AZ

Azərbaycan banklarında nə baş verir? – Limitlər azaldıldı, faizlər isə… — VACİB XƏBƏR

Son vaxtlar bank sektorunda müşahidə olunan dəyişikliklər diqqətdən yayınmır. Banklar həm ölkədaxili pul köçürmələrində limitləri azaldıblar, həm də müştərilərə təqdim edilən kəşbek faizlərini aşağı salıblar. Bu addımlar ilk baxışdan müştərilərin maraqlarına uyğun görünməsə də, maliyyə institutlarının belə qərarlar qəbul etməsinin arxasında hansı səbəblər dayanır? Bankların limit və kəşbek siyasətinə yenidən baxmasının əsas məqsədi nədir?

Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov “Yeni Sabah”a danışıb. Bildirib ki, bu kimi proseslər bankların öz siyasəti fonunda formalaşan bir vəziyyətdir:

“Ümumiyyətlə, bank sektoru öz məhsullarını hazırlayarkən və ya onların parametrlərini müəyyən edərkən bir sıra faktorları — o cümlədən bankın məhsulları üzrə inkişaf strategiyasını, hədəflərini, bazarın konjonkturasını, tənzimləyici qurumun tələblərini və s. amilləri nəzərə alır.

Yəni burada ilk dövrlərdə, təbii ki, Azərbaycanda kartlardan istifadə, nağdsız ödəniş davranışının institutlaşdırılması və s. kimi istiqamətlərdə çağırışların idarə olunması fonunda daha yüksək kəşbek tətbiq edən banklar var idi. Buna baxmayaraq, bir sıra banklarda kəşbek faizlərinin və ya ödəniş əməliyyatları üzrə limitlərin aşağı salınması müşahidə olundu. Amma bəzi banklarda da kəşbek faizlərinin artırılması ilə bağlı müəyyən strategiyaların izlənildiyini müşahidə edirik. Yəni, bu, bankların özünün həyata keçirdiyi siyasət fonunda formalaşan bir şəraitdir.

Amma təbii ki, bazar zamanla müəyyən inkişaf səviyyəsinə çatdıqca və ya bank öz məhsulu üzrə hədəflənmiş bazar payını əldə etdikdən sonra, bu məqsədlə əlavə vəsait xərcləməkdən daha çox məhsuldan fayda əldə etmək istiqamətində strategiyalar izləyə bilir. Yəni, ən əvvəllər daha cəlbedici şərtlər müştəri bazasının formalaşdırılmasına və bazar payının artırılmasına xidmət edirdi. Sonradan isə bu, artıq məhsulun özünün rentabilliyi məsələsi olduğu üçün fərqli strategiyaların və ya fərqli taktikaların tətbiqi ilə bağlı çağırışlar yaradır”.

Ekspert qeyd edib ki, bu durum dəyişə də bilər:

“Bunu biz müşahidə edirik ki, eyni zamanda banklar öz müştəriləri ilə, digər qarşı tərəf müştəriləri ilə, hansı ki, burada pərakəndə ticarət müəssisələri, iaşə müəssisələri və digərləri nəzərdə tutulur, münasibətdə də ekvayr xidmətlərində daha yüksək faizləri tətbiq etməməlidir. Bu məqsədlə müəyyən bir balansın tapılması ilə bağlı strategiya həyata keçirməlidir. Əks halda, qarşı tərəfə yüksək ekvayr faizləri müəyyən olunur, həmin faizlər qarşı tərəfdən alınır və kəşbek şəklində müştəriyə verilir. Bir müddət sonra isə bazar artıq yüksək kəşbək faizlərini qəbul edə bilmir. Onlar müştəri üçün təşkil etdikləri xidmətlərin — yəni güzəştli şərtlərlə ödənişlərdə təqdim olunan xidmətlərin çeşidləndirilməsində çətinliklə üzləşirlər.

Yəni burada balansın tapılması və hər iki tərəf arasında müəyyən optimal maraqların təmin olunması bankın hədəfinə çevrilir. Bugünkü şərtlər daxilində mənim gördüyüm odur ki, artıq bu bazarda müəyyən bir inkişaf səviyyəsi formalaşıb. Və bankların bir çoxu artıq məhsullar üzrə hədəflərinə nail olublar; bazarın genişləndirilməsindən daha çox məhsulun faydalılığı və səmərəliliyi ön plana çıxır. Bu baxımdan da onlar artıq yeni şərtlər tətbiq edirlər.

Amma bir məsələ də var ki, bu şərtlər zaman-zaman dəyişkəndir. Yəni, bugün daha aşağı kəşbek faizi və ya daha aşağı limit tətbiq edən bank, sabah bazarda həmin məhsula tələbin azalması səbəbindən — çünki bu məhsullar elastikdir və bazarda müəyyən rəqabət mövcuddur — görəcək ki, artıq daha səmərəli şərtlərlə yenidən bazarda öz təkliflərini irəli sürməyə başlayır”.

Seçilən
7
3
moderator.az

4Mənbələr