AZ

DOĞMA YURDA XİDMƏT NÜMUNƏSİ


Boradigah iqtisadiyyatına, mədəniyyətinə, əhalisinin ictimai-siyasi fəallığına, ziyalılarına və məktəbinə, habelə coğrafi mövqeyinə görə respublikamızın ən tanınmış qəsəbələrindən biridir. Buradan bir əlini uzatsan Xəzər dənizinə, o biri əlini uzatsan güllü-çiçəkli Talış dağlarına çatar. Gözəlliklər diyarı olan bu qəsəbə füsunkar təbiətə malik olub, dənizlə meşənin qovuşduğu gözəlliklərin mərkəzində durur. Mənə doğma olan bu yerdən yazmaq həm məsuliyyətli, həm də şərəflidir. Həmin məsuliyyəti tanınmış jurnalist, mahir qələm ustası Sücəddin Şərifov öz üzərinə götürmüşdür. Bu yaxınlarda o mənə Boradigaha həsr etdiyi yenicə çapdan çıxan kitabını hədiyyə etdi. "Boradigah tarixi qaynaqlarda" adlanan bu monoqrafik kitab mənim orta təhsil aldığım, bir gənc kimi formalaşdığım, mənə çox əziz olan yurd-yuvamıza həsr olunmuşdur. Müəllif kitabın girişində bu əsərini Boradigahın tarixi kimi səciyyələndirsə də, kitabla tanış olduqdan sonra əmin oldum ki, ensiklopedik, tarixi, bədii, ictimai-siyasi bilgilərlə zəngin olan bu kitab Boradigahın özüdür. Bu kitabda nələr yoxdur? Böyük həcmli kitabda verilən məlumatlar söz yığını olmayıb, faktlara, canlı şahidlərin söhbətlərinə, müəllifin şəxsi müşahidələrinə və axtarışlarına əsaslanır.

Mən də qələm adamı olduğumdan həmin faktların toplanmasına nə qədər enerji tələb olunduğunu, ayrı-ayrı insanlarla söhbətlərin nə qədər səbr və danışdırmaq ustalığı tələb etdiyini təsəvvür edirəm. Böyük zəhmətin, gərgin işin, inadkar axtarışın məhsulu olan bu kitab qəsəbəmizin keçmişi, bu günü haqqında məlumatlar verməklə yanaşı, onun gələcəyini proqnozlaşdırır. Böyük bir məsuliyyətli işi öz üzərinə götürən müəllif əsil Boradigahlı kimi bu işin öhdəsindən şərəflə gələ bilmişdir.

Məncə Boradigahın əxlaqını və ruhunu özündə əks etdirən bu kitab bütün Boradigahlıların və Boradigahı sevənlərin evində kitab rəfinin bəzəyi, gəlin köçən qızlarımızın ən qiymətli cehizi olmalıdır. Əsərin müəllifi Sücəddin bəy isə məncə bu kitabı yazmaqla, doğma yurda əvəzsiz xidmət göstərmiş, Boradigahın fəxri vətəndaşı hüququnu qazanmışdır.

Vaqif Nəsir
Fizika-riyaziyyat elmləri doktoru, professor, AYB-nin üzvü,
Y. Məmmədəliyev mükafatı laureatı

Seçilən
50
baki-xeber.com

1Mənbələr