AZ

Qarabağ problemi bitdi: Antiterror əməliyyatları Azərbaycanın qlobal rolunu gücləndirdi - ÖZƏL

"Antiterror əməliyyatları 2020-ci ildə qazanılmış zəfərin rəsmi şəkildə sona çatdırılması idi. Çünki 2020-ci ildə öz üzərinə öhdəlik götürən Ermənistan tərəfi yenə də Rusiyadan, İrandan və digər havadarlardan dəstək və vədlərlə separatizmi davam etdirməyə meyillənmişdi. Qarabağ separatçılarının tərksilah edilməməsi və Laçın dəhlizi vasitəsilə Ermənistan tərəfindən hər cür təxribat addımlarının dəstəklənməsi göstərirdi ki, Qarabağda məğlubiyyətə uğrayaraq kapitulyasiya aktını imzalayan tərəf hələ də bundan dərs çıxarmayıb və bölgədə siyasi-hərbi təsir vasitələrini qoruyub saxlamağa çalışır. Amma antiterror əməliyyatları bu vəziyyətə son nöqtəni qoydu". 
Bu fikirləri politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlamasında söyləyib: 
" Bölgədə olan separatçılar bir dəfəli Qarabağdan çıxarıldı. Hətta o separatçı rejimin rəhbərləri, başında duran quldurlar həbs edildi, bu gün onların üzərində məhkəmələr keçirilir. Ümumiyyətlə, antiterror əməliyyatı Qarabağ problemini həm de-fakto, həm də de-yure  itirməklə Azərbaycanın xarici siyasət üfüqlərinin genişlənməsinə şərait yaratdı. Bura qədər Azərbaycan tərəfi Qarabağda baş verən pozucu hadisələrə görə istər-istəməz regional reallıqları nəzərə alırdı. İran, Rusiya, Fransa kimi anti-Azərbaycan qüvvələr isə bu problemi - Qarabağdakı işğal və separatizm faktını əsas gətirərək  Azərbaycanın xarici siyasətinə qarşı istifadə edir, müstəqil addımlar atmasına mane olurdu. Azərbaycan da haqlı olaraq müəyyən məsələlərdə bu təsirləri nəzərə almağa məcbur qalırdı. Amma antiterror əməliyyatlarından sonra Azərbaycana qarşı ən böyük təsir vasitəsi olan Qarabağ problemi qəti şəkildə aradan qalxdı. Bundan sonra Azərbaycanın siyasətində nə gördük? Azərbaycanın Yaxın Şərqə, uzaq Şərqə və uzaq Qərbə çıxışı açıldı, tranzit məsələləri ön plana çıxdı, iqtisadi-siyasi mənada daha böyük, daha qlobal layihələrin təşkilatçısına çevrildi. Bu gün Azərbaycan dövləti həmin addımların bəhrəsini görməkdədir və gələcəkdə bu daha da artacaq. Qarabağ məsələsinə gəldikdə isə, antiterror əməliyyatlarından sonra bölgənin tamamilə Azərbaycanın həm de-fakto, həm də de-yure nəzarətinə keçməsi ilə orada böyük dəyişikliklər baş verdi. Bir vaxtlar münaqişə zonası olan Qarabağ indi dəyərləri, gələcəyi, infrastrukturu olan, üzərində sivil həyatın bərpa olunduğu bir diyara çevrildi. Qarabağa doğmalıq gəldi, yaxınlıq gəldi. Bununla kifayətlənməyərək Qarabağa qlobal əhəmiyyət qazandırıldı: Qarabağ iqtisadi zonası yaradıldı, beynəlxalq hava limanları açıldı. Bunlar gələcəkdə beynəlxalq tranzit və ticarət məsələlərində mühüm marşrut rolunu oynayacaq. Bütün bu addımlar planlı şəkildə həyata keçirildi və bu gün də davam etdirilir. Gələcəkdə də davam edəcək. Bir müddət sonra biz daha güclü Qarabağ, dolayısıyla daha güclü Azərbaycan görəcəyik". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
34
olaylar.az

1Mənbələr