AZ

Deputat: “Şəhər təsərrüfatında özbaşınalıq davam edir, axşam yatırsan, səhər görürsən ki, binanın çıxışında obyekt qurublar”

“Yeni tikilən binalarla bağlı uzun müddətdir ki, söz-söhbət gedir. Bəzi binaların keyfiyyətli tikildiyi bildirilsə də, bir çox binaların keyfiyyətsiz tikilməsi barədə ortada faktlar var. Dəfələrlə şahidi olmuşuq, kütləvi informasiya vasitələrində verilən məlumatlarda da görmüşük, insanlar özləri də çəkib, sosial şəbəkələrdə paylaşırlar. Bu binaları tikənlər müəyyən boşluqlardan istifadə edirlər. Görünür, kiməsə güvənirlər, yaxud ciddi səhlənkarlığa yol verirlər. Cəzasız qalacaqlarına əmin olduqları üçün belə etibarsız binaları tikib təhvil verirlər. Faktiki bu adamlar tikinti dəllallarıdır. Fövqəladə Hallar Nazirliyi və digər müvafiq dövlət orqanları binaları təhvil almadan onları istifadəyə vermək olmaz. Çünki binalara su, qaz çəkilməli, digər işlər görülməlidir. Əks halda heç kim o binalarda girib yaşamaz. Adamlar pullarını geri istəyə, tikinti şirkətini məhkəməyə verə bilərlər. Binaların tikilməsinə “yuxarıdan aşağı” kim icazə veribsə, binaların özülündən başa qədər yoxlama səlahiyyətinə də malik olmalıdır. Adicə binanın özülünə beton tökürlər, heç kim yoxlamır. Birinci tikilir, heç kim yoxlamır, ikinci, üçüncü... On altı-on yeddi mərtəbəli binalar tikilib, indi bəlli olur ki, belə ciddi problemlər var”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev deyib.

 

O bildirib ki, vaxtilə tikinti bumunda çox böyük özbaşınalıqlar olub: “Şəhərsalma təsərrüfatına zidd, şəhərin Baş Planı əleyhinə çoxmərtəbəli binalar tikiblər. Məsələn, Xırdalanda küçələr həddindən artıq balacadır. Yerli icra orqanlarından tutmuş tikintiyə məsul olan orqanların hamısının bu işdə böyük məsuliyyəti var. Hesab edirəm, indi də gec deyil. Kim bunlara icazə verib? Kim nəzarət etməlidirsə, etməyib. Binanı tikən dəllallıq edib. Hamısı qanun qarşısında cavab verməlidir. Nəzarət olmalıdır. Azərbaycan heç nədən sığortalanmayıb. Allah uzaq eləsin, istənilən vaxt zəlzələ də, digər təbii fəlakətlər də ola bilər. Binaların əksəriyyətinin girişində obyektlər tikirlər. Faktiki binaların həyətinə yanğınsöndürən maşınların girməsi mümkün deyil. Bu proses indi də davam edir. Şəhər mərkəzində istənilən məhəlləyə gedin, böyük əksəriyyətində giriş-çıxış həddindən artıq məhdudlaşıb. Təəssüf ki, şəhər təsərrüfatında özbaşınalıq davam edir. Axşam yatırsan, səhər görürsən ki, binanın çıxışında obyekt qurublar. Məlumdur ki, tikinti sahəsində xeyli dələduzluq halları olub. Çox sayda adam həbs olunub. Proses isə davam edir. Bir mənzil bir neçə adama satılır. Bunların hər birinin qarşısını almaq üçün binaların tikintisinə icazə veriləndə eyni zamanda həmin tikintiyə nəzarət də olmalıdır. Bizdə isə bu nəzarət ilkin dövrdən yoxdur. Bir hadisə baş versə, bizi böyük fəlakət gözləyir”.

 

Aytəkin Qardaşova

Tarix: 23 Sentyabr 2025, 11:20   
Seçilən
18
1
pravda.az

2Mənbələr