AZ

Antiterror şəhidi Elçin İbrahimli yad edildi

Antiterror şəhidi Elçin İbrahimli anım günündə qürurla  yad edirik 
     19 sentyabr 2023-cü il tarixdə antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi.Lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələr 24 saatdan da az müddət ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir.
    Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
    Təbii ki, bütün bunlar qəhrəman Azərbaycan əsgər və zabitinin peşəkarlığı, fədakarlığı sayəsində baş verdi.  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu 44 günlük Vətən Müharibəsində, 2022-ci ilin sentyabrda “Qisas” əməliyyatında iştirak etmiş və  “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş Elçin İbrahimli də həmin Vətən övladlarından biridir. 
     İbrahimli Elçin Sadiq oğlu 1997-ci il sentyabr ayının 26-da Şərur rayon Yengicə kəndində anadan olub. O, ilk təhsilini Şərur rayonu Yengicə kənd tam orta məktəbində  alıb. 2012-2015-ci illərdə Heydər Əliyev adına Hərbi liseydə təhsilini davam etdirib. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində mühəndis-istehkamçı ixtisasına yiyələnmişdi.
     Elçin İbrahimli  Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal anti-terror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
   Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elçin İbrahimli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Vətən uğrunda” medalı və  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. 
    Ailəli idi. Şəhid Baş Leytenant İbrahimli Elçin Sadiq oğlu uğrunda canını fəda etdiyi torpağa  Şərur şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
     Elçin və onun kimi vətənpərvər övladların fədakarlıqları, keçdikləri döyüş yolu gələcək nəsil üçün bir nümunədir. Onların əziz xatirəsi hər zaman bizimlə yaşayacaq.
    Ruhu şad olsun.
    Bəxtiyar Əliyev
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi



Seçilən
7
1
herbiand.az

2Mənbələr