AZ

Xarici şirkətlər öz mənfəətlərini təkrar Azərbaycan iqtisadiyyatına yatırırlar - Birinci Forumda mühüm tezis səsləndi ....


Qloballaşan dünyada iqtisadi inkişafın əsas şərtlərindən biri xarici sərmayələrin cəlb edilməsidir. Xarici investisiya təkcə kapital axını deyil, həm də yeni texnologiyalar, idarəetmə təcrübəsi, innovasiyalar və beynəlxalq bazarlara çıxış deməkdir. Bu baxımdan Azərbaycan son illərdə xarici investorlar üçün cəlbedici məkan kimi ön plana çıxıb. İqtisadi sabitlik, əlverişli biznes mühiti, zəngin təbii resurslar və strateji coğrafi mövqe ölkəni beynəlxalq sərmayəçilər üçün mühüm tərəfdaşa çevirib. Bakıda İqtisadiyyat Nazirliyinin, eləcə də İxracın və İnvestisiyaların Təşviqi Agentiyinin təşkilatçılığı ilə I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun öz işinə başlaması,tədbirin Şərq və Qərbin strateji qovşağında yerləşən ölkələrin investisiya imkanlarını araşdırmaq, qlobal ticarətin və dayanıqlı təchizat zəncirlərinin gələcəyini formalaşdırmaq üçün unikal platforma təqdim etməsi, burada dövlət və hökumət rəsmilərinin, iş adamlarının və beynəlxalq investorların iştirakı, bir sıra anlaşma memorandumlarının imzalanması yuxarıda qeyd edilənlərin daha bir təsdiqidir. Qeyd edək ki, prezident İlham Əliyev Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Dövlət başçısı bildirib ki, Azərbaycanda ilk dəfə keçirilən bu forumun qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi, yeni tərəfdaşlıq əlaqələrinin qurulması, qabaqcıl ideyaların və layihələrin müzakirəsi, ölkəyə yeni investisiyaların cəlb olunması üçün mühüm platforma olacağına inamımı ifadə edir: “Müstəqilliyi qazandıqdan etibarən Azərbaycan xarici investorlarla əməkdaşlığa xüsusi önəm vermiş, dünyanın aparıcı şirkətləri ilə birlikdə həm ölkəmiz, həm də region üçün mühüm əhəmiyyət kəsb edən layihələrə imza atmışdır. Azərbaycanda həyata keçirilmiş sosial-iqtisadi islahatlar və qlobal iqtisadiyyata inteqrasiya aparıcı beynəlxalq şirkətlər üçün ölkəmizdə geniş və əlverişli imkanlar yaratmışdır. Məhz bu səbəbdən 2004-2024-cü illər ərzində iqtisadiyyatımıza 344,4 milyard ABŞ dolları həcmində sərmayə qoyulmuş, bunun əhəmiyyətli hissəsi və ya 213,2 milyard ABŞ dolları qeyri-neft sektorunun inkişafına yönəlmişdir. Bu, xarici investorların Azərbaycana olan etimadı, ölkəmizdə hökm sürən təhlükəsizlik və sabitlik mühitinin bariz göstəricisidir. Hazırda Azərbaycanda minlərlə xarici kapitallı şirkət fəaliyyət göstərir. Bu, ölkəmizdə müasir korporativ idarəetməyə əsaslanan, rəqabətli və dayanıqlı iqtisadiyyatın formalaşmasına mühüm töhfədir. Əldə etdiyimiz etimad sayəsində əksər xarici şirkətlər bu gün də mənfəətlərini ölkə iqtisadiyyatına təkrar investisiya etməyi seçirlər”. İqtisadiyyat naziri Mikayıl Cabbarov tədbirdəki çıxışında qeyd edib ki, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun bütün iqtisadi kapitallaşması baxımından, Azərbaycan burada təbii olaraq təkcə coğrafi deyil, həm də logistika, energetika və bir çox digər sahələrdə mərkəz rolunu oynayır. Onun sözlərinə görə, Azərbaycan və region üçün dəyər təklifini məhz bu kontekstdə nəzərdən keçirmək lazımdır: “Forum çərçivəsində biz bir tərəfdən parçalanmış iqtisadiyyatı, digər tərəfdən isə inkişaf etməkdə olan iqtisadiyyatların rolunu müzakirə edirik. Daha geniş region baxımından Azərbaycan iqtisadi cəhətdən Yaxın Şərq regionuna da aid edilir və bu təsadüfi deyil. Çünki həyata keçirilən vizioner layihələr – ənənəvi güclü enerji sektorundan diversifikasiya istiqamətində, həmçinin siyasi çərçivə və kontekst baxımından daha aydın görünən iqtisadi inteqrasiyaya yönəlib”.
Məlumdur ki, Azərbaycan Avrasiya qitəsinin mərkəzində yerləşərək həm Şərq-Qərb, həm də Şimal-Cənub marşrutlarının kəsişməsində mühüm tranzit ölkə rolunu oynayır. Bakı-Tiflis-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Şimal-Cənub nəqliyyat dəhlizi ölkənin logistika imkanlarını daha da artırır. Bu üstünlük xarici investorların Azərbaycan bazarına daxil olduqdan sonra məhsullarını həm Avropa, həm də Asiya bazarlarına sürətli şəkildə çıxarmasına şərait yaradır. Azərbaycan zəngin neft və
qaz ehtiyatlarına malikdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi ölkəni Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş edib. Xarici sərmayəçilər üçün bu sahə uzunmüddətli və etibarlı gəlir mənbəyidir. Lakin Azərbaycan yalnız enerji sektorunda deyil, həm də bərpa olunan enerji sahəsində geniş imkanlar yaradır. Qarabağ və Naxçıvan bölgəsində günəş və külək enerjisi üzrə iri layihələrin həyata keçirilməsi ölkəyə xarici investisiyaların artmasına təkan verir. Azərbaycanın investisiya cəlbediciliyini artıran əsas amillərdən biri onun siyasi və iqtisadi sabitliyidir. Milli valyutanın nisbətən sabit olması, dövlət borcunun aşağı səviyyədə saxlanması və güclü valyuta ehtiyatları ölkəyə olan inamı möhkəmləndirir. Bundan əlavə, son illərdə aparılan iqtisadi islahatlar biznes mühitini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Vergi və gömrük sistemində şəffaflığın artırılması, elektron xidmətlərin genişləndirilməsi xarici sərmayəçilər üçün əlverişli şərait yaradır. Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin direktoru Raffaele Marçetti sözügedən tədbirdə çıxışı zamanı bu fonda bildirib ki, Azərbaycan son illər müsbət tendensiyaları olan çox az ölkələrdəndir. Onun sözlərinə görə, Azərbaycan tarixin qələbə tərəfindədir: “Həmçinin Ermənistanla ilkin sazişə diqqət edək. Bu, çox vacibdir. ABŞ-nin bu prosesə dəstəyini də vurğulamaq lazımdır. Azərbaycanın son on illiklər ərzində inkişafı göz önündədir. Biz diplomatik, iqtisadi əlaqələrə nəzər yetirməliyik”. R.Marçetti vurğulayıb ki, Azərbaycan neft-qaz ölkəsi olmasına baxmayaraq artıq gələcək çağırışlar üçün ciddi addımlar atır: “Müasir çağırışlara uyğun olaraq Azərbaycan özünü daha çox inkişaf etdirməlidir”. Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsini prioritet kimi müəyyənləşdirib. Kənd təsərrüfatı, turizm, nəqliyyat-logistika, İKT və sənaye sahələrində geniş imkanlar mövcuddur. Xarici investorlar üçün azad iqtisadi zonalar, sənaye parkları və aqroparklar yaradılıb. Xüsusilə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri yeni investisiya dalğasına yol açır. Bu ərazilərdə infrastrukturun yenilənməsi xarici şirkətlər üçün tikinti, enerji, kənd təsərrüfatı və turizm sahələrində geniş fürsətlər təqdim edir. Onu da qeyd edək ki, Azərbaycan bir sıra beynəlxalq iqtisadi təşkilatların üzvüdür və çoxsaylı ikitərəfli investisiya sazişləri imzalayıb. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi qurumlarla əməkdaşlıq ölkənin iqtisadi siyasətinə beynəlxalq inamı artırır. Bundan başqa, xarici investorların hüquqlarının qorunması qanunvericilikdə xüsusi təmin olunub. İnvestorlar beynəlxalq arbitraj mexanizmlərindən istifadə edə bilirlər ki, bu da onların risklərini azaldır. Azərbaycan rəqəmsal iqtisadiyyatın inkişafına da böyük diqqət ayırır. Elektron hökumət xidmətləri, “ASAN xidmət” modeli və startap ekosisteminin təşviqi xarici texnoloji şirkətlər üçün əlverişli mühit yaradır. Xüsusilə, informasiya texnologiyaları və rəqəmsal transformasiya layihələri beynəlxalq sərmayəçilərin diqqətini cəlb edir. Bu fond aqeyd edək ki, sözügedın forumda Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin “Modon Holding”i arasında “Şəhər içində şəhər” konsepsiyasının inkişafı üzrə əməkdaşlıq sazişi imzalanıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və holdinqin sədri Cassem Mohammed Bu Ataba Al Zaabi imzalayıb. Proses Baş nazirin müavini Səmir Şərifovun və BƏƏ-nin investisiya naziri Məhəmməd Hassan Alsuvaydininiştirakı ilə baş tutub. Beləliklə, Azərbaycan bu gün xarici investisiyalar üçün cəlbedici ölkə kimi formalaşmaqdadır. Geostrateji mövqeyi, zəngin enerji resursları, sabit iqtisadiyyatı, inkişaf edən qeyri-neft sektoru və investorların hüquqlarının qorunması ölkəyə olan inamı möhkəmləndirir. İqtisadiyyatın şaxələndirilməsi və yeni sahələrin inkişafı isə sərmayəçilər üçün əlavə imkanlar açır. Qarabağın bərpası, yaşıl enerji layihələri və rəqəmsal iqtisadiyyatın inkişafı Azərbaycanın investisiya cazibəsini daha da artıracaq. Beləliklə, Azərbaycan təkcə regionda deyil, qlobal miqyasda da xarici investorlar üçün etibarlı, sabit və gələcək vəd edən tərəfdaş kimi önə çıxır.

RAMİL QULİYEV

Seçilən
54
baki-xeber.com

1Mənbələr