"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 5-ci turunda "Şamaxı"ya qarşı 2:1 hesablı qələbələrini dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında belə danışıb:
"Çox intensiv və gərgin bir oyun oldu. Mövsümün əvvəli olsa da, hər qarşılaşma bizim üçün yüksək templə və dinamik şəkildə keçir. Bu, çempionatımızın səviyyəsinin yüksəlməsindən xəbər verir və bizi sevindirir. Ancaq eyni zamanda başa düşürük ki, rəqabətə hər zaman hazır olmalıyıq. Hər matçda qələbə qazanmaq nə qədər çətin olduğunu göstərir. Bu gün qalib gəlməsəydik belə, oyun bizim üçün pis keçmədi. Rəqibin müdafiəsini aşmağa çalışırdıq. Bir neçə fürsət əldə etdik, lakin ilk yarıda bunları dəyərləndirə bilmədik. Qol buraxdıqdan sonra vəziyyət bizim üçün daha mürəkkəbləşdi.
Ən önəmlisi, komanda tələsmədən oynadı. Sürətli və dinamik futbol sərgiləməyə çalışdıq, amma panikaya yol vermədik. Hər məşqçi belə qələbələrdən qürur duyar. "Şamaxı" kimi güclü rəqibə qarşı son 10 dəqiqədə iki qol vurub oyunu çevirmək çox sevindiricidir. Futbolçularımı təbrik edirəm. Artıq sabahdan etibarən növbəti matça hazırlaşmalıyıq. Növbəti turda "İmişli" ilə qarşılaşacağıq. Onlar bir oyunda məğlub olublar, o da 90+9-cu dəqiqədə buraxdıqları qolla. Dörd oyundur qol buraxmırlar, buna görə də "İmişli" ilə oyun bizi ciddi şəkildə düşündürür."