AZ

4 günlük iş həftəsi Azərbaycanda işə yaramaz - TƏHLİL

Əlavə istirahət günü əksinə işçilərin stressini artıra bilər

Yusif Nəbiyev: “Yüksək gəlirli təbəqə fayda götürəcək, aşağı təbəqə isə əlavə yüklə üzləşəcək”

Son illər dünyanın bir sıra ölkəsində işçilərin iş-həyat balansını yaxşılaşdırmaq məqsədilə 4 günlük iş həftəsinə keçid sınaqdan keçirilir. Belçikada 2022-ci ildən işçilər beş gün əvəzinə dörd gün işləyə bilir, iş saatlarının ümumi həcmi isə dəyişmir. Dubayda dövlət qulluqçuları yay aylarında dörd günlük iş həftəsinə keçir, Dominikan Respublikasında isə altı aylıq sınaq proqramı çərçivəsində iş saatları 44-dən 36-ya endirilib.

Azərbaycanda isə 4 günlük iş həftəsi yalnız məhdud çərçivədə, əsasən bəzi universitetlərdə və ixtisaslarda tətbiq olunur. Sentyabrın 15-dən etibarən Bakı Dövlət Universitetində bəzi ixtisaslarda dərslər həftədə 4 gün keçirilir. Azərbaycan Dövlət Pedaqoji Universiteti  və Azərbaycan Texniki Universiteti bakalavr səviyyəsində dərslərin hələ də 5 gün davam etdiyini bildirir, Azərbaycan Memarlıq və İnşaat Universiteti bəzi ixtisaslarda 4 günlük dərs həftəsini tətbiq edir, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti  isə magistraturada I kurslarda həftədə 3, II kurslarda isə 4 günlük dərs rejimi həyata keçirir. Ümumilikdə, Azərbaycanda 4 günlük iş həftəsinə keçid hələ yalnız təhsil sektorunda məhdud formada mövcuddur. Ölkə üzrə bütün sahələrdə genişmiqyaslı tətbiq hələ reallıq deyil, amma gələcəkdə iş yükünün azaldılması, əmək və təhsil sistemində çevikliyə doğru addımların atılması ehtimalı gündəmdədir.

Hüquqşünas Yalçın Hacızadə məsələnin qanunvericilikdə necə tənzimləndiyini açıqlayıb: “Həftəlik iş günlərinin azaldılması dünyanın bir çox ölkələrində müzakirə edilir və hətta bəzi ölkələr tətbiq etməyə da başlayıb. Bu, əsasən COVİD-19 pandemiyasının yayılmasından sonra daha da aktualaşdı. Texnikanın, tenologiyanın, süni intelektin inkişafı ilə gələcəkdə iş günlərinin və saatlarının azaldılması sürətlənəcək. Amma bunu hər sahəyə şamil etmək olmayacaq. Çünki iş günlərinin və saatlarının azaldılması əmək haqqlarının azaldılmasına da təsir edəcək. Ona görə bunun ölkəmizdə tətbiqi hesab edirəm ki, hələlik bir çox sahədə mümkün deyil. Eyni zamanda, həftəlik iş günlərinin 4 gün edilməsi o demək deyil ki, həftənin qalan 3 günü həmin sahə fəaliyyət göstərməyəcək. Əlbəttə ki, qalan günlərdə də iş olacaq sadəcə olaraq növbəlik sistemi qurulacaq. Çünki bir çox səhiyyə, hüquq-mühafizə orqanları, nəqliyyat-komunikasiya, komunal xidmətlər fəaliyyətini dayandırmır. Ölkəmizdə həyata keçirilməsi üçün əmək qanunverciliyinə dəyişiklik edilməlidir. Çünki mövcud qanunlarımız bizdə həftəlik iş saatı 40 saat olmaqla 5 və 6 günlük iş rejimini nəzərdə tutur”.  

Sosioloq Yusif Nəbiyev isə Sherg.az-a açıqlamasında deyib ki,  4 günlük iş həftəsi son zamanlar dünya miqyasında diqqət çəkən bir yanaşmadır: 

"Bu model yalnız əmək bazarındakı iş fromasını dəyişmir, həm də insanların şəxsi həyatlarına olan münasibətini yenidən qurmağa imkan verir. İşçilər daha az stres yaşayır, gördükləri işə daha yaxşı fokuslanır və təəccüblü deyil ki, daha məhsuldar olurlar. Avropa və digər inkişaf etmiş ölkələrdə aparılan araşdırmalar göstərir ki, işçilər iş həftəsi qısaldıqda daha məhsuldar olur, stress səviyyəsi azalır, xəstəlik və digər səbəblərdən işdən yayınmalar minimuma enir. Azərbaycanda belə bir model tətbiq olunsa, nəzəri olaraq müsbət nəticələr gözlənilə bilər.
Lakin bu yanaşmanın nəticələri ölkənin sosial-iqtisadi və mədəni kontekstindən asılıdır. Araşdırmalar əsasən yüksək gəlirli, sosial dəstəyi möhkəm olan qərb ölkələrində aparılıb. Orada əlavə bir istirahət günü insanların ailə və dostları ilə vaxt keçirməsinə, sosiallaşmasına imkan yaradır. Azərbaycanda isə vəziyyət fərqlidir. Ölkəmizdə orta gəlir aşağıdır və insanlar əlavə günü daha çox əlavə qazanc mənbəyi kimi dəyərləndirməyə çalışa bilərlər. Bundan əlavə, Azərbaycanda həm Şərq, həm də post-sovet düşüncə tərzi mövcuddur. İnsanlar boş vaxt keçirməyə bəzən günah və ya boş vərdiş kimi baxırlar. Bu isə o deməkdir ki, əlavə günün istirahət və sosiallaşma üçün istifadə olunması ehtimalı aşağıdır; əksinə, bir çox hallarda işçilər həmin günü işlə dəyərləndirməyə çalışacaq".

Y. Nəbiyevin fikrincə, bu mədəni və sosial kontekst 4 günlük iş həftəsinə keçidin nəticələrinə bir sıra risklər əlavə edir: 

"Əgər şirkətlər iş saatlarını uzadaraq 5-ci iş gününü 4 iş gününə sıxışdırarsa, işçilərin stressi və yorğunluğu artacaq və məhsuldarlıq əks effekt verə bilər. Eyni zamanda əmək bazarına təsir də diqqətə alınmalıdır: belə bir model tətbiq edilsə, təklif olunan əməkhaqların azalması ehtimalı yüksəkdir. Ümumilikdə, sosial dəyişikliklər cəmiyyətin bütün təbəqələrinə eyni şəkildə təsir etmir. Yüksək gəlirli vəzifələrdə işləyən insanlar əlavə istirahət və sosiallaşma fürsətini artıracaq, lakin aşağı təbəqələr üçün əlavə yük və iş tələbi yarana bilər. Bu səbəbdən Azərbaycanda 4 günlük iş həftəsinə keçid yalnız nəzəri müsbət təsirlərlə qiymətləndirilməməli, həm də sosial, mədəni və iqtisadi risklər diqqətlə nəzərə alınmalıdır".
Seçilən
33
1
sherg.az

2Mənbələr