AZ

Qərbi Azərbaycan Xronikası: "Qaraqoyunlular Dəniz xandan törəyənlərdir"

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Jurnalist Rufik İsmayılovun müsahibi tarixçi, politoloq Qələndər Muxtarlı olub.
 
O, ata-baba yurdu Göyçə mahalından, Basarkeçər rayonunun Qaraqoyunlu kəndindən söhbət açıb. Bildirib ki, Göyçə qədim tarixə malik ərazidir. Bu bölgə haqqında tarixi mənbələrdə ilk məlumatlar XV əsrə aiddir. Böyük Qaraqoyunlu kəndi də Göyçə mahalının ərazisində yerləşən tarixi kənddir. 1919-cu ildə bu kəndin sakinləri erməni silahlı birləşmələrinin hücumuna məruz qalıb və yaşayış məntəqəsini tərk ediblər. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə qayıda biliblər. Lakin 1988-ci ildə yenidən erməni millətçilərinin fiziki-mənəvi təzyiqlərinə məruz qalan Qaraqoyunlu sakinləri Qərbi Azərbaycanda yaşayan digər soydaşlarımız kimi ata-baba yurdunu birdəfəlik tərk etmək məcburiyyətində qalıblar.
 
Q.Muxtarlı deyib ki, mənşəcə oğuzların Yivə boyundan olan Qaraqoyunlular Yaxın və Orta Şərqin tarixində mühüm rol oynayıblar. Tarixi mənbələr VII əsrdən etibarən onların Azərbaycanda yaşaması haqqında məlumat verir. O vurğulayıb ki, Qaraqoyunlular Dəniz xandan törəyənlərdir. Bu tayfanın qurduğu Qaraqoyunlu dövləti 1410-1468-ci illərdə mövcud olub. Qaraqoyunlu dövlətinə Kürdən cənuba Azərbaycan torpaqları, Şərqi Anadolu, Ərəb İraqı və Əcəm İraqı daxil olub. Cahanşahın dövründə - 1453-1458-ci illərdə Əcəm İraqına, Mazandaran və Xorasana yürüşlər nəticəsində Qaraqoyunlu dövlətinin şərq sərhədləri Xorasana kimi genişlənib. Böyük bir ərazini əhatə edən Qaraqoyunlu dövləti dövründə Osmanlı Türkiyəsi ilə Azərbaycanın münasibətləri ən yüksək səviyyədə olub. 1467-ci ildə Cahanşahın vəsiyyəti ilə ailəsi Göyçə gölü ətrafına köç edib. Qaraqoyunlu dövlətinin süqutundan sonra da bu tayfa Göyçə ərazisində yaşayıb.
 
Q.Muxtarlı deyib ki, Azərbaycanla yanaşı, Türkmənistan, Türkiyə, İran, İraq, Suriya və Hindistanda da Qaraqoyunlu dövrünə aid memarlıq nümunələrinə rast gəlmək mümkündür. Xüsusən Hindistanın taleyində Qaraqoyunlular mühüm rol oynayıblar. Qoç daşlara, qoyun heykəllərinə toxunan müsahib bildirib ki, onlar bizim danışan tariximizdir. Tarixçi qeyd edib ki, SSRİ dövründə böyük millət və dövlət anlayışımızı zəiflətmək üçün tariximiz məqsədli şəkildə kiçildilib. Rusiya milli kimlik şüurunu zədələmək üçün azərbaycanlıları pərən-pərən salıb. Xalqı öz soykökündən ayırmaq üçün deportasiyalara məruz qoyub.
 
2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərə toxunan Q.Muxtarlı vurğulayıb ki, bu hadisə 200 illik əsarətdən qurtuluşun təməlidir. O, cari ilin avqustunda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında imzalanan sənədə də diqqət çəkib. Bildirib ki, Azərbaycan Qafqazı sülh bölgəsinə çevirmək istəyir. Tarixçinin qənaətincə, Ermənistan mövcud olmaq üçün Azərbaycan və Türkiyə ilə birlikdə addımlamağa məhkumdur.
 
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
 
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
 
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
 
Seçilən
23
2
moderator.az

3Mənbələr