AZ

Naxçıvanın enerji sistemi yenidən qurulur - VİDEO+FOTO

Azərbaycan Prezidentinin 23 noyabr 2024-cü il tarixli, 235 nömrəli Fərmanına uyğun olaraq “AzərEnerji” tərəfindən Naxçıvan Muxtar Respublikasında elektroenergetika sahəsində mühüm addımlar atılır.

Redaktor.az xəbər verir ki, hazırda regionun elektrik enerjisi təminatında əsas rol oynayan istismar müddətini keçmiş bir neçə yarımstansiya sökülərək yenidən tikilir.

Belə ki, 154/110/10 kilovoltluq “Babək”, 110/35/10 kilovoltluq “Çeşməbasar” və 110/35/10 kilovoltluq “Naxçıvan” yarımstansiyaları sökülərək tam yenidən tikilir. Həmçinin Naxçıvan Regional Rəqəmsal İdarəetmə və SCADA mərkəzi, eləcə də müasir texniki infrastrukturlar yaradılır.

Yeni enerji obyektləri tikilərək istifadəyə verildikdən sonra regionda elektrik enerjisi təchizatının etibarlılığı və dayanıqlılığı əhəmiyyətli dərəcədə artacaq, eyni zamanda Naxçıvanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və davamlı inkişafına töhfə verəcək.

Bununla yanaşı, “AzərEnerji” tərəfindən Naxçıvan ötürücü elektrik şəbəkəsinin modernləşdirilməsi istiqamətində də ciddi işlər aparılır.

Muxtar Respublikanın ötən əsrin 50-ci illərinin sonlarından istismarda olan hava elektrik verilişi xətləri “AzərEnerji” tərəfindən sökülərək yenidən qurulur. İlkin mərhələdə 110 kilovoltluq “Culfa”, “Ordubad-1” və “Ordubad-2” yüksək gərginlikli ötürmə xətləri ikidövrəli olmaqla, ümumilikdə 68 km məsafədə yenidən çəkilir.

“AzərEnerji” tərəfindən Naxçıvanda 3 istiqamətdə çəkilən ötürmə xətlərində və 3 yerdə tikilən yarımstansiyalarda, o cümlədən Regional Rəqəmsal İdarəetmə Mərkəzində aparılan işlərin gələn il ərzində yekunlaşdırılması planlaşdırılır.

 




Seçilən
18
16
redaktor.az

10Mənbələr