Dövlətin inkişafında hüquqi islahatlar mühüm yer tutur. Bu baxımdan 2002-ci, 2008-ci və 2016-cı illərdə keçirilən referendumlar ölkə tarixi üçün böyük əhəmiyyət kəsb edib.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən Dövlət Suverenliyi Günü ilə bağlı konfransda Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib.
O, Azərbaycanın dövlətçilik tarixinin mürəkkəb və eyni zamanda şərəfli mərhələlərini diqqətə çatdırıb. Bildirib ki, 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonrakı ilk illərdə ölkədə hökm sürən siyasi böhran və idarəçilikdəki xaos yeni Konstitusiyanın qəbuluna imkan verməmişdi. “Yalnız 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində ölkədə sabitlik bərpa olundu. Bununla da dövlət quruculuğu prosesində yeni bir mərhələnin əsası qoyulub. 1995-ci ilin mayında Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası yaradıldı və həmin il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə Azərbaycanın ilk milli Konstitusiyası qəbul olundu. Bu tarixi sənəd müstəqil dövlətçiliyimizin hüquqi əsaslarını müəyyənləşdirdi, insan və vətəndaş hüquq və azadlıqlarını təmin edən ali qanun kimi tarixə düşdü”, – deyə Ziyafət Əsgərov vurğulayıb.
Sədr müavini xatırladıb ki, dövlətin inkişafında hüquqi islahatlar mühüm yer tutur. Bu baxımdan 2002-ci, 2008-ci və 2016-cı illərdə keçirilən referendumlar ölkə həyatında böyük əhəmiyyət kəsb edib. Həmin dəyişikliklərdə vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, məhkəmə-hüquq islahatlarının gücləndirilməsi və idarəçilik sisteminin təkmilləşdirilməsi əsas istiqamətləri təşkil edib.