AZ

Bakıda ödənişli yollar OLACAQ

Prezident İlham Əliyev avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, dövlət büdcəsinin tərkibində "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılır.

Fonddan bir sıra gözləntilər var. Onlardan biri də tıxac probleminin aradan qaldırılması ilə əlaqədar. Yeri gəlmişkən, bundan sonra Bakı daxilində ödənişli yollar da olacaq.

Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınmalarının dayanıqlılığının və davamlılığının, sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin təmin olunması, qabaqcıl beynəlxalq tələblər və təcrübə nəzərə alınmaqla bu sahədə fəaliyyət göstərən daşıyıcıların işinin səmərəli təşkili məqsədilə yaradılır:

"Fondun vəsaitlərindən Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində nağdsız ödəniş sisteminə keçirilmiş nəqliyyat vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən hüquqi şəxslərə və ya fərdi sahibkarlara subsidiya ödənilməsi üçün istifadə edilməyi nəzərdə tutulur. Fondun vəsaitləri hesabına müəyyən olunmuş ictimai nəqliyyat növlərinə  subsidaların verilməsi ictimai nəqliyyatda istifadə olunan avtomobillərin sıxılmış qazla və elektriklə işlənən avtomobillərlə əvəz olunması prosesinin sürətlənməsinə xidmət edəcəyini hesab edirəm".

Deputat ödənişli ərazilər yaranandan sonra həmin ərazilərə daxil olan avtomobillərin sayının kifayət qədər azalacağını düşünür:

"Fərmanda Bakı şəhəri ərazisində ödənişli hərəkət zonaların yaradılması və 1 yanvar 2027-ci ildən qüvvəyə minəcəyi bildilir. Bu qərarın Bakı şəhərinin mərkəzində günü-gündən dərinləşən tıxac probleminin müəyyən qədər həll olunmasına töhfə verəcəyini hesab edirəm. Çünki bu gün şəhərin mərkəzi küçələrində avtomobillərlə hərəkət etmək çətin məsələyə çevrilib. Ödənişli ərazilər yaranandan sonra həmin ərazilərə daxil olan avtomobillərin sayının kifayət qədər azalacağını və insanların ictimai nəqliyyat vasitəsilə daha rahat hərəkət etməyinə üstünlük verəcəyini düşürəm".

Deputat Müşfiq Cəfərov isə vurğulayıb ki, Fond Bakının ən böyük dərdi olan nəqliyyat məsələsini müəyyən mənada həllinə yarayacaq:

"Cənab Prezident İlham Əliyevin dünən imzaladığı fərmana əsasən, dövlət büdcəsinin tərkibində "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb. Fondun yaradılması haqqında qərar hələ yenidir, amma ümid edirəm ki, o, Bakının ən böyük dərdi olan nəqliyyat məsələsini müəyyən mənada həllinə yarayacaqdır.
Doğrudur, son illər nəqliyyat sektorunda islahatların aparıldığını, müəyyən addımların atıldığını və strateji yol xəritəsinin formalaşdırıldığını görürük. Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı dövlət proqramı da uğurla icra olunur. Sözügedən proqram çərçivəsində bir sıra həll yolları müəyyən olunub".

Deputat qeyd edib ki, Fondun ilk hesabatı elan olunduqdan sonra onun haqqında nəsə demək olar:

"Amma Azərbaycanda, xüsusilə Bakıda nəqliyyat probleminin nə qədər dərin olduğunu nəzərə alsaq, bir neçə ay ərzində nələrinsə dəyişməsini gözləmək olduqca qeyri-real və absurd yanaşma olardı. Fondun ilk hesabatı elan olunduqdan sonra onun haqqında nəsə demək olar. İndi sadəcə onu deyə bilərəm ki, ümumiyyətlə Bakıdakı  nəqliyyat sıxlığı şəhərdə yaşamağı günü gündən çətinləşdirir".

Seçilən
32
1
modern.az

2Mənbələr