AZ

Xankəndi region üçün əhəmiyyətli şəhərə çevrilir

Cənab Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən bu gün rəsmi olaraq Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis olunub. Bu əlamətdar günün təsis olunması həm tarixi Qələbənin, həm də xalqın iradəsinin təzahürüdür.

Dövlət başçısı Xankəndi şəhərinin mərkəzində çıxışı zamanı ərazi bütövlüyümüzün təmin olunduğunun müjdəsini verdi: “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm... Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.

30 ildən artıq davam edən mübarizə, minlərlə şəhidin müqəddəs qanı, igid oğullarımızın fədakarlığı və Azərbaycan dövlətinin qətiyyətli iradəsi nəticəsində əldə olunan zəfər ədalətin bərpası idi. 2020-ci ilin Vətən müharibəsində, ardınca isə 2023-cü ilin lokal antiterror tədbirləri nəticəsində dövlətimiz ərazi bütövlüyünü tam təmin etdi və illərdir həsrətlə gözlənilən dövlət suverenliyimizin tam bərpası həyata keçirildi. 

 

Bu gün Xankəndi və eləcədə işgaldan azad olunan ərazilərdə həyata keçirilən işlər onu deməyə əsas verir ki, qlsa zamanda ermənilərin dağıdıb viran qoyduğu ərazilərdə yenidən həyat canlanacaq. Artıq bir sıra yaşayış məskənlərinə mütəmadi olaraq köç karvanları yola salınır. İnfrastruktur inkişaf edir.

Mühüm məqamlardan biri də ondan ibarətdir ki, Şuşa ilə yanaşı artıq Xankəndidə də bir sıra mühüm tədbirlər keçirilir. 

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü buna əyani sübutdur. Dövlət başçısı Zirvə görüşündə çıxışı zamanı bunları bildirib: “İşğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.

Ermənistan Azərbaycan ərazilərinin təxminən 20 faizini 30 ilə yaxın işğal altında saxlamış, etnik təmizləmə həyata keçirmiş, bir milyondan artıq soydaşımızı öz dədə-baba torpağından didərgin salmışdır.

Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmamışdır. Dəfələrlə Ermənistana və onun arxasında duran dövlətlərə bildirirdik ki, əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz öz ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik. Əfsuslar olsun ki, Ermənistan və onun havadarları bizim bu xəbərdarlığımızı ciddi qəbul etməyiblər. Nəticədə peşman olublar.

2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanı döyüş meydanında darmadağın edərək 300-dən çox şəhər və kəndi azad etdi. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalamağa məcbur oldu.

İşğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silmişdir. 67 məsciddən 65-i Ermənistan tərəfindən yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb, donuz və inək tövləsi kimi istifadə olunub. Bu, İslam dininə və dünya müsəlmanlarına qarşı hörmətsizlik və təhqir idi.

Qəbiristanlıqlar da vandalizmə məruz qalıb, dağıdılıb, qəbir daşları talanaraq Ermənistana aparılıb.

Dövlət qurumlarından ibarət komissiya öz işinə xarici ekspertləri cəlb edərək, beynəlxalq təcrübədən yararlanmaqla işğal nəticəsində Azərbaycana vurulmuş zərəri təxminən 150 milyard ABŞ dolları məbləğində qiymətləndirmişdir.

Ermənistan torpaqlarımızda bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən bu günə qədər 400-ə yaxın soydaşımız mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb.

İndi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. “Böyük Qayıdış” Proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır”.

 

Rasim Məmmədov 

İctimai-siyasi xadim

Seçilən
23
sabahinfo.az

1Mənbələr