AZ

Biz yanılmamışıq - doğru, düzgün yolumuzu seçmişik...

Müsahibimiz YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyevdir

- Anar müəllim, bu gün 55 yaşınız tamam olur. Bu münasibətlə sizi təbrik edirik. 55 illik həyat yolunuz, həyatınızda qarşıya qoyduğunuz məqsəd və hədəflər barədə fikirlərinizi bilmək istərdik...

- Diqqətinizə görə öz minnətdarlığımı, təşəkkürümü bildirirəm. Elə bilirəm ki, 55 yaş insan ömrünün ən yetkin, ən təcrübəli bir çağıdır. Bu yaşda hər bir kəs artıq həyatın bir çox sınaqlarından çıxmış, zəngin dünyagörüşünə malik bir insan kimi yetişir, öz məqsəd və hədəflərinə çatmış olur.

Mən müəllim ailəsində dünyaya gəlmişəm, müəllim təlim - tərbiyəsi görmüşəm. Orta məktəbi əla qiymətlərlə başa vurub, ali təhsil almışam. Azərbaycan Texnologiya İnstitutunu və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirmişəm. Müxtəlif sahələrdə çalışmışam. Mənim gənclik dövrüm müstəqilliyimizin yenidən bərpasının ilk illərinə təsadüf edib. Respublikamızın o dövrdə düşdüyü acınacaqlı vəziyyət hamımıza yaxşı məlumdur. Tarixin ağır sınaqlarından çıxmış müdrik Azərbaycan xalqı məhz həmin dövrdə nicat yolunu Ümummilli Liderimiz, Dahi Rəhbərimiz Heydər Əliyevdə gördü.

1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda çox çətin və ağır şəraitdə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Bununla da demək olar ki, yeni, müstəqil Azərbaycanın xoş,  firavan, parlaq gələcəyinin əsası qoyuldu. Onu da qeyd edim ki, Türk dünyasının böyük oğlu, görkəmli siyasi xadim, zəngin dövlətçilik təcrübəsinə malik olan, xalqını öz canından da çox sevən Dahi Rəhbərimizin səsinə ilk səs verən rayonlardan biri də Qazax rayonu oldu. Həmin vaxt mənim 22 yaşım vardı. Mən də bir gənc kimi müstəqil Azərbaycanımızın xoş, firavan gələcəyini ancaq və ancaq bu yolda - Ulu Heydər Əliyev yolunda gördüm və YAP sıralarına qəbul olundum. Bəli, 1993-cü ilin iyulundan Yeni Azərbaycan Partiyasının üzvüyəm və artıq 2022-ci ilin fevralından rayon təşkilatının sədri təyin edilmişəm. Mən fəxr edirəm, qürur hissi keçirirəm ki, mənə böyük etimad göstərilib, Qazax rayonu kimi ziyalı bir rayonda belə bir şərəfli və məsul vəzifəyə təyin olunmuşam. Elə bilirəm ki, bu gün belə bir şərəfli və məsul vəzifədə çalışmaq, elə qarşıya qoyulan məqsəd və hədəflərə çatmaqdır.

- Uzun illərdir Yeni Azərbaycan Partiyasının üzvüsünüz. Bu  partiyanın sıralarında olmaq sizin üçün hansı anlamı ifadə edir?

- 1993-cü ilin 24 iyulunda YAP Qazax rayon təşkilatı təsis edilmişdir. Mən də rayon təşkilatının təsisçilərindən biriyəm. 1999 - 2007- ci illər ərzində YAP Gənclər Birliyi Qazax rayon təşkilatının sədri, 2007-2011-ci illər ərzində YAP Qazax rayon təşkilatının sədr müavini olmuşam. Yeni Azərbaycan Partiyasının  I, II və III Qurultaylarına nümayəndə seçilmişəm. Seçkili orqanlarda da iştirakım olub, belə ki, 1999-2004, 2004-2009,  2009-2014-cü illərdə Qazax Bələdiyyəsinə üzv seçilmişəm. Bütün bu uğurları məhz, Yeni Azərbaycan Partiyasının üzvü kimi qazanmışam. Ailə üzvlərimin hamısı illərdir ki, Yeni Azərbaycan Partiyasının üzvüdürlər. Hətta, 79 yaşlı, təqaüdçü anam da, Möhtərəm Prezidentimizin sərəncamı ilə iki dəfə təltif olunmuş orta məktəbdə müəllimə işləyən həyat yoldaşım da, 44 günlük Vətən müharibəsi veteranı, medalla təltif olunmuş böyük oğlum da, iki ali məktəbi fərqlənmə diplomu ilə bitirmiş, bu günlərdə həqiqi hərbi xidmətdən tərxis olunmuş kiçik oğlum da,  YAP Qazax rayon təşkilatının təsisçilərindən biri olan qardaşım da, uzun illər YAP Qadınlar Şurası Qazax rayon təşkilatının sədr müavini olmuş bacım da Yeni Azərbaycan Partiyasının üzvüdürlər.

Elə bilirəm ki, bu yerdə Ulu Öndərimiz Heydər Əliyevin illər öncə böyük uzaqgörənliklə, müdrikliklə dediyi fikirləri xatırlatmaq yerinə düşərdi: “Mən sizinlə bərabər fəxr edirəm ki, Yeni Azərbaycan Partiyasının üzvüyəm və onun sədriyəm. Öz aqibətini Yeni Azərbaycan Partiyası ilə bağlayanlar səhv etməmişlər”. Bəli, biz yanılmamışıq, öz doğru, düzgün yolumuzu seçmişik. Bu yol - Ulu Heydər Əliyev yoludur, necə deyərlər, haqq yoludur. Heç vaxt, heç bir qüvvə bizi bu yoldan çəkindirə bilməz!

Mən deyərdim ki, Yeni Azərbaycan Partiyasının üzvü olmaq, Ulu Heydər Əliyev ideyalarına sadiq qalaraq, sədaqətlə bu ideyalara qulluq etmək, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız,  Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarının daxili və xarici siyasətini ürəkdən dəstəkləmək, Möhtərəm Prezidentimizin arxasınca öndə getmək, onun ətrafında daha sıx birləşmək və müstəqil, suveren Azərbaycanımızın daha xoş, firavan gələcəyi naminə bu haqq yolunda cəsarətlə addımlamaq anlamını ifadə edir.

- Rəhbərlik etdiyiniz YAP Qazax rayon təşkilatının fəaliyyəti haqqında nə deyə bilərsiniz? Təşkilat üzərinə düşən vəzifələri necə yerinə yetirir?

- Demək olar ki, YAP Qazax rayon təşkilatı Yeni Azərbaycan Partiyasının şəhər və rayon  təşkilatları arasında sayılan, seçilən, öz dəsti-xətti olan rayon təşkilatlarından biridir.

Hazırda YAP Qazax rayon təşkilatı 80 ərazi partiya təşkilatında 10700 nəfəri özündə birləşdirir ki, bunların da 6895 nəfəri qadınlar, 2427 nəfəri isə gənclərdir. Mənim rayon təşkilatına sədr təyin olunduğum dövr ərzində 1034 nəfər partiya sıralarına qəbul olunmuş, 7 yeni ərazi partiya təşkilatı yaradılmışdır. Yeni Azərbaycan Partiyasının Sosial Media Qrupu tərəfindən rayon təşkilatının sosial şəbəkələrdə fəaliyyəti bu gün bütün bölmələr üzrə “əla” qiymətləndirilir.

Bildiyiniz kimi, siyasi təşkilatların fəaliyyətinə verilən qiymət həm də bu təşkilatların keçirilən seçkilərdəki rolundan asılıdır. Ötən bir il ərzində keçirilən 7 fevral 2024-cü il tarixli növbədənkənar Prezident seçkilərində, 1 sentyabr 2024-cü il tarixli növbədənkənar Parlament seçkilərində,  29 yanvar 2025-ci il tarixli Bələdiyyə seçikilərində necə deyərlər, bu siyası kampaniyalarda, taleyüklü məsələlərdə YAP Qazax rayon təşkilatının üzvləri də yüksək siyasi fəallıq göstərmiş, həm 107 saylı Tovuz-Qazax-Ağstafa, həm də 109 saylı Qazax DSK-nın ərazisində “Qələbələr Partiyası” adlanan Yeni Azərbaycan Partiyasının və onun namizədlərinin qələbəsi naminə öz töhfələrini vermişlər.

Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024 -cü il tarixli Sərəncamı ilə ölkəmizdə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu məqsədlə hər il olduğu kimi 2025-ci il ərzində də rayon təşkilatı tərəfindən çoxsaylı tədbirlər keçirilmiş və çoxsaylı tədbirlər müxtəlif saytlarda və mətbuat orqanlarında işıqlandırılmışdır.

Təşkilatımız həmişə çalışır ki, YAP Mərkəzi Aparatı tərəfindən verilən tapşırıqları, qarşıda duran vəzifələri yüksək səviyyədə, vaxtında və keyfiyyətlə yerinə yetirsin .

- YAP Qazax rayon təşkilatının üzvlərinin rayonun ictimai-siyasi həyatında iştirakı qaneedicidirmi?

- Bu gün Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursu, dəsti-xətti Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının diqqət və qayğısı ilə rayonumuzda da uğurla davam etdirilir. Doğma Qazağımız günü-gündən gözəlləşir, abadlaşır, sakinlərimizin sosial rifahı yüksəlir, problemləri öz həllini tapır. Şəhid ailələrinə, qazilərimizə, müharibə iştirakçılarına göstərilən diqqət - qayğı da yüksək səviyyədədir.

Ümumiyyətlə, rayonumuzda ictimai-siyasi vəziyyət sabitdir. Respublikamızın “Qərb Qapısı” adlanan, qonşularla 168 km sərhədi olan, ölkə paytaxtından 500 km məsafədə yerləşən, ölkəmizin dilbər guşələrindən biri olan Qazax rayonu qeyd etdiyim kimi, Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının diqqət və qayğısı ilə günbəgün gözəlləşir, abadlaşır, respublikamızın ən səfalı guşələrindən birinə çevrilir.

Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarının uğurlu siyasəti nəticəsində bir güllə atılmadan, qan tökülmədən 4 kəndimizin işğaldan azad olunması fonunda bütün rayon sakinləri kimi partiya üzvlərimiz də çox nikbindir və sabaha böyük ümidlərlə baxır. İnanırıq ki, möhtərəm Prezidentimizin uzaqgörən, məqsədyönlü siyasəti nəticəsində tezliklə işğal altında olan 3 kəndimizə də qovuşacağıq. YAP Qazax rayon təşkilatının üzvləri də siyasi kampaniyalarda olduğu kimi rayonumuzun ictimai-siyasi həyatında da fəal rol oynayırlar. Onlar bütün sahələrdə əməli işləri və yüksək fəallığı ilə bunu sübut edirlər.

Sonda fürsətdən istifadə edərək Partiya rəhbərliyini, YAP Mərkəzi Aparatının rəhbərliyini əmin edirəm ki, bundan sonra da mənə göstərilən bu yüksək etimadı əməli işlərimlə, yüksək fəallığımla doğruldacam, rayon təşkilatının sədri kimi verilən tapşırıqların, qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gələcəm.

Söhbətləşdi: Nardar Bayramlı

Seçilən
56
1
yeniazerbaycan.com

2Mənbələr