AZ

Avropa hava limanlarına kiberhücum! Uçuşlar ləğv edildi, sistem çökdü

Avropanın aparıcı hava limanlarında kiberhücum nəticəsində əməliyyatlar dayandırılıb.

Turkustan.az xəbər verir ki, London Heathrow, Brüssel və Berlin hava limanları kiberhücum səbəbindən əməliyyatlarda ciddi çətinliklər yaşadıqlarını açıqlayıb. Hücum qeydiyyat və təyyarəyə minmə sistemlərinə təsir edərək reyslərin gecikməsinə və ləğv olunmasına səbəb olub.

NBC News-un məlumatına görə, Brüssel Hava Limanı avtomatlaşdırılmış sistemlərin sıradan çıxdığını, hazırda isə yalnız əl ilə qeydiyyat və təyyarəyə minmə prosedurlarının tətbiq edildiyini bildirib. Hava limanının rəsmi saytında yayılan açıqlamada bu vəziyyətin uçuş cədvəlinə ciddi təsir göstərdiyi, gecikmə və ləğvlərin qaçılmaz olduğu vurğulanıb.

London Heathrow Hava Limanı isə üçüncü tərəf provayderində yaranan “texniki problem” səbəbindən gecikmələrin baş verdiyini elan edib. Berlin Hava Limanı da öz saytında texniki problemə görə check-in prosesində gecikmələrin yaşandığını bildirərək, məsələnin həlli üzərində sürətlə işlədiklərini qeyd edib.

Frankfurt Hava Limanı isə kiberhücumdan təsirlənməyərək əməliyyatların normal davam etdiyini açıqlayıb.

Təsirlənmiş hava limanları sərnişinlərə uçuşların vəziyyətini dəqiqləşdirmək üçün aviaşirkətlərlə əlaqə saxlamağı tövsiyə edib. Həmçinin, hava limanları xidmət provayderinin problemi aradan qaldırmaq üçün fəal çalışdığını və ən qısa zamanda vəziyyətin normala dönəcəyini bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
24
1
turkustan.az

2Mənbələr