AZ

"Formula 1": Azərbaycan Qran-prisində əsas yarış başlayıb

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.

“İki sahil” xəbər verir ki, mübarizəyə saat 15:00-da start verilib.

Ötən gün sıralama turunda "Red Bull" pilotu Maks Ferstappen birinci olub. "Uilyams"dan Karlos Sayns ikinci, "Reysinq Bulls"dan Liam Louson üçüncü yeri tutub. "Mercedes"dən Andre Kimi Antonelli dördüncü, onun komanda yoldaşı Corc Rassell beşinci pillədə qərarlaşıb.

20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir. Paytaxtdakı ilk yarış Avropa Qran-prisi kimi 2016-cı ildə baş tutub. Sonrakı səkkiz turnir Azərbaycan Qran-prisi adlanıb.

2016-cı ildə almaniyalı Niko Rosberq yarışı hamıdan tez tamamlayıb. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Lyuis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) treki birinci pillədə başa vurublar. 2023-cü ildə isə Peres ikinci dəfə Bakıda qalib gəlib. 2024-cü ildə "Maklaren"dən Oskar Piastri bütün rəqiblərini qabaqlayıb. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən paytaxtımızda yarış təşkil olunmayıb.

Azərbaycan Qran-prisinədək "Maklaren" pilotu Oskar Piastri 324 xalla liderdir. Onun komanda yoldaşı Lando Norris (293 xal) ikinci, "Red Bull"dan Maks Ferstappen (230 xal) üçüncüdür.

Konstruktorlar Kubokunda isə "Maklaren" liderdir - 617 xal. "Ferrari" ikinci (280 xal), "Mersedes" (260 xal) üçüncü pillədə qərarlaşıb.

Seçilən
30
47
ikisahil.az

10Mənbələr