AZ

Büdcədən böyük vəsaitlər ayrılır, amma məktəblərdə parta çatmır

ain.az, Sherg.az saytına istinadən bildirir.

Tural Abbasquliyev: "Gərək özəl təhsil müəssisələrinin sayı artsın"

Şəmkir rayonu, Qaracəmirli kəndi, 1 nömrəli orta məktəbdə şagirdlər əyləşməyə nə parta tapır, nə də stul. Kənd sakinləri balalarının çəkdiyi əziyyəti görüntüyə alaraq sosial şəbəkədə paylaşıb, eyni zamanda “Xəzər Xəbər”ə məlumat veriblər. “Xəzər Xəbər”də bununla bağlı süjet yayımlanıb. Sakinlər deyiblər ki, yeni tədris ilindən 1 nömrəli məktəbdə aparılan sinif bölgüsü vəziyyəti bu həddə çatdırıb. 

Şagirdlərin sayı sinifdəki yerləri az qala 2 dəfə üstələyir. Valideynlərin iddiasına görə, problemin yaranmasının digər səbəbi isə məktəbdə 2 növbəli tədris sisteminin ləğv edilməsidir. Sakinlər yaranmış vəziyyətlə Qazax-Tovuz Regional Təhsil İdarəsinə müraciət ediblər, ancaq nəticəsi olmayıb. Sözügedən İdarədən isə "Xəzər Xəbər"ə bildirildi ki, məsələ araşdırılır. Yekun qərar araşdırmanın nəticəsinə uyğun olaraq ictimaiyyətə təqdim ediləcək. Həmçinin qeyd edildi ki, şagirdlərin siniflərə yerləşdirilməsi Nazirlər Kabinetinin müvafiq qərarına əsasən təşkil edilir. Bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya otağın ölçüsü tədrisə imkan vermədikdə, ikinci paralel sinif təşkil edilir. 

Təhsil məsələləri üzrə mütəxəssis Tural Abasquliyev Sherg.az-a açıqlamasında qeyd etdi ki, hər il dövlət büdcəsindən təhsil sahəsinə kifayət qədər vəsait ayrılır. Hazırda təhsil, hərbi ehtiyaclara ayrılan məbləğ istisna olmaqla, dövlət büdcəsindən ən çox vəsait ayrılan ikinci sahədir: 

- Büdcədən böyük bir məbləğ təhsilə ayrılır. Bu vəsait isə əsasən şəhər məktəbləri, qismən isə rayon mərkəzlərindəki məktəblərə sərf olunur. Məsələ burasındadır ki, Bakıda əhalinin sayı sürətlə artır. Nəticə etibarilə məktəblər şagird sayı da artır, sıxlıq yaranır. Aidiyyətli qurumlar ilk növbədə şəhər məktəblərindəki sıxlığı aradan qaldırmaq, problemi həll etməyə çalışırlar. Məktəblərdə sıxlıq probleminin həlli təhsildə özəl sektorun inkişafından asılıdır. Gərək özəl təhsil müəssisələrinin sayı artsın. Məsələn, qardaş Türkiyədə özəl məktəblərin sayı dövlət məktəblərinə nisbətdə 10 faizdir. Bu, sıxlığı müəyyən qədər aradan qaldırır. Bizdə isə cəmi 1 faizdir. Əgər özəl məktəblərin sayı artarsa, büdcədən ayrılan vəsaitdən dövlət təhsil müəssisələri, məktəblər daha çox yararlana biləcəklər. 

T.Abbasquliyev bildirdi ki, özəl təhsil müəsssisələrində ödənişlər valideynlərin büdcəsinə uyğun olmalıdır: 

- Məsələn, “Simurq liseyi”ndə ödənişlər 250 manatdan başlayır. Belə müəssisələrin sayı artarsa, büdcədən ayrılan vəsait paytaxt məktəbləri ilə yanaşı regionlardakı məktəblərə də xərclənə biləcək. Hazırda ölkəmizdə özəl təhsil, ümumi təhsilin 1 faizini təşkil edir. 2 milyon məktəbli var, onlardan  20 mini özəl məktəblərdə təhsil alır, amma bu say 200 min olmalıdır. Belə olarsa, dövlət büdcəsini rayon məktəblərinə yönəltmək mümkün olacaq, şagird sıxlığı da azalacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
1
sherg.az

2Mənbələr