AZ

Pensiyalarla bağlı MÜHÜM YENİLİK

Azərbaycanda özəl pensiya fondlarının yaradılması vətəndaşların diqqətində olan məsələdir. Artıq bununla bağlı işlərə start verilib. Ötən günlərdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, hazırda bu istiqamətdə qanunvericilik bazası hazırlanır və razılaşdırma mərhələsindədir. Onun sözlərinə görə, sənədin parlamentin payız və ya gələn ilin yaz sessiyasında təqdim olunacağı gözlənilir.

Özəl pensiya fondu nələri dəyişə bilər?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimli deyib ki, özəl pensiya fondları ölkədə pensiya artımının dayanıqlılığını təmin edə, həmçinin pensiyaların indeksasiyasına müsbət təsir göstərə bilər:

“Gələcəkdə vətəndaşların pensiya məbləğinin tam şəkildə varislərinə ötürülməsinə də dəstək ola bilər. Beynəlxalq təcrübədə bəzi hallarda özəl pensiya fondları vəsaitlərin saxlanması ilə bağlı yüksək faiz dərəcələri təklif edir. Yəni banklarda olduğu kimi onlar depozitlər və müxtəlif investisiya layihələri təqdim edərək pensiya alanların gəlirlərini artırmağa imkan yaradır. Bu isə təqaüdçülərin daha yüksək pensiya almasına şərait yaradır. Digər tərəfdən, özəl pensiya fondları vasitəsilə dövlət büdcəsinin yükünün azalması, həmçinin pensiya artımlarının indeksasiyasına əlavə müsbət təsirlərin olması mümkündür”.

İqtisadçı qeyd edib ki, özəl fondların inkişafı maliyyə bazarının genişlənməsinə və investisiya imkanlarının çoxalmasına da şərait yaradacaq:

“Belə fondlar vətəndaşlarda maliyyə savadlılığını artıraraq uzunmüddətli planlaşdırma vərdişlərinin formalaşmasına gətirib çıxarır. Həmçinin pensiya təminatında rəqabət mühiti yaradaraq xidmətlərin keyfiyyətini yüksəldə bilir. Özəl pensiya fonduna qoşulmaq üçün vətəndaş müəyyən şərtlərə cavab verməlidir. Bunlar arasında rəsmi iş stajı, əməkhaqqından müəyyən faizlə fonda ödəniş etmək və müvafiq yaş həddi yer alır. Fonddan vaxtından əvvəl çıxarış halları isə yalnız qanun layihəsi qəbul edildikdən sonra məlum olacaq”.

Seçilən
16
2
konkret.az

3Mənbələr