BAKI, 21 sentyabr, TELEQRAF
Fransa hökuməti İsrailin Qəzzada hərbi əməliyyatlarını soyqırımı hesab etmir.
Teleqraf xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron "CBS News" telekanalına müsahibəsində bildirib .
"Xeyr, biz baş verənləri soyqırımı kimi qiymətləndirmirik. Çünki bu, sadəcə, siyasi bəyanat deyil. Yalnız hakimlər və ya tarixçilər nəyisə bir çox dəlillərə, aydın hüquqi bazaya və aşkar elementlərə əsaslanaraq soyqırımı kimi tanıya bilərlər", - Makron bildirib.
O, İsrail hakimiyyətini soyqırımı həyata keçirməkdə ittiham edən BMT-nin hesabatına münasibət olaraq deyib: "Xeyr, mən o hesabatı rədd etmirəm. Məsələ ondadır ki, bu, siyasi müzakirə olmamalıdır. Baş verənlər çoxlu sayda mülki şəxsin açıq-aşkar öldürülməsidir. Bu layihənin məqsədi insanları köçürməkdir. Ona görə də hesab edirəm ki, bu, böyük səhvdir", - Fransa prezidenti əlavə edib.
Bundan əvvəl BMT Beynəlxalq Təhqiqat Komissiyası İsrailin baş naziri Benyamin Netanyahu, prezident İsaak Hersoq və keçmiş müdafiə naziri Yoav Qalantı Fələstin xalqına qarşı soyqırımı həyata keçirməkdə ittiham edib.