AZ

Azərbaycanın Uzaq Şərqdə yeni tərəfdaşları

Xalq qazeti saytına istinadən ain.az xəbər verir.

Ada dövlətləri olan və əhalisinin böyük əksəriyyəti İslam dininə mənsub İndoneziya və Malayziya Azərbaycanın əməkdaşlıq etdiyi dövlətlər arasındadırlar.

Ən böyük müsəlman topluluğuna malik olan İndoneziya regionun aparıcı dövlətlərindən biridir və yüksək inkişaf potensialına malikdir. Yerləşdiyi regionda İslamın yayılmasında və qorunmasında mühüm paya malikdir. Həmçinin, son dövrlərdə sürətli inkişafı, modern dünyada nüfuzunu artırması diqqətəlayiq məqamlardır.

Azərbaycan üçün İndoneziya ilə əməkdaşlıq bir sıra istiqamətləri özündə cəmləşdirir. 2021-ci ildən bu yana tərəflər arasında enerji sahəsində əməkdaşlıq; məşğulluq və sosial müdafiə sferasında razılaşmalar; iqtisadiyyat, müdafiə, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq kimi geniş perspektivlər müzakirə olunub. Müxtəlif sahələrdə həyata keçirilən əməkdaşlıqlar tərəflərin dünyaya inteqrasiyasını və qarşılıqlı həmrəyliyini artırır ki, bu da hər iki dövlətin maraqlarını təmin edir.

Malayziya ilə münasibətlərdə öz növbəsində inkişaf edən xətt üzrə davam etməkdədir. Tərəflər arasında strateji əməkdaşlığın gücləndirilməsi; ticarət, enerji, təhsil və turizm sahələrində əməkdaşlıq ön plana çıxır. Eyni zamanda Azərbaycan və Malayziya arasındakı əməkdaşlıqlar bir sıra təşkilatlar çərçivəsində də həyata keçirilməyə çalışılır. BMT, ASEAN, İƏT, D-8 daxilində mümkün əlaqələrin və əməkdaşlıqların müzakirəsi tərəflər arasında əsas prioritetlər sırasındadır.

Malayziya ilə bağlı əlavə olaraq qarşılıqlı sosial və mədəni sahələrin inkişaf etdirilməsini qeyd etmək istəyərdim. Son illərdə Malayziya mədəni sferalarda sürətli inkişaf edir, xüsusən də film sektorunda böyük uğurlar əldə edirlər. Milli ruhda, vətənpərvərlik mövzularında son illərdə çəkilmiş filmləri böyük izləyici kütlələrini cəlb edir. Müasir standardlara cavab verən və baxımlı filmlərin istehsalı dövlətin müsbət imicinin formalaşmasında və yayılmasında böyük rol oynayır.

Bu aspektdən Azərbaycanın da milli ruhda və vətənpərvərlik mövzularında, ən əsası da Vətən müharibəsi və hərbi fəaliyyətlər haqqında filmlər çəkməsi çox yaxşı olardı. Bu istiqamətdə Malayziyanın kino sektorunun təcrübəsindən istifadə edilə bilər. Çünki həmin sahədə Malayziya qısa müddətdə böyük uğurlar qazanıb və özünü dünya arenasında tanıdır. Bizim də bu cür qısa müddətdə ərsəyə gələcək və effektiv olacaq film və seriallara ehtiyacımız var. Film dünyası günümüzün əsas “yumşaq güc” vasitələrindən biridir və belə bir fürsətdən yararlanmaq yerində atılmış addım olardı.

Ötən əsrin 60–70-ci illərində ABŞ ilə qanlı müharibədə olan və rəsmi olaraq ABŞ-ı məğlub edən yeganə dövlət statusunu özündə saxlayan Vyetnam Azərbaycan üçün mühüm siyasi-strateji və iqtisadi maraqları özündə cəmləşdirir. Həm regionda güclü statusa malik olması, həm də əməkdaşlıq sferasında maraqlı tərəf olması iki dövlət arasında mümkün əlaqələrin inkişafında müsbət mühit formalaşdırır.

Azərbaycan və Vyetnam arasında 2025-ci il may ayının 8-də Bakıda strateji tərəfdaşlıq barədə birgə bəyanat imzalandı ki, həmin tarixi hadisə yeni güclü və potensiallı əməkdaşlığın əsasını qoydu deyə bilərik. Baş tutan görüşlər əsnasında qarşılıqlı olaraq bir sıra məsələlərdə razılaşmalar əldə olundu. Enerji və neft-qaz sahəsində əməkdaşlıq; biznes forumları və investisiya seminarlarının təşkili istiqamətində razılaşmalar əldə olundu. İyul ayında isə yaşıl enerji sektorunda əməkdaşlıq, ticarət və iqtisadi mövzularda yeni anlaşmalar baş tutdu. Son günlərdə isə hərbi sahədə baş tutan əməkdaşlıqlarda diqqət mərkəzindədir.

Vyetnamın yüksək iqtisadi potensiala və işçi qüvvəsinə malik olması Azərbaycan üçün böyük bir fürsətdir. Məlumdur ki, dünyanın bir çox şirkətlərinin Vyetnamda fabrik və zavodları fəaliyyət göstərir. Ucuz işçi və keyfiyyətli məhsul istehsal etmə qabiliyyətinə malik olması digər dövlətlərin marağını cəlb edir. Zənnimcə, Cənubi Koreyanın “Samsung” şirkətinin adını çəkmək kifayət edər ki, Vyetnamın iqtisadi və ticari əhəmiyyətini anlayaq. “Samsung” şirkətinin əsas istehsal mərkəzlərindən biri məhz Vyetnamda yerləşir və ildə yüz minlərlə texnoloji məhsullar istehsal edir.

Azərbaycanın yerli şirkətlərinin öz potensiallarını artırmaq və dünya bazarına daha geniş müstəvidən çıxa bilmələri üçün Vyetnam və bu kimi dövlətlərdə fəaliyyət göstərməkləri olduqca məqbul olardı. Bu cür əlverişli dövlətdə zavod və fabriklərin açılması, yerli iqtisadi sahələrə yatırımların, investisiyaların qoyulması həm böyük gəlirlər qazandıra, həm də regionda və qlobal səviyyədə tanınmağa, inkişaf etməyə təkan verə bilər.

Ona görə düşünürəm ki, qarşılıqlı əməkdaşlığın bu istiqamətlərdə aparılması hər iki dövlət üçün, xüsusən Azərbaycan üçün çox faydalı olar. Qloballaşan dünyada iqtisadi gücə malik olmaq həm siyasi maraqların qorunmasına, həm də strateji hədəflərin həyata keçirilməsinə əsas verir. Uzaq Şərqdəki dövlətlərlə genişmiqyaslı əməkdaşlığın həyata keçirilməsi məqamında atılmış addımdır.

Nurlan UMUDOV,politoloq

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
1
xalqqazeti.az

2Mənbələr