AZ

Beynəlxalq vebinara 20-dən artıq ölkənin 89 mütəxəssisi qatılıb - FOTOLAR

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının Avropa üzrə Mərkəzi statusunu daşıyan Bakı şəhərində, qitənin 20-dən artıq ölkəsinin təmsil olunduğu beynəlxalq vebinar təşkil olunub. Beynəlxalq Məşqçi Lisenziyası (ICL), Məşqçilərin Təhsili və İnkişafı Yolları mövzusunda keçirilən və 2025–2028-ci illəri əhatə edən vebinarda 20-dən artıq ölkədən 89 mütəxəssis iştirak edib. SİA xəbər verir ki, tədbirə Azərbaycandan AAF prezidenti Kamran Nəbizadə, vitse-prezident Firdovsi Umudov, federasiyanın İdarə Heyətinin üzvü Fəxri Mehdiyev, yığma komandamızın məşqçiləri və idmançılar qatılıblar.
Vebinarı giriş sözü ilə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə açıq elan edib. Çıxışı zamanı beynəlxalq vebinarın əhəmiyyətindən danışan Kamran Nəbizadə, Beynəlxalq və Avropa Ağırlıqqaldırma Federasiyaları prezidentlərinin Azərbaycana səfərlərini xatırladıb. Göstərilən etimada görə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Calud və Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrit Hasaniyə minnətdarlığını bildirən AAF rəhbəri, vebinar iştirakçılarına uğurlar arzulayıb. M.Calud və A.Hasani də tədbir iştirakçılarını salamlayaraq, bu kimi tədbirlərin təşkilində ölkəmizin böyük təcrübəyə malik olduğunu diqqətə çatdırıblar.
Daha sonra qərargahı Bakıda yerləşən Avropa Ağırlıqqaldırma Olimpiya Akademiyasının təntənəli açılışı olub. Bildirilib ki, Akademiyanın istifadəyə verilməsi ağırlıqqaldırma idman növünün bütün dünyada təbliği istiqamətində atılan mühüm addımdır.
Qeyd olunub ki, akademiyanın fəaliyyətə başlaması ərəfəsində ağırlıqqaldırma növündə tarixi uğura imza atılıb. Belə ki, Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən ağırlıqqaldırma növü dünyanın ən nüfuzlu idman yarışı olan Yay Olimpiya Oyunlarında 10 deyil, 12 çəki dərəcəsi ilə təmsil olunacaq.
Daha sonra vebinarda məşqçi təhsili və təcrübəsinin əsas sahələrini əhatə edən proqram təqdim edilib.
Vebinar iştirakçıları, antidopinq, ağırlıqqaldırmada ümumi zədələr, marşal cədvəli və digər mövzularla bağlı hazırlanmış təqdimatlarını nümayiş etdiriblər.
Antidopinq sahəsi üzrə təqdimatla AMADA-nın təhsil məsələləri üzrə aparıcı mütəxəssisi Qüdrət Səfərov çıxış edib.
Vebinarın sonunda Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının Məsləhət Qrupunun üzvü Firdovsi Umudov çıxış edərək tədbir iştirakçılarına təşəkkür edib. O bildirib ki, Azərbaycanda yerləşən Avropa Ağırlıqqaldırma Olimpiya Akademiyası fəaliyyətini bundan sonra da uğurla davam etdirəcək.
Qeyd edək ki, vebinar iştirakçılarına Avropa Ağırlıqqaldırma Federasiyası tərəfindən sertifikatlar təqdim olunacaq.

Seçilən
16
10
sia.az

10Mənbələr