AZ

Bu orden 33 ildir heç kəsə verilməyib: İlham Əliyev alsın!

Konfransda Konstitusiya Məhkəməsinin sədri, deputatlar, müxtəlif dövlət orqanlarının rəhbərliyində təmsil olunan tanınmış şəxslər, elm adamları iştirak edirdi. Moderatorun tez-tez çıxışlara yersiz iradları, şərh və əlavələri ümumi ab-havanı korlasa da, çox maraqlı çıxışlar oldu.

"Bakuinfo" xəbər verir ki, bu sözləri Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında Milli Məclisdə Dövlət Suverenliyi Günü ilə əlaqədar keçirilən konfrans haqda danışarkən deyib.

“Qarabağın azadlığı, torpaqlarımızda dövlət suverenliyinin bərpası həm də mərhum Prezidentimiz Heydər Əliyevin adı ilə bağlıdır. O, 20 sentyabrda “Əsrin müqaviləsi”ni imzalamağı bacardı. Buna mane olmaq istəyən dövlətlərlə anlaşa, onları neytrallaşdıra bildi. 20 sentyabrda - bu uğurlu gündə Prezident İlham Əliyev Qarabağ üzərində dövlət suverenliyini tap bərpa etdi, erməni faşizminə, işğala son qoydu. Neft pulları hesabına güclü ordu qurduq, müttəfiqlər qazandıq, torpaqlarımızı işğaldan azad etdik. Bu gün də görülən işlər əsasən neft gəlirləri sayəsində baş verir.

Buna görə 20 sentyabr – “uğur günü”nün dövlət bayramı kimi qeyd olunmasını təklif edənlərdən biri və bəlkə də birincisi mən idim. Çox şadam ki, həmin günü sabah bayram kimi qeyd edəcəyik, eyni zamanda böyük dövlət xadimi Heydər Əliyevi böyük sayğı və ehtiramla anacağıq”, - o bildirib.

O qeyd edib ki, “Azərbaycan Respublikasının orden və medalları haqqında” və ya “Dövlət təltifləri haqqında” yeni qanun qəbul edərək, ora “Azərbaycan Respublikasının Ali Baş Komandanı Milli Məclis tərəfindən təltif olunur” kimi norma daxil etmək olar:

“Bayram ərəfəsində bu məsələni qaldırmağımın məqsədi də odur ki, Ali Baş Komandan kimi İlham Əliyevin torpaqlarımızın işğaldan azad olunmasındakı müstəsna xidmətlərini nəzərə alıb, onu, kənardan kimin nə deyəcəyinə, hansı uzağagedən nəticələr çıxaracağına əhəmiyyət vermədən, təsis olunduğu andan – 1992-ci ildən - bu günə kimi heç kəsə verilməmiş Azərbaycan Respublikasının Ali Hərbi Ordeni – “Şah İsmayıl Ordeni” ilə təltif edək və əvvəllər də təklif etmişdim ki, Şuşada tikilən məscid də onun adını daşısın. O zaman əxlaqsız insanların hücumları ilə üzləşdim. Şuşada tikilən yeni məscidə onun adının verilməsi çox ədalətli olar. Bu, Allaha da xoş gedər. İlham Əliyev inanclı adamdır, Qarabağı Allahın köməyi ilə işğaldan azad etdi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına da məscidlərin bərpası ilə başlayır. Bundan başqa, təklif edirəm Şuşa Bəyannaməsinin imzalandığı yerdə Türkiyə-Azərbaycan qardaşlığını simvolizə edən möhtəşəm bir abidə ucaldaq. Başqa bir möhtəşəm abidəni isə Xankəndidə Azərbaycan əsgərinin şərəfinə yüksəldək.

Qələbəmizə, qələbəmizdə xidməti olanlara, şəhidlərimizə, qazilərimizə verdiyimiz, verəcəyimiz yüksək qiymət özümüzə, xalqımıza verdiyimiz qiymətdir. Erməni faşizmi üzərində qələbəmiz bizi daha böyük uğurlara, daha böyük quruculuq işlərinə və qələbələrə ruhlandırmalıdr. Qalib xalqımız daha yaxşı yaşamaq haqqına sahibdir. Biz onlara bu imkanı yaratmalıyıq. Xalqımızın indiki sosial inkişaf göstəricilərini nəzərə alıb nə indi, nə yaxın gələcəkdə xalqdan böyük dəyişikliklər üçün sosial sifariş gözləməməliyik. Prezidentə inanan və ondan inkişaf üçün dəyişiklik gözləyən xalqımızın bugünkü susqunluğu onun həyatından razı olması kimi qəbul olunmamalıdır. Böyük quruculuq işlərinə başlamasaq, insanlarımızın yaxşı yaşamaq üçün bir-birinin haqqını çeynəyəcəklərini, güclülərin zəifləri, səlahiyyətli şəxslərin sadə vətəndaşları, kiçik və orta sahibkarları istismar edəcəyini, ali insani dəyərlərin aşınacağını müşahidə edəcəyik. Bütün bunları önləmək üçün hökumətin fəaliyyətinə və qanunların icrasına nəzarət mexanizmləri nəzərdə tutan yeni Konstitusiya, müasir qanunlar və qərarlar qəbul etməliyik. Qanunların icrasına nail olmaqla çalışmalıyıq ki, cəmiyyətimiz inkişaf etsin, Allahın kölgəsi həmişə üzərimizdə də olsun, köməyimizə çatsın, bizi bir daha ərazi bütövlüyümüzlə, qaçqın - köçkün ağrı-acısı, vətəndaş qarşıdurması ilə sınağa çəkməsin, bizdən üz döndərməsin! Bir an olsun yaddan çıxarmamalıyıq ki, Allah bizə həm səmadan, həm daxildən - vicdanımızla, həm də kənardan xalqın gözü ilə nəzarət edir”.

Seçilən
19
2
bakuinfo.net

3Mənbələr