İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) ali təhsil müəssisələri tələbələrinin bilik və bacarıqlarının artırılması, şəxsi inkişaflarına dəstək verilməsi məqsədilə təşkil etdiyi sayca 4-cü Yay Təcrübə Proqramı başa çatıb. Bununla əlaqədar Proqramın bağlanış və sertifikatların təqdimatı mərasimi keçirilib.
DVX-nin rəisi Orxan Nəzərli tədbir iştirakçılarını Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. DVX rəisi Yay Təcrübə Proqramının insan resurslarının formalaşdırılması istiqamətində əhəmiyyətindən danışıb, kadr ehtiyatının gücləndirilməsi baxımından faydalı olduğunu bildirib. Qeyd edib ki, bu Proqram insan resurslarının inkişafına yönəlmiş qabaqlayıcı yanaşmadır və bir çox gənc üçün karyeraya açılan qapıdır. Belə ki, keçirilmiş 4 Yay Təcrübə Proqramında 250-ə yaxın tələbə iştirak edib ki, onların 40-a yaxını artıq DVX-də çalışır.
Tədbirdə Yay Təcrübə Proqramının təşkili və nəticələri barədə ətraflı məlumat verilib, həmçinin hazırlıq mərhələsi və proqramın gedişatını əks etdirən videoçarx nümayiş olunub. Sonra tələbələr dövrün ən aktual mövzularından olan “Çevik (agile) vergi idarəetməsində süni intellekt: müsbət tərəflər və risklər” mövzusunda təqdimatla çıxış ediblər. Təqdimat tələbələrin mövzuya yanaşmasını və müasir çağırışlara baxışını əks etdirib.
Proqram iştirakçıları ilə səmimi söhbət edən DVX-nin rəisi onların təkliflərini dinləyib, tələbələri maraqlandıran sualları cavablandırıb. Tələbələr arasında “Yay Təcrübə Proqramı sizə nə qazandırdı?” mövzusunda sorğu keçirilib və onların Proqramla bağlı fikirləri öyrənilib. Sonda tələbələr tərəfindən hazırlanmış DVX-nin rəhbərliyinə ünvanlanan təşəkkür videoçarxı nümayiş etdirilib. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Qeyd edək ki, 4-cü Yay Təcrübə Proqramına ölkənin ali təhsil müəssisələrinin ümumilikdə 1000-dək tələbəsi müraciət edib, onlardan 61 nəfəri iştirak hüququ qazanıb. Qrup tapşırıqlarından uğurla keçən tələbələr üçün DVX-nin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində 7 günlük yay düşərgəsi təşkil edilib. Yay düşərgəsinin davamı olaraq tələbələr DVX-nin Aparatında və yerli strukturlarında 8 həftəlik təcrübə keçiblər, praktiki biliklərə yiyələnərək, vergi sisteminin fəaliyyətinin əsas istiqamətləri və iş prinsipləri ilə daha yaxından tanış olublar.