AZ

Trampın Cənubi Qafqaz siyasəti Azərbaycan tərəfinin xeyrinə dəyişdi - ŞƏRH

ABŞ-də erməni lobbisi iflasa uğradı

ABŞ Nümayəndələr Palatası iki düzəlişi rədd etdi, Bakı diplomatik zəfər qazandı

ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi Dövlət Departamentinin yenidən səlahiyyətləndirilməsi prosesi çərçivəsində nəzərdən keçirilən iki düzəlişi rədd edib. Hər iki düzəliş açıq şəkildə anti-Azərbaycan xarakterli olub və uzun müddətdir Kaliforniyadan olan demokrat konqresmen Bred Şerman tərəfindən irəli sürülürdü. Birinci düzəliş ABŞ Beynəlxalq İnkişaf Maliyyələşdirmə Korporasiyasına Azərbaycandakı layihələrə dəstək verməyi qadağan etməyi, ikinci düzəliş isə ABŞ Prezidentinin “Azadlığa Dəstək Aktı”na 907 saylı düzəlişin təsirini dayandırmaq səlahiyyətlərini ləğv etməyi təklif edirdi. Bu qərar ABŞ Prezident Donald Trampın Ermənistan və Azərbaycan arasında sülh təşəbbüslərinə qarşı çıxan erməni lobbi qruplarının Konqresdəki məğlubiyyətini nümayiş etdirir.

Siyasi şərhçi Əhməd Şahidov "Sherg.az"a bildirib ki, hər iki düzəlişin rədd olunması Azərbaycanın ABŞ ilə əlaqələrinin güclənməsi və regionda balanslı siyasətin qorunması baxımından mühüm addımdır. Ekspertə görə, bu, həm də erməni lobbisinin ABŞ-də Azərbaycan əleyhinə fəaliyyətinin iflasa uğradığını göstərir: 

"ABŞ-nin Azərbaycana layihə dəstəyi və humanitar yardımın davam etməsi regiondakı strateji balans üçün əhəmiyyətlidir. Uzun illər idi ki, ABŞ-dəki erməni lobbisi hər il keçirilən seçkidə anti-Azərbaycan mövqeyini ortaya qoyurdu. Xüsusən, ABŞ Senatında Azərbaycan əleyhinə qərarların qəbul olunmasında ciddi təsirə malik idi. "907-ci" düzəliş Azərbaycana hərbi yardımın dayandırılmasını nəzərdə tuturdu. Ermənipərəst konqresmenlər tərəfindən qəbul olunan digər düzəlişə görə, Azərbaycanda iqtisadi və insfrastruktur layihələrinə maliyyələşmənin dayandırılmasını özündə ehtiva edirdi. Qanun layihələri hər il keçirilən səsvermələrdə qəbul edilirdi. ABŞ Dövlət Departamentinin illik fəaliyyət planına salınırdı. Departament də Azərbaycana münasibətdə məhz bu qanun layihələrindən çıxış edirdi. Yardımların dayandırılması ilə yanaşı, ölkəmizə hədə-qorxu gəlir, siyasi təzyiq göstərirdi. Bu yanaşma Demokratların hakimiyyətdə olduğu dönəmlərdə özünü daha qabarıq büruzə verirdi. Təbii ki, burada erməni lobbisinin də rolu danılmazdır. Ancaq Respublikaçıların hakimiyyətə gəlməsi, Donald Trampın prezident olması ilə onun partiyadaşları da Konqresdə üstünlüyə sahib oldular. Bundan sonra Bakıya münasibət və yanaşma dəyişdi". 

Ə.Şahidov əlavə edib ki, davam edən proseslər fonunda avqustun 8-də Vaşinqtonda Ağ Ev rəhbərinin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında sazişlər imzalandı: 

"Həmçinin, "907-ci" düzəlişin tətbiq olunması dayandırıldı. Bu, həm də D.Trampın Azərbaycan-Ermənistan arasındakı proseslərə baxışı və Cənubi Qafqaza yanaşması idi. Nəticə etibarı ilə ötən gün ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi nəzərdən keçirilən iki düzəlişi rədd etdi. Erməni lobbisinin təsiri altında olan bəzi demokrat senatorların səylərinə baxmayaraq, Azərbaycan ABŞ-də öz diplomatik qələbəsini qazandı. Xatırlayırsızsa, 8 avqusta qədər bir qrup senator Trampa müraciət edərək Azərbaycana sanksiya tətbiq edilməsini istəmişdi. Lakin bu müraciətlərə heç bir reaksiya verilmədi. ABŞ Cənubi Qafqazda öz maraqlarının təmin olunması üçün daha böyük düşündü".
Seçilən
36
1
sherg.az

2Mənbələr