AZ

Yaşıl enerjiregional enerji əlaqələrinin genişlənməsində mühüm rol oynayacaq

Zəngəzur dəhlizi Azərbaycanın yaşıl enerji keçidində və regional enerji əlaqələrinin genişlənməsində mühüm rol oynayacaq. Bunu energetika nazirinin müavini Orxan Zeynalov bazar günü 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib.

Zeynalovun sözlərinə görə, “Beynəlxalq Sülh və Çiçəklənmə üçün Tramp Marşrutu” (TRIPP) adlandırılan dəhliz enerji və biznes sektorları üçün əlavə çeviklik yaradaraq, marşrutların şaxələndirilməsinə töhfə verəcək.

O vurğulayıb ki, dəhliz yalnız ənənəvi enerji resursları üçün deyil, həm də elektrik, yaşıl enerji və hidrogenin Azərbaycandan, Xəzər dənizindən və Mərkəzi Asiyadan ixracı üçün istifadə oluna bilər. “Bu, regionda enerji əlaqələrinin mahiyyətini dəyişə bilər,” — Zeynalov deyib.

Azərbaycan artıq Suriyaya elektrik istehsalında istifadə olunacaq təbii qaz ixracına başlayıb. Nazir müavini bu tələbatın artacağını, dəhlizin isə Avropa və Yaxın Şərqə enerji tədarükü üçün mühüm kanal ola biləcəyini bildirib.

Prezident İlham Əliyevin qərarına əsasən, Naxçıvan, Şərqi Zəngəzur və Qarabağ yaşıl enerji zonaları elan olunub. Qarabağda 10 qiqavat həcmində günəş və külək enerjisi potensialı mövcuddur, Azərbaycanın su ehtiyatlarının isə dörddə biri bu ərazilərdə formalaşır. 

2030-cu ilədək Qarabağ və Şərqi Zəngəzurda 1,6 qiqavat elektrik enerjisi istehsalı planlaşdırılır ki, bu da regionun tələbatını iki dəfə üstələyəcək. 

Artıq enerji Cəbrayıl Enerji Qovşağı vasitəsilə Naxçıvana, Türkiyəyə və digər istiqamətlərə ixrac ediləcək.

Naxçıvanda aparılan tədqiqatlar 25 qiqavat texniki, 6–7 qiqavat isə iqtisadi potensialı müəyyən edib. Layihəyə həmçinin Türkiyəyə birbaşa interkonnektorun yaradılması da daxildir.

Zeynalov qeyd edib ki, Azərbaycan Mərkəzi Asiya tərəfdaşları ilə Xəzər dənizi üzərindən interkonnektor layihəsi üzərində də işləyir. 

Onun sözlərinə görə, bu marşrut “Orta Dəhlizin itkin bəndinə çevrilə” və regionu Çindən Avropa və Yaxın Şərqə birləşdirə bilər. 

“Bu, həm investisiya imkanları, həm də regionun rəqabət qabiliyyətinin artırılması baxımından bütün ölkələrə fayda gətirəcək,” — o əlavə edib.

N.Təbrizli

Seçilən
25
anews.az

1Mənbələr