AZ

I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu uğurlu əməkdaşlığa və ümumi rifaha möhkəm zəmin yaradacaq  

Bir ölkənin nüfuzu yalnız iqtisadi, siyasi və hərbi gücü ilə deyil, həm də ona göstərilən hörmət, ehtiram və beynəlxalq ictimaiyyətin etimadı ilə ölçülür. Qürurverici haldır ki, bu gün Azərbaycan qlobal hadisələrin, beynəlxalq tədbirlərin müzakirə olunduğu mərkəzlərdən biri kimi tanınır. 

Ölkəmiz  beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkilatçısı və etibarlı ev sahibi kimi dünyada böyük nüfuz qazanıb. Uzağa getmədən “Terrorçu hücumlar və silahlı münaqişələr zamanı humanitar böhranların, qlobal xarakterli texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyəti” mövzusunda Bakı Təhlükəsizlik Forumunu, eləcə də dövlətimizin başçısı İlham Əliyevin himayəsi altında, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı, Avropa Evi – “Ambrosetti” (TEHA) strateji tərəfdaşlığı, “Euronews” və “Sea Breeze”in media və təşkilati dəstəyi ilə keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunu qeyd edə bilərik. Sözsüz ki, bu gün dünyada sabitliyin və sakitliyin mərkəzi kimi tanınan Azərbaycanda bu cür yüksək səviyyəli tədbirlərin keçirilməsi rəsmi Bakının özünü beynəlxalq aləmdə etibarlı tərəfdaş və nüfuzlu  iqtisadi mərkəz kimi təsdiqləməsi ilə birbaşa bağlıdır. 

Həyata keçirilən sosial-iqtisadi islahatlar və qlobal iqtisadiyyata inteqrasiya aparıcı beynəlxalq şirkətlər üçün ölkəmizdə geniş və əlverişli imkanlar yaradıb. Elə bunun nəticəsidir ki, 2004-2024-cü illər ərzində investorlar iqtisadiyyatımıza 344,4 milyard dollar həcmində sərmayə yatırıblar. Xatırladaq ki, yatırılan sərmayənin böyük bir hissəsi – 213,2 milyard dolları qeyri-neft sektorunun inkişafına yönəlmişdir. Bu həm də xarici investorların Azərbaycana olan etimadı, ölkəmizdə hökm sürən təhlükəsizlik və sabitlik mühitinə verdikləri dəyər kimi də qəbul edilir. Nəticədə bu gün ölkəmizdə minlərlə xarici kapitallı şirkət fəaliyyət göstərir. Bu, ölkəmizdə müasir korporativ idarəetməyə əsaslanan, rəqabətli və dayanıqlı iqtisadiyyatın formalaşmasına verilən mühüm töhfədir. Qürurlandırıcı faktdır ki, qazanılan etimad sayəsində əksər xarici şirkətlər bu gün də ölkəmizi özləri üçün təkrar investisiya yatırmaq üçün ən uyğun məkan olaraq seçirlər.

Əlverişli coğrafi mövqeydə yerləşən Azərbaycan bu gün sürətlə regional  iqtisadi siyasətin strateji mərkəzinə çevrilir. Orta dəhliz üzrə tranzit yük daşımalarının həcmi ildən-ilə artır. Yaxın gələcəkdə Zəngəzur dəhlizinin işə düşməsi ilə bu həcmin daha da artacağına şübhə yoxdur. Ölkəmizdə yaradılmış müasir infrastruktur, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və müasir dəmiryolu infrastrukturu sərmayədarlara qlobal bazarlara birbaşa çıxış və yüksək tranzit səmərəliyi təklif edir. Eyni zamanda xüsusi iqtisadi zonalar, müasir nəqliyyat və rəqəmsal infrastruktur istehsal, logistika, bərpaolunan enerji, rəqəmsal xidmətlər və yüksək dəyərli kənd təsərrüfatı üçün hazır platformalar təqdim edir.

Azərbaycanın həyata keçiridiyi enerji diplomatiyası ölkəmizin beynəlxalq iqtisadi mövqeyinin güclənməsində mühüm rol oynayır. Ölkəmiz hazırda bir sıra dövlətlərin həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır. Bu gün təbii qazla yanaşı, günəş və külək enerjisi layihələri, Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası, eləcə də “ağıllı infrastruktur” konsepsiyalarının tətbiqi ölkəmizi qlobal enerji keçidinin aparıcı iştirakçılarından birinə çevirməkdədir. Qürurverici faktdır ki, Azərbaycan həm bugünün enerji təhlükəsizliyini möhkəmləndirir, həm də sabahın “yaşıl iqtisadiyyat”ını qurur.

Qeyd edək ki, ölkəmizin paytaxtında keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Şərq və Qərbin strateji qovşağında yerləşən ölkələrin investisiya imkanlarını araşdırmaq, qlobal ticarətin və dayanıqlı təchizat zəncirlərinin gələcəyini formalaşdırmaq üçün unikal bir platforma təqdim edir. Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətində qeyd edildiyi kimi, “burada iştirakçılar yeni qlobal rəqabətlilik paradiqmalarına dair dəyərli biliklər əldə etməklə yanaşı, yüksəksəviyyəli əlaqələr qurmaq, strateji sazişlər bağlamaq və yeni tərəfdaşlıqlar formalaşdırmaq imkanları qazanacaqlar”.

Dövlət və hökumət rəsmilərinin, iş adamlarının və beynəlxalq investorların iştirakı ilə keçirilən forumda enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, rəqəmsal inkişaf, səhiyyə və daşınmaz əmlak sahələrində regional əməkdaşlıq və investisiya perspektivləri müzakirə olunur. Regionların strateji inteqrasiyası, tranzit imkanları, enerji və infrastruktur layihələri, innovasiyalar, “yaşıl enerji”, daşınmaz əmlak, şəhərsalma və dayanıqlı inkişaf mövzularının müzakirə edildiyi tədbirdə dövlət-özəl tərəfdaşlığı, maliyyə, səhiyyə, biotexnologiya, əczaçılıq və rəqəmsal sağlamlıq, kənd təsərrüfatı, aqrobiznes, ərzaq sənayesi, sənayeləşmə, kiçik və orta sahibkarlıq, yaşıl keçid, eləcə də sahibkarlığın inklüzivliyi mövzulardan da söhbət gedir.

Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun plenar sessiyası çərçivəsində Azərbaycan Baş nazirinin müavini Samir Şərifov və Birləşmiş Ərəb Əmirliyinin İnvestisiya naziri Muhəmməd Həsən əs-Suveydinin iştirakı ilə Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Modon Holding”i arasında “Şəhər daxilində şəhər” ("City within a City") konsepsiyasının inkişafına dair əməkdaşlıq müqaviləsi imzalanıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Modon Holding”in sədri Cəssəm Muhəmməd Bu Ataba əz-Zəəbinin imzaladığı və  5 milyard dollaradək investisiya yatırımını nəzərdə tutan konsepsiya Böyükşor gölü ətrafında sağlamlıq, ticarət, təhsil və mehmanxana obyektlərini əhatə edən müasir sahilyanı zonanın yaradılmasını nəzərdə tutur.

Forum çərçivəsində Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov, İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə ölkəmizdə dəniz suyunun duzsuzlaşdırılması layihəsi ilə bağlı bir sıra sənədlərin imzalanma mərasimi də keçirilib.  Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi, istismarına dair Dövlət-Özəl Tərəfdaşlığı Müqaviləsi - sənədini Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin baş icraçı direktoru Marco Arçelli, Təmizlənmiş suyun alqı-satqısı üzrə Su Satınalma Müqaviləsi - sənədini “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Tahir Xəlilov və Marco Arçelli, Torpaq Sahəsinin İcarəsinə dair Müqavilə - sənədini İqtisadiyyat naziri Mikayıl Cabbarov, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və Marco Arçelli, Dövlət Zəmanəti Müqaviləsi - sənədi maliyyə naziri Sahil Babayev və Marco Arçelli imzalayıblar. Xatırladaq ki, dəniz suyunun duzsuzlaşdırılması layihəsi İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində ölkəmizdə icrası nəzərdə tutulan ilk pilot layihədir. Layihə çərçivəsində Sumqayıt Sənaye Parkında tikiləcək zavodda dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı həyata keçiriləcək. Gündəlik 300 min kubmetr məhsuldarlığa malik layihənin dəyəri 407 milyon dollar təşkil edir. Müqaviləyə əsasən, zavodun layihələndirilməsi, tikintisi və 25 il müddətində istismarı “ACWA Power” tərəfindən həyata keçiriləcək.

Layihə Abşeron yarımadasının içməli suya artan tələbatını təmin etmək, şirin su mənbələrini şaxələndirmək məqsədilə həyata keçirilir. Hədəf dövlətin içməli su təchizatında yükünü azaltmaq, bu sahədə beynəlxalq təcrübəni və texnologiya transferini stimullaşdırmaq, iqtisadiyyata xarici sərmayələri cəlb etmək məqsədlərimiz sırasındadır.

Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu əməkdaşlıq və sərmayə cəlbinin yeni mərhələsi üçün başlanğıcdır. Sözsüz ki, forumda imzalanan sənədlər uğurlu əməkdaşlığa və ümumi rifaha möhkəm zəmin yaradacaq.

Elşən QƏNİYEV,

“Azərbaycan”

Seçilən
15
3
azerbaijan-news.az

8Mənbələr