AZ

Fələstinin beynəlxalq səviyyədə tanınması İsrail Fələstin münaqişəsində yeni mərhələnin başlanmasına işarə edir

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Fələstinin tanınması məsələsi Yaxın Şərqdə uzun illərdir davam edən mürəkkəb bir prosesdir. Ən son mərhələdə bu prosesin intensivləşməsi İsrail və Fələstin münasibətlərinə əlavə gərginlik gətirib. İsrail tərəfindən göstərilən aqressiya məsələnin həlli üçün sülh perspektivlərinin daha da mürəkkəbləşməsinə səbəb ola bilər. İsrailin təhlükəsizlik təminatı ilə bağlı narahatlıqları və Fələstinin dövlət kimi tanınmasına razılıq verməməsi regiondakı ziddiyyətlərin əsasında durur”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Tural İsmayılov danışıb. Politoloq qeyd edib ki, Fələstinin hər hansı bir beynəlxalq səviyyədə tanınması İsrail-Fələstin münaqişəsində yeni mərhələnin başlanmasına işarə edir, lakin bu, zəruri olaraq dərhal münaqişəni sonlandıra bilməz.

Tural İsmayılov

“Bir çox ölkə və beynəlxalq təşkilat Fələstini tanısa da, İsrailin bu mövqeyə qarşı sərt reaksiya verməsi müharibənin və silahlı qarşıdurmanın alovlanmasına səbəb olur. Son illərdə Qəzza və İordan çayının qərb sahilində baş verən hərbi əməliyyatlar atəşkəsin pozulması və qarşılıqlı hücumlar vəziyyətin mürəkkəbliyini göstərir.

Beynəlxalq ictimaiyyət və xüsusilə Avropa ölkələri sülh danışıqlarının bərpasına çağırsa da İsrail-Fələstin qarşıdurmasının əsas məsələləri – sərhədlər, təhlükəsizlik, Qüdsün statusu sığınacaq hüquqları hələ də həll edilməyib. Fələstinin tanınması bu məsələlərə əlavə ehtiyatlılıq və kompleks yanaşma tələb edir”-deyən Tural İsmayılov bildirib ki, regiondakı digər aktorlar – Türkiyə, İran, ABŞ və Rusiyanın mövqeləri, həmçinin regional güvənlik mexanizmləri gələcək dinamikaya təsir edir və İsrailin qazandığı beynəlxalq dəstək, həmçinin sərhədlərin müdafiəsi strategiyası öz yerində qalır, lakin Fələstinin dəstəklənməsi beynəlxalq hüququn prinsiplərinə söykənir.

Politoloqun fikrincə, Fələstinin tanınması və İsrailin bu məsələyə reaksiyası Yaxın Şərqdə siyasi münaqişələrə olan baxışları dəyişdirmək potensialına malikdir.

“Bu dəyişikliklərin nəticəsi regional stabilliyə və sülhə necə təsir edəcəyini zaman göstərəcək. Konfliktin uzunmüddətli həlli üçün dialoq və qarşılıqlı anlaşmanın artırılması, həmçinin beynəlxalq ictimaiyyətin balanslı yanaşması zəruridir. Bu prosesdə hər iki tərəf üçün sükunət və konstruktiv dialoq şəraitinin yaradılması gələcək perspektivləri müəyyən edəcək. İsrail və Fələstin arasında qarşılıqlı inamın inkişafı qarşıdurmanın həlli üçün ən vacib amildir. Yalnız sülh yolu ilə hər iki xalqın rifahı təmin edilə bilər.

Bu tip məsələ geniş regional və beynəlxalq kontekstdə qiymətləndirilməli, ani emosional reaksiyalardan və ittihamlardan uzaq durulmalıdır. Sabitlik, insan haqlarına hörmət və dialoq prinsiplərinə əsaslanan səbirli siyasət uzunmüddətli sülhə gedən yoldur”-deyən Tural İsmayılov qeyd edib ki, istənilən aqressiya yeni dövrün ortaya çıxmasına səbəb ola bilər, amma bunun nəticələrinin müsbət və dayanıqlı olması üçün əməkdaşlığın, münasibətlərin normallaşması tələb olunur.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
1
bizimyol.info

2Mənbələr