücləndirilməsi üçün ardıcıl islahatların aparıldığını deyib.

Qadın əməyinin qadağan olunduğu sahələrin sayının minimuma endirildiyini, ödənişli atalıq məzuniyyətini nəzərdə tutan qanun layihəsinin hazırlandığını, məişət zorakılığı, uşaq evlilikləri və qohum nikahlarını tənzimləyən qanunvericilik bazasının təkmilləşdirildiyini, nikah yaşı ilə bağlı istisnaların ləğv edildiyini diqqətə çatdıran Dövlət Komitəsinin sədri bildirib ki, bütün bunlar həm qadınların hüquqlarının qorunmasına, həm də ailə və cəmiyyət arasında bağların möhkəmlənməsinə xidmət edir. O qeyd edib ki, xüsusilə azad olunmuş ərazilərdə yaradılan müasir infrastruktur, smart şəhər və kəndlər, rəqəmsal xidmətlər və inkubasiya proqramları əhaliyə bərabər imkanlar  təmin etməkdədir.

Azərbaycanın  qlobal təşəbbüslərə də mühüm töhfələr verdiyini vurğulayan B. Muradova cari ilin iyul ayında ölkəmizdə ilk dəfə İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumunun keçirildiyini, eləcə də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində Qadınlar Şurasının yaradılması təşəbbüsünün irəli sürüldüyünü diqqətə çatdırıb. O qeyd edib ki, üzv ölkələrin dəstəklədiyi bu orqan qadınların təhsil, əmək bazarı, iqlim və sülh quruculuğu, habelə qadın hüquqları və gender bərabərliyi sahəsində AQEM  çərçivəsində əməkdaşlıq və dialoqu təşviq edəcəkdir.

 

 

Seçilən
19
6
ikisahil.az

10Mənbələr