Nazim Eynallı,
AAYDA 19 N-li Xüsusi Təyinatlı Yol İstismar MMC-nin Direktoru
Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti həyata keçirmiş və hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdir. İşğal nəticəsində yüz minlərlə soydaşımız doğma yurd-yuvasından didərgin düşmüş, şəhər və kəndlərimiz dağıdılmış, təbii sərvətlərimiz talan edilmiş, dövrümüzün ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı törədilmişdir.
Azərbaycan xalqı bütün bu məhrumiyyətlərə baxmayaraq, müstəqillik və dövlətçilik əzmini heç vaxt itirməmişdir. Ermənistanın yeni işğalçılıq planlarına və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi nəticəsində qəhrəman əsgər və zabitlərimiz öz canları və qanları bahasına ölkəmizə tarixi Zəfəri bəxş etdilər. Bu müharibədə xalq-ordu birliyi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, strateji qərarları və qətiyyəti qələbənin əsas təminatçısı oldu.
2023-cü ilin 19-20 sentyabrında həyata keçirilmiş lokal antiterror əməliyyatı isə suverenliyimizin tam bərpa olunmasını təmin etdi. Cəmi 23 saat davam edən əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin qalıqları tərksilah edildi, Azərbaycanın konstitusiya quruluşu bərpa olundu və ərazi bütövlüyümüz tam təmin edildi. Bu gün üçrəngli bayrağımız bütün suveren ərazilərimizdə qürurla dalğalanır.
Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Bu qərar həm xalqımızın qəhrəmanlıq tarixinin, həm də müstəqil dövlətçiliyimizin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Müstəqilliyimiz, azadlığımız, suverenliyimiz uğrunda canını fəda etmiş şəhidlərimiz xalqımızın qürur mənbəyidir. Onların ruhu qarşısında baş əyir, qazilərimizin fədakarlığını dərin hörmətlə yad edirik. Dövlətimizin həyata keçirdiyi şəhid ailələrinə və qazilərə qayğı siyasəti bu müqəddəs dəyərlərin qorunmasının bariz nümunəsidir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) də bu istiqamətdə mühüm addımlar atır. Şəhid ailələrinin sosial rifahına dəstək göstərilməsi, onların yaşadığı kənd və qəsəbələrə yol infrastrukturunun çəkilməsi, rahat və təhlükəsiz hərəkətin təmin olunması həm dövlətin qayğısının, həm də xalqımıza xidmətin təcəssümüdür. Çünki yol həm həyat deməkdir, həm də vətəndaşın dövlətə olan etimadını möhkəmləndirən amildir.
Bu gün Azərbaycan öz gələcəyinə inamla baxır. Qazanılan Zəfərlər və əldə edilmiş nailiyyətlər Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Suverenliyimizin möhkəmlənməsi, milli həmrəyliyimizin güclənməsi və hər bir bölgənin inkişafına göstərilən diqqət ölkəmizin qarşıdakı illərdə daha böyük uğurlar qazanacağına əminlik yaradır.