AZ

Fərhad Abdullayev: Bu ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi gələcəyə inamla addımlamağın bariz nümunəsidir

Bakı, 19 sentyabr, AZƏRTAC

Bu il Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki suverenliyə aparan yol hər bir xalqın ən böyük arzusu, milli varlığının əsas dayağıdır. Həmçinin bu il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu, həm tarixi keçmişimizə dəyər verməyin, həm də gələcəyə inamla addımlamağın bariz nümunəsidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri "Konstitusiya və Suverenlik İli" çərçivəsində Milli Məclisdə keçirilən Dövlət Suverenliyi Günü ilə bağlı konfransda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

O qeyd edib ki, müstəqillik, suverenlik və ərazi bütövlüyü Azərbaycan xalqının ən ülvi haqqıdır. Bu gün isə Azərbaycan suveren dövlət kimi dünya birliyində öz layiqli yerini tutub, qabaqcıl ölkələrdən birinə çevrilib.

“Tariximizə nəzər saldıqda görürük ki, 30 ilə yaxın torpaqlarımız işğal altında olsa da, xalqımız heç vaxt ümidini itirməyib. Bu böyük dözüm və inam bizə Zəfər yolunu göstərdi və nəticədə torpaqlarımız azad edildi.

Ulu Öndər Heydər Əliyev öz hakimiyyəti dövründə anlayırdı ki, Azərbaycanın gələcəyi gənclərin vətənpərvərlik ruhunda böyüməsindən keçir. Onun həyata keçirdiyi uğurlu siyasət bu gün də öz bəhrəsini verir. Prezident İlham Əliyev isə bu siyasəti uğurla davam etdirərək ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib”, - deyə F.Abdullayev əlavə edib.

Ümummilli Lider Heydər Əliyevin şah əsərlərindən birinin də Azərbaycan Respublikasının Konstitusiyası olduğunu vurğulayan F.Abdullayev deyib ki, Ulu Öndər Konstitusiyanı həqiqi və əsas qanun hesab edib, onun dövlət və cəmiyyət həyatında müstəsna rolunu daim önə çəkib. Bu gün də Konstitusiyamız ictimai münasibətlərin tənzimlənməsində, cəmiyyətdə hüququn və ədalətin qorunmasında ən etibarlı dayağımızdır.

“Konstitusiya Məhkəməsinin yaradılması da məhz Ulu Öndərin təşəbbüsü ilə reallaşıb. Dünyanın müxtəlif ölkələrində bu məhkəmələr fərqli şəkildə fəaliyyət göstərsə də, məqsəd və niyyət hər yerdə eynidir, yəni, qanunun aliliyini təmin etmək.

Bu gün Prezident İlham Əliyevin təşəbbüsü ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması isə qanunun qorunması, hüquq sistemimizin daha da möhkəmləndirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb edir”, - deyə Konstitusiya Məhkəməsinin sədri diqqətə çatdırıb.

Seçilən
19
azertag.az

1Mənbələr