AZ

Azərbaycanda dini tolerantlıq kağız üzərində deyil

ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İlahiyyatçı: “Yüz illərdir yəhudilər və digər icmalar Azərbaycanda qarşılıqlı hörmətlə yaşayır”

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını onların yeni il bayramı - Roş ha-Şana münasibətilə təbrik edib. Dövlət başçısı vurğulayıb ki, tarixən mütərəqqi tolerantlıq ənənələrinin və yüksək birgəyaşayış mədəniyyətinin hökm sürdüyü Azərbaycanda yəhudi icmasının özünəməxsus yeri var. Ölkə rəhbəri qeyd edib ki, cəmiyyətimizin ayrılmaz hissəsi olan yəhudilər yüz illərdir ki, digər xalqların və konfessiyaların nümayəndələri ilə birlikdə əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar. Müasir dünyamızda Azərbaycan antisemitizmin, ksenofobiya və etnik-dini dözümsüzlüyün mövcud olmadığı nadir məkanlardan biridir: 

"Mədəni müxtəlifliyin qorunub saxlanılması, etnik azlıqların dil və mədəniyyətinin inkişafı, multikultural dəyərlərin təşviqi Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Yəhudiəsilli vətəndaşlarımız ictimai-siyasi həyatın bütün sahələrində yaxından iştirak edir, cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin daha da gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə layiqli töhfələr verirlər. Roş ha-Şana yeniliyin, mənəvi saflığın, xeyirxahlıq və həmrəylik duyğularının rəmzidir. Bu əziz gündə bir daha hər birinizə bayram təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram. Bayramınız mübarək olsun!". Müasir dünyada etnik və dini zəmində qarşıdurmaların, ksenofobiya və dözümsüzlük hallarının geniş yayıldığı bir zamanda Azərbaycan tolerantlıq və multikulturalizm nümunəsi kimi fərqlənir. Prezident İlham Əliyevin yəhudi icmasına ünvanladığı təbrikdə də vurğulandığı kimi, ölkəmizdə antisemitizmə, ksenofobiyaya və etnik-dini ayrı-seçkiliyə yer yoxdur. Azərbaycanda mədəni müxtəlifliyin qorunması, etnik azlıqların dil və mədəniyyətlərinin inkişafına dövlət səviyyəsində dəstək göstərilməsi, multikultural dəyərlərin təşviqi dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Yəhudiəsilli vətəndaşların ictimai-siyasi həyatda fəal iştirakı və cəmiyyətin milli-mənəvi həmrəyliyinə verdikləri töhfələr isə bu siyasətin bariz göstəricisidir. 

Milli və dini müxtəliflik tarix boyu ölkəmizdə insanlar arasında fərq yaradan amil hesab edilməyib və indi də belədir. Hər zaman olduğu kimi, bu gün də Azərbaycanda bütün dini inanclara, adət-ənənələrə hörmətlə yanaşılır, fərqli dini mənsubiyyətli insanlara heç bir dözümsüzlük yoxdur və hətta ölkəmizdə yaşayan digər etnik qruplara məxsus olan tarixi, dini, eləcə də, mədəni abidələrə hörmətlə, qayğı və diqqətlə yanaşılır. Məhz bu baxımdan da ölkəmizdə dini və milli tolerantlıq, millətlərarası münasibətlər daim inkişaf etməkdədir. Azərbaycanda İslam mədəniyyətinə məxsus olan abidələr, eləcə də maddi-mədəniyyət nümunələri ilə yanaşı, digər dinlərə məxsus abidələr də dövlətin diqqət və qayğısı ilə əhatə olunub və qorunmaqdadır. Bütün dinlərə məxsus insanlara və milli etnik fərqliliyi olan xalqlara öz bayramlarını, hətta dini rituallarını belə keçirmək üçün şərait yaradılıb və bu baxımdan da cəsarətlə deyə bilərik ki, dini və milli tolerantlıq, millətlərarası münasibətləri inkişaf etməkdə olan Azərbaycan bütün dünya ölkələri üçün tolerantlıq nümunəsi sayılır. Həyatın bütün sahələrində rasional və praqmatik islahatlar ölkəmizdə həyata keçirilir və Azərbaycan həm də sivilizasiyalararası münasibətlərin tənzimlənməsində belə mühüm rol oynayır. Bütün dünya ictimaiyyəti üçün sirr deyil ki, ölkəmizdə multikultural cəmiyyət var. Xüsusilə qeyd etmək lazımdır ki, belə bir cəmiyyətin formalaşdırılması heç də kənardan göründüyü qədər sadə, bəsit bir məsələ deyil. Belə bir cəmiyyətin, belə bir mühitin formalaşması üçün əsrlərlə vaxt tələb olunur. Ona görə də cəsarətlə deyə bilərik ki, məhz dini və milli tolerantlıq, eləcə də millətlərarası münasibətlərin inkişaf etdirilməsi istiqamətində çox böyük, həm də məqsədyönlü işlər görülüb. Dözümlülük, eləcə də başqalarına məxsus dəyərlərə hörmətlə yanaşılması hər zaman müsbət amil kimi dəyərləndirilib. Məhz ölkəmizdə müşahidə olunan multikultural dəyərlərə hörmətin də əsasında bu məqamın dayandığını nəzərdən qaçırmaq olmaz. Elə məhz nəzərdən qaçırılmadığına görə də dini tolerantlığın və millətlərarası münasibətlərin inkişaf etdirilməsi istiqamətində Azərbaycanda mühüm, vacib addımlar atılır. Ölkəmizdə dini etiqad seçiminə hörmətlə yanaşılır. Eyni zamanda dini etiqad azadlığı beynəlxalq hüquq normaları ilə qorunur. Respublikamızda fəaliyyət göstərən hər bir dini icmaya sərbəst şəkildə, maneəsiz fəaliyyət göstərmək üçün şərait də yaradılıb. Müxtəlif dinlərin nümayəndələrinə olan diqqət və qayğı Azərbaycan hökumətinin məhz din siyasətində prioritet sayılır. Təsadüfi deyil ki, ölkəmizdə məhz bu siyasət sayəsində dövlətimiz dini icmalara xüsusi həssaslıqla yanaşır, hər il dövlət büdcəsindən onlara yardımlar ayrılır, dini bayram və mərasimlər hətta dövlət səviyyəsində belə qeyd edilir.

İlahiyyat üzrə fəlsəfə doktoru, ilahiyyatçı-alim Əkrəm Həsənov "Sherg.az"a bildirib ki, Azərbaycanın tolerantlıq ənənələri təkcə bu günün reallığı deyil, əsrlərin sınağından çıxmış bir dəyərdir. Ekspertə görə, dövlət başçısının yəhudi icmasına bayram münasibətilə ünvanladığı təbrik, əslində, bu ənənələrin davamlılığının rəsmi təsdiqidir: 

"Yüz illərdir ki, Azərbaycanda yəhudilər və digər icmalar qarşılıqlı hörmət və etimad şəraitində yaşayır, ölkənin sosial, mədəni və iqtisadi həyatında fəal rol oynayırlar. Ən mühüm məqam odur ki, Azərbaycanda dini və milli müxtəliflik heç vaxt qarşıdurma səbəbinə çevrilməyib, əksinə, zənginliyin göstəricisi kimi qəbul edilib. Dünya miqyasında antisemitizmin, dini ayrı-seçkiliyin və radikal münasibətlərin gücləndiyi bir vaxtda ölkəmizdə yəhudilərin təhlükəsiz və rahat yaşaması təsadüfi deyil. Bu, həm dövlət siyasətinin, həm də xalqımızın qədim tolerantlıq mədəniyyətinin nəticəsidir. Burada əsas prinsip insanın dini və ya milli mənsubiyyətinə görə deyil, onun insani keyfiyyətlərinə görə dəyərləndirilməsidir. Ona görə də İsrail hökumətinin beynəlxalq arenada atdığı addımlar, yürütdüyü siyasət Azərbaycan cəmiyyətində yaşayan yəhudilərə münasibətdə heç bir mənfi fon yaratmır. Çünki biz insanların əqidəsini dövlətlərin siyasəti ilə eyniləşdirmirik".

Ə.Həsənov əlavə edib ki, Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, yəhudi icması Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsidir:

"Onların burada öz ənənələrini, dini bayramlarını sərbəst şəkildə qeyd etməsi, ibadət yerlərinin fəaliyyət göstərməsi, dövlət səviyyəsində diqqət və qayğı görməsi Azərbaycanın nə qədər sağlam bir model təqdim etdiyini sübut edir. Əslində, bu, həm də bütün dünyaya bir mesajdır. Müxtəlif dinlərin, mədəniyyətlərin və xalqların sülh içində yaşaması mümkündür. Azərbaycan nümunəsi göstərir ki, dini tolerantlıq kağız üzərində deyil, real həyatda yaşanır. Məhz bu səbəbdən, Azərbaycanda yəhudilərə qarşı təzyiq və ya ayrı-seçkilikdən söhbət belə gedə bilməz. Əksinə, onların cəmiyyətimizdə oynadığı rol yüksək qiymətləndirilir, dövlət və xalq olaraq bu birgəyaşayış mədəniyyətinə xüsusi dəyər verilir. Azərbaycanın fərqləndirici üstünlüyü də elə bundadır ki, burada dini və milli müxtəliflik parçalanma yox, birləşdirici amil kimi qəbul olunur".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
sherg.az

2Mənbələr