AZ

Soltanlıda kommunikasiya sistemlərinin qurulmasına 114 milyon manat xərclənəcək

Yeniavaz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti “KESZ Group Azerbaijan” MMC (VÖEN – 8200408871) və “19 Saylı Tikinti Təmir İdarəsi” MMC (VÖEN – 4700367351) ilə satınalma müqaviləsi imzalayıb.

Yeniavaz.com xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə, bu şirkətlər Xidmətin sifarişi ilə Cəbrayıl rayonu, Soltanlı kəndi üzrə fərdi yaşayış evlərinin, qeyri-yaşayış obyektlərinin, sahədaxili və xarici mühəndis kommunikasiya sistemlərinin (su, kanalizasiya, rabitə şəbəkəsi, elektrik təchizatı və qaz xətti) qurulması, həmçinin yol və səkilərin yaşıllaşdırma və abadlıq işlərini həyata keçirəcəklər və qarşılığında 114 milyon 499 min 593 manat 20 qəpik alacaqlar.

Məlumat üçün bildirək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

“Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:

 - Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;

- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;

- Satınalma predmetinə təcili tələbat yarandıqda;

- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;

- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.Qanunun tələblərindən də göründüyü kimi, Soltanlı kəndində kommunikasiya sistemlərinin qurulması, həmçinin yol və səkilərin yaşıllaşdırılması məxfi məlumat hesab oluna bilməz. Bu səbəbdən də, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin satınalma prosesini bu şəkildə keçirməsi başa düşülən deyil. Müqavilənin hansı səbəbdən bir mənbədən satınalma metodu ilə imzalandığı da aydın deyil.

Qeyd edək ki, “KESZ Group Azerbaijan” MMC 24 may 2024-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 min manat olan MMC-nin hüquqi ünvanı Cəbrayıl şəhərində yerləşir. Şirkətin icraçı direktoru Macarıstan vətəndaşı olan Otto İzsodur.

“19 Saylı Tikinti Təmir İdarəsi” MMC isə 13 aprel 2011-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 890 min manat olan MMC-nin hüquqi ünvanı Qusar şəhəri, Karl Marks küçəsi ev. 67-də yerləşir. Şirkətin qanuni təmsilçisi Aslanov Loğman Fərəc oğludur.

Onu da qeyd edək ki, 114 milyon manatlıq satınalma müqaviləsi bağlanılan “KESZ Group Azerbaijan” MMC Macarıstanın tikinti və layihələndirmə sahəsində fəaliyyət göstərən “KESZ” şirkətlər qrupuna bağlıdır.

Xatırladaq ki, Cəbrayıl rayonunun Soltanlı kəndinin təməli 23 noyabr 2023-cü ildə atılıb. Təməlqoyma mərasimində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto da iştirak edib. Bildirilib ki, Soltanlı kəndinin Baş planı layihəsi Macarıstanın “KESZ” şirkətlər qrupu və Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb. Kənddə 6 100 nəfərdən ibarət 1 525 ailənin yaşayacağı proqnozlaşdırılıb. Burada ümumilikdə 496 fərdi yaşayış evinin tikintisi, həmçinin 1 044 mənzildən ibarət 4 və 5 mərtəbəli çoxmənzilli yaşayış binalarının da tikilməsi nəzərdə tutulub.Elnur Əli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
2
yeniavaz.com

3Mənbələr