AZ

Azərbaycanda KOB-ların rəqəmsal və yaşıl keçidinə dəstək artırılır VİDEO

Bakı, 22 sentyabr, AZƏRTAC

Gündəliyimizdə iki əsas istiqamət mühüm yer tutur. Bunlar KOB-ların rəqəmsallaşması və yaşıl keçididir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, rəqəmsallaşma və yaşıl keçid istiqamətləri KOB-ların davamlı inkişafına xidmət edir.

“Bu istiqamətlər sahibkarların daha dayanıqlı iş yerləri yaratmasına və iqtisadi dəyişikliklərə hazır olmasına imkan verəcək. KOBİA COP29 çərçivəsində KOB-lar üçün qlobal iqlim hərəkatının yaradılması təşəbbüsü ilə çıxış edib və “KOB-ların yaşıl keçid üçün Bakı İqlim Koalisiyası haqqında Birgə Bəyannamə”yə start verib. Artıq 20-dən çox yerli və xarici təşkilat bəyannaməni dəstəkləyir. Qoşulma prosesi açıqdır və təbliğat işləri davam etdirilir”, - deyə KOBİA sədri vurğulayıb.

KOB-larla bağlı 3 vacib məsələyə xüsusi diqqət yetirilməsinin vacib olduğunu qeyd edən Orxan Məmmədov bunların - KOB-ların ehtiyaclarının daim nəzərdən keçirilməsi, bu ehtiyaclar əsasında xüsusi dəstək alətləri və xidmətlərin yaradılması və həmin mexanizmlərə, xidmətlərə əlçatanlıq təmin edilməsi olduğunu bildirib.

“KOBİA KOB-larla ünsiyyət qurmaq üçün effektiv və müxtəlif kommunikasiya kanalları yaradıb. Mütəmadi olaraq sektorlar üzrə görüşlər təşkil edir, sorğular keçirir və KOB-ların müraciətlərini təhlil edirik. Dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində tematik məsləhətləşmələr də təşkil olunur. Sözügedən kommunikasiya kanalları vasitəsilə əldə etdiyimiz məlumatlar əsasında xüsusilə KOB-lara yönəlmiş müxtəlif dəstək mexanizmləri hazırladıq - daxili bazar araşdırması, ticarət mərkəzlərinə çıxış, qrant proqramı, “Startap” şəhadətnaməsi, KOB klaster mexanizmi, daxili və xarici sərgilərdə iştiraka dəstək və s.”, - deyə KOBİA sədri qeyd edib.

Orxan Məmmədov onu da əlavə edib ki, KOB-ların potensialının artırılmasına xüsusi diqqət yetirilir: “Bu məqsədlə KOB inkişaf mərkəzləri və KOB Model Müəssisə yaradılıb. Bu mexanizmlər gələcək iqtisadi tendensiyalara daha uyğun xidmətlər göstərməkdədir. Bizneslərin dövlətin dəstək alətlərinə, eləcə də “G2B” və “B2B” xidmətlərinə çıxışını asanlaşdırmaq üçün bir pəncərə xidmət modeli - KOB evləri fəaliyyət göstərir. Yeri gəlmişkən, ötən il Azərbaycanın “KOB evi” modeli beynəlxalq səviyyədə tanınaraq, innovativ təcrübə kimi qiymətləndirilib”.

 

Seçilən
10
3
azertag.az

6Mənbələr