AZ

Suverenliyi qətrə qətrə, zərrə zərrə qazandıq

Ses qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

2020-ci ilin 44 günlük İkinci Vətən müharibəsində əldə etdiyimiz Böyük Zəfərdən sonra biz hələ də suveren deyildik. Çünki Vətən bütövləşməmişdi, erməni tapdağı altında qalan torpaqlarımız var idi. Artıq iki ildir ki, tariximizin səhifələrinə qızıl hərflərlə yazılan 2023-cü ilin 20 sentyabrı xalqımızın həyatında çox önəmli günə çevrilib. Həmin gün birgünlük antiterror tədbiri ilə işğal altında qalan torpaqlarımızın son qarışı da azad edildi, 30 ildən artıq torpaq həsrətinə birdəfəlik son qoyuldu. Və beləliklə də ərazi bütövlüyümüz və konstitusiya quruluşumuz bərpa olundu, ölkəmizin suverenliyi bərqərar edildi. Biz suverenliyi düz 30 il ərzində qətrə-qətrə, zərrə-zərrə qazandıq.

2024-cü il sentyabrın 19-da dövlət başçısının Sərəncamı ilə 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis edilməsi Böyük Zəfərdən sonra ölkədə yeni bir bayram əhval-ruhiyyəsi yaratdı. Çünki həmin gün xalqın qürur gününə çevrildi. Sərəncamda deyilir: 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

Bəs Xankəndi, Xocalı, Xocavənd, Ağdərə?

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr tarixli Sərəncamı ilə 20 sentyabr həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü” kimi təsis olundu.

Bu sərəncam mənə hər dəfə beş il əvvəli-İkinci Vətən müharibəsinin sona çatdığı noyabr ayını xatırladır. 2020-ci il noyabrın 10-da 44 günlük Vətən müharibəsi üçtərəfli bəyanatın imzalanması ilə başa çatanda, xalq Qarabağın işğaldan azad olunmasını toy-bayram edəndə bəzi ünsürlər ölkə başçısının rəhbərliyi altında milli ordumuzun zabit və əsgərlərinin qəhrəmanlığı ilə, minlərlə şəhidimizin qanı, qazimizin sağlamlığı bahasına əldə olunan Zəfərə-böyük qələbəyə kölgə salmağa çalışdılar. Hansı ki, onlar hər zaman narazıdırlar. Razı qalacaqları gün nə vaxt olacaq, bu, məlum deyil.

Zəfər günündən etibarən yeni mövzu atdılar meydana: bəs Xankəndi, Xocalı, Xocavənd, Ağdərə? Hansı Zəfərdən danışırsınız? Nə üçün müharibə yarımçıq dayandı? Bu necə müharibədir?

Bu söz-söhbət o zaman danışılırdı ki, hələ Laçın, Kəlbəcər, Ağdam qarşıdakı mərhələdə qaytarılacaqdı. Və buna da həmin dairələrin nümayəndələri tərəfindən böyük inamsızlıq vardı.

Lakin düşməni 44 gün ərzində tamamilə çökdürmüşdük. Elə bu səbəbdən də ağ bayraq qaldırıb təslim olduğunu bildirmişdi. Laçın, Kəlbəcər və Ağdamın boşaldılması üçün vaxt istəmişdi. Azərbaycan dövləti isə bütün dünyaya humanistliyini nümayiş etdirərək qonşu düşmən dövlətə bütün bu olanlardan, yaşananlardan sonra yenə də insanpərvərliklə yanaşdı və onlara torpaqlarımızdan çıxmaq üçün zaman verdi.

Düşmən 20 noyabrda Ağdamı, 25 noyabrda Kəlbəcəri, 1 dekabrda isə Laçını tərk etdi, torpaqlarımızı geri qaytardı. Beləliklə, Qarabağ və Şərqi Zəngəzurun böyük bir hissəsi işğaldan azad edildi. Və həmin torpaqlarda dərhal bərpa işlərinə başlandı ki, 30 il yurd-yuvasından məcburi şəkildə köçkün düşən soydaşlarımız torpaqlarına qayıda bilsin, bir qərinəyə yaxın dövrün hicranının vüsal anı yetişsin.

44 gün, 23 saat...

2020-ci ilin 44 günlük Vətən müharibəsində böyük Zəfər əldə etdik. Həmin dövr ərzində “status-kvo”nun cəhənnəmə getdiyini anlamaq bu qədərmi çətin idi, yoxsa buna inamsızlıqdan doğurdu həmin söz-söhbət? Axı “Dağlıq Qarabağ Muxtar Vilayəti” artıq yox idi, dövlətimizin başçısı bunu ləğv etmişdi. Deməli, bu pərdə arxasında gizlənənlərin xülyaları da darmadağın edilmişdi. Qalırdı bircə onların Azərbaycan qanunlarına tabe olmaları-Azərbaycan torpaqlarında bu qanunlar çərçivəsində yaşamaları. Buna isə təbii ki, torpaqlarımızı qurd kimi basmış separatçı-terror qruplaşmaları imkan vermirdi. Onlar yeni münaqişələr yaratmaqla bizim torpağımızda at oynatmaq meylində idilər.

3 il idi ki, müharibə bitsə də, problemlər davam edirdi: minalanmış ərazilərin xəritəsi verilmirdi, atəşkəs pozulurdu, Qarabağ və Şərqi Zəngəzurda tez-tez terror hadisələri törədilirdi. Bu hadisələrə isə içimizdən olan bəzi ünsürlər yenə də rəngarəng don geyindirir, hələ üstəlik, ermənilərin tərəfində dayanaraq onların nahaq səsinə səs verirdilər.

Bir tərəfdən də Xankəndi, Xocalı, Xocavənd, Ağdərəyə guya ki, canıyananlıq edirdilər. Anlamaq istəmirdilər ki, bu torpaqlar da azad edilən torpaqların sırasındadır. Sadəcə zaman çatmalıdır ki, o yurdlara da bayrağımız sancılsın.

Necə ki, ötən 30 ilə qədər dövrə son qoymağın məqamı yetişmişdi, biz torpaqlarımızı azad etmək üçün hazır olduğumuzu hiss edib müharibə meydanına atılmışdıq, 44 gündə Qarabağ dastanını yazmışdıq, eləcə də zamanın yetişməsi, hadisələrin öz axarı ilə cərəyan etməsi lazım idi ki, bu torpaqlarda da bayrağımız dalğalansın. Lakin bunu anlamayan, bütün bunları hər gün müzakirə edib don geyindirənlər sakitləşmək bilmirdi. Barmaqla sayılacaq qədər olanların hər biri siyasətçiyə, siyasi ekspertə çevrilmişdi. Ağıllarına və ağızlarına gələni danışmaqla guya özlərini xalqa ürəyi yanan kimi qələmə verirdilər. Lakin xalqın hələ 30 ilin əvvəlində onların kim olduğunu, torpaqların işğal olunmasında rollarını əsla unutmayacağını yadlarından çıxarmışdılar,

Dövlətimizin başçısı nəyi nə zaman və necə etməyi özünün də vurğuladığı kimi, çox gözəl bilir. Elə bu yüksək bacarığa görə də Azərbaycan xalqı üç il ərzində son 270 illik tarixdə olmayanı edə, qazana bildi: torpağını azad etdi, düşməndən geri aldı.

“Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, şəhər gününüz mübarək!”,-dedik,

30 il idi ki, Qarabağdan söz düşəndə başımızı aşağı dikirdik. Çünki biz məğlub xalq idik. Namus və şərəfimizi-torpağımızı itirmişdik. Süfrəmizin artığı ilə aclığını dəf edən erməni adlı qonşu illər uzunu yanımızdaca özünə yer edə-edə torpaqlarımıza göz dikmiş və məqamı gələndə onu bizdən qoparmışdı. Düşmən 30 il ərzində torpaqlarımızın yeraltı-yerüstü sərvətlərini daşıyıb dünya bazarlarına çıxarmış, satıb, sovmuşdu.

30 il idi ki, minlərlə soydaşımız köçkün həyatı yaşayırdı. Dövlət tərəfindən 30 ildə nə qədər qayğı ilə əhatə olunsalar da, torpaqlarını, yurdlarını arzulayır, buna görə də üzlərindən kədər əskik olmurdu.

Zəfərdən sonra erməni terrorçuları yeni əməliyyatlara başlamışdılar ki, artıq bunun qarşısı alınmalı idi. 2023-cü ilin 15 oktyabrda Xankəndidə Azərbaycan bayrağını qaldıran dövlətimizin başçısı da bu məsələyə münasibət bildirmişdi: Keçən ay antiterror əməliyyatı qaçılmaz idi. Azərbaycan xalqı yaxşı bilir və əminəm dünya ictimaiyyəti də yaxşı bilir ki, biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirdik. On yeddi il ərzində mən şəxsən mənasız və nəticəsiz danışıqlarda dəfələrlə iştirak etmişəm. Nə üçün? Çünki hesab edirdim ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Ancaq getdikcə ümidlər azalırdı. Ermənistanın işğalçı siyasətini bir daha təhlil edərək tam əminliklə bu gün deyə bilərəm ki, onlar bir qarış torpaq belə bizə qaytarmaq fikrində deyildilər. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olmuş vasitəçilər faktiki olaraq münaqişəni dondurmaq istəyirdilər, münaqişəni əbədi etmək istəyirdilər. İstəyirdilər ki, bu yara heç vaxt sağalmasın. Azərbaycan xalqı və dövləti bu vəziyyətlə heç vaxt barışa bilməzdi. Mən dəfələrlə deyirdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, heç vaxt imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci erməni dövləti yaradılsın. Budur, bu da nəticə, Azərbaycan xalqı öz torpaqlarında erməni terrorçularına qarşı antiterror əməliyyatı həyata keçirdi və onları məhv etdi. Bu gün Xankəndidə dalğalanan Azərbaycan bayrağı bu xalqın birliyinin, həmrəyliyinin, qəhrəmanlığının nümayişi, göstəricisidir.

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni quldurları Xocalıda soydaşlarımıza qarşı dünyada analoqu olmayan faciə törətdi. Xocalılılar bir gecənin qurbanına çevrildilər. Onlar qışın qılınc kimi kəsən şaxtalı bir gecəsində öz isti ocaqlarından zorla çıxarılıb dağa-daşa salındı, səsini çıxaran ailəsinin gözü qarşısında güllələndi, uşaqlar süngülərə keçirildi. Ən acınacaqlısı isə odur ki, səhəri gün öldürülmüş insanlara düşmən tərəfindən işgəncə verildi, onların burun-qulaqları, əl-ayaqları kəsildi, dəriləri soyuldu.

Bütün bunlar, bax, 2023-cü ilin 15 oktyabrda dövlətimizin başçısının Azərbaycan bayrağını dalğalandırdığı Xocalıda baş vermişdi. O zamandan ta ötən illərədək Xocalının haqq səsinin dünyaya yayılması uğrunda dövlətimiz yorulmadan mübarizə aparmışdır. 10-dan çox ölkə Xocalı soyqırımını tanımış, “Xocalıya ədalət!” hərəkatı beynəlxalq vüsət almışdır.

Artıq Xocalı da yenidən qurulur, Böyük Qayıdış bu yurd yerində də başlayıb. Yaxın gələcəkdə isə bura qayıdanların sayı daha da artacaq. Çünki dövlətimiz Xocalıda əhalinin rahatlığı, rifahı üçün hərtərəfli işlər görür.

Qarabağın dilbər guşələrindən olan Xocavənd və Ağdərə də illərlə erməni işğalı altında inləyən yurd yerlərimiz idi. Bu torpaqlarda yaşayan soydaşlarımız da erməni vəhşiliyinə uğramış, uzun illər torpaq dərdi sağalmaz yaralarına çevrilmişdi.

20 sentyabr hər il bu dörd yurd yerimizin şəhər günü-azadlıq günü kimi qeyd olunacaq. Azadlığınız daimi olsun, əziz ata-baba yurdlarımız.

22 ilin təntənəsi

44 günlük İkinci Vətən Müharibəsi, 23 saatlıq antiterror tədbirləri, 2020-ci ildən Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən böyükmiqyaslı quruculuq işləri, Böyük Qayıdış Proqramı ilə məcburi köşkünlərimizin artıq bir qisminin ata-baba yurdlarına geri dönməsinin hər biri dövlət başçısının ölkəyə rəhbərlik etdiyi 22 ilin təntənəsidir. Ölkəmizin hərtərəfli inkişafını təsdiq edən Zəfərdir. Son 22 ildə iqtisadi gücümüzün artmasının, dünyada tanınmağımızın, milli ordumuzun yaradılmasının, dövlət-xalq birliyinə nail olunmasının, milli vətənpərvər ruhlu gənclərin yetişdirilməsinin, onların torpaq sevgisi ilə böyüməsinin, ümumilikdə torpaqlarımızı azad etməyə qadir olduğumuzun və bunu bütün dünya qarşısında nümayiş etdirdiyimizin təntənəsidir.

2023-cü ilin 15 oktyabrda dövlətimizin başçısının Qarabağ və Şərqi Zəngəzurun digər bölgələrində də Azərbaycan bayrağını qaldırması ölkəyə 20 illik rəhbərliyin yekunu, ata vəsiyyətinin reallaşdırılması dəyərində idi. Həm də Prezident cənab İlham Əliyevin Xankəndidəki çıxışında vurğuladığı qürurverici sözlər dəyərində: Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.

***

Dövlətimizin başçısının ötən il sentyabrın 19-da və 20-də-Dövlət Suverenliyi və Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günündə Qarabağda səfərdə olması, Ağdamda, Şuşada, xüsusilə Xankəndidə bir sıra obyektlərin, eləcə də yüzlərlə gəncimizin təhsil aldığı Qarabağ universitetinin açılış mərasimində iştirakı qürur tariximizin növbəti səhifəsi, eləcə də sərhədin o üzündəki düşmənə göz dağı idi.

Bütöv, suveren Azərbaycan, səninlə-suverenliyinlə qürur duyuruq. Çünki biz onu qətrə-qətrə, zərrə-zərrə qazanmışıq, göz bəbəyimiz kimi də qoruyacağıq. Nə yaxşı ki, varsan, nə yaxşı ki, biz azərbaycanlıyıq!

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
1
sesqazeti.az

2Mənbələr