AZ

Bakı Türk Anadolu Liseyinin yeni binasının açılış mərasimi keçirilib

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 22-də elm və təhsil naziri Emin Əmrullayev ilə Türkiyənin milli təhsil naziri Yusuf Tekin Bakı Türk Anadolu Liseyinin yeni binasının açılış mərasimində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb və ardınca milli folklor proqramı təqdim edilib.

Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün çıxışında Azərbaycan–Türkiyə münasibətlərinin qardaşlıq prinsiplərinə əsaslandığını vurğulayıb, iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın uzunmüddətli perspektivdə regionun intellektual inkişafına mühüm töhfə verdiyini qeyd edib. Səfir yeni tədris binasının istifadəyə verilməsini bu strateji əməkdaşlığın bariz nümunəsi kimi dəyərləndirib.

Türkiyənin milli təhsil naziri Yusuf Tekin çıxışında təhsilin xalqlar arasında birliyi gücləndirən ən vacib amillərdən biri olduğunu bildirərək Azərbaycan və Türkiyənin birgə təhsil layihələrinin davamlı şəkildə genişləndiyini diqqətə çatdırıb. Nazir gənclərin müasir bilik və bacarıqlara yiyələnməsini dəstəkləyən birgə proqramların gələcəkdə daha da inkişaf etdiriləcəyini deyib.

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev isə çıxışında iki ölkə arasında təhsil sahəsində qarşılıqlı etimad və dəstəyin ildən-ilə gücləndiyini qeyd edib, Bakı Türk Anadolu Liseyinin yeni binasının bu əməkdaşlığın davamlı xarakter daşıdığını göstərən mühüm bir addım olduğunu bildirib. Nazir Azərbaycan və Türkiyə liderlərinin elm və təhsil sahəsində əməkdaşlığın inkişafına verdikləri dəstəyi xüsusi vurğulayıb.

Mərasim çərçivəsində xatirə ağacı əkilib, rəmzi lentkəsmə mərasimi baş tutub və qonaqlar yeni tədris binası ilə yaxından tanış olublar.

Seçilən
18
7
azertag.az

9Mənbələr