AZ

Səttar Möhbalıyev: 20 Sentyabr tarixi zəfərin və dövlətçilik qürurunun günüdür



Azərbaycanın müasir tarixi yaddaşında xüsusi yer tutan 20 Sentyabr artıq ikinci ildir ki, rəsmi şəkildə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur. Cənab Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü ildə imzaladığı Sərəncamla təsbit edilən bu əlamətdar gün, Azərbaycan xalqının uzun və məşəqqətli mübarizəsinin, minlərlə şəhidin müqəddəs qanı ilə yazılmış qəhrəmanlıq dastanının rəmzidir. Bu günün təsis olunması təkcə qələbə təntənəsi deyil, həm də Ermənistanın və qondarma rejimin terrorçu silahlı dəstələrinin birdəfəlik tərk-silah edilməsi, Azərbaycan suverenliyinin tam bərpası deməkdir.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, bu gün həm də dövlətçilik andının gerçəkləşməsidir. 2023-cü ilin 15 oktyabrında Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması əsrlərə bərabər bir an idi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sözləri bu hadisənin dərin mənasını açır: “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Mən xalqıma söz vermişdim ki, Azərbaycan Bayrağı işğaldan azad olunacaq bütün torpaqlarda dalğalanacaq və bu gün gəldi.” Bu çıxış, əslində, cənab Prezidentin 20 il əvvəl içdiyi andın gerçəkləşməsi idi. Azərbaycan xalqı bir liderin sözü ilə tarix yazdı, dövlət başçısının əzmkarlığı ilə Zəfəri reallığa çevirdi. Xankəndi əslində Zəfərin tacı oldu. 2023-cü il noyabrın 8-də Xankəndidə keçirilən hərbi parad Azərbaycanın dövlətçilik gücünü və tarixi qisasını nümayiş etdirdi. Bu parad bir daha sübut etdi ki, Vətən müharibəsi və ardınca aparılan lokal antiterror tədbirləri Azərbaycanın tam qələbəsi ilə nəticələnib. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək: “Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa işğaldan azad edildi, bir gün sonra isə düşmən ağ bayraq qaldırdı. Bu, Azərbaycan dövlətinin tarixi Zəfəri idi.” Bu Zəfər, yalnız hərbi uğur deyil, həm də xalqın milli birlik iradəsinin təntənəsidir. Qarabağ Universitetinin yaradılması isə Zəfərin təhsildə rəmzi oldu. 2023-cü ilin noyabrında Xankəndidə yaradılan Qarabağ Universiteti Azərbaycan dövlətinin gələcəyə ünvanladığı ən böyük strateji addımlardan biridir. Universitetin yaranması həm işğaldan azad edilmiş ərazilərdə yüksək ixtisaslı kadr hazırlığına, həm də regionun mədəni və elmi dirçəlişinə xidmət edir. Bu, dövlətin “təkcə torpaqlarımızı deyil, həm də elmimizi, təhsilimizi Qarabağa qaytarırıq” mesajıdır. 2023-cü ilin dekabrında Ağdərə rayonunun inzibati ərazi vahidi kimi bərpa olunması tarixi ədalətin təntənəsidir. Bu qərar bölgənin idarəçilik strukturunu möhkəmləndirməklə yanaşı, Qarabağın gələcək sosial-iqtisadi inkişafına yeni nəfəs verdi. Azərbaycanın “Qarabağ” futbol klubunun 2023-cü ilin dekabrında Xankəndidə rəsmi oyun keçirməsi 30 ildən sonra qayıdışın idman rəmzi kimi tarix oldu. Xankəndidə səslənən azarkeş səsləri Azərbaycan xalqının milli birliyinin və qürurunun ifadəsi idi.
Millət vəkili fikrini davamı olaraq bildirdi ki, Prezident İlham Əliyevin azad olunmuş Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə etdiyi çoxsaylı səfərlər Azərbaycanın gücünün, dövlət başçısının xalqı ilə birgə olmasının parlaq sübutudur. Bayrağın ucaldılmasından tutmuş Novruz tonqallarının alovlandırılmasına, hərbi paradlardan ali təhsil müəssisələrinin açılışına qədər hər bir addım Azərbaycanın suverenlik qürurunu əks etdirir. Xüsusən də, 2025-ci ilin iyulunda Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün keçirilməsi göstərdi ki, Qarabağ artıq yalnız Azərbaycanın milli qürur məkanı deyil, həm də beynəlxalq siyasi dialoqun yeni ünvanına çevrilib. Bugünkü reallıq göstərir ki, Qarabağ Azərbaycanın dövlətçilik ruhunun sarsılmaz dayağıdır. Xankəndidə universitetlərin, teatrların, biznes mərkəzlərinin açılması, Xocavənddə, Hadrutda və Qırmızı Bazarda yeni yaşayış məhəllələrinin salınması, Xocalıda soyqırımı memorialının inşası, Ağdərədə kəndlərin bərpası – bütün bunlar təkcə bərpa deyil, həm də Azərbaycanın qələbə fəlsəfəsinin gerçəkliyə çevrilməsidir. 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində qızıl hərflərlə yazılıb. Bu gün dövlətimizin ərazi bütövlüyünün, xalqımızın milli birliyinin, şəhidlərimizin müqəddəs ruhunun təntənəsidir. Azərbaycan bu gün sübut edib ki, tarixə ədaləti qaytarmaq mümkündür. Suverenlik uğrunda mübarizə aparan, qələbə ruhunu daşıyan bir xalq üçün heç bir maneə əbədi deyil. 20 Sentyabr həm Zəfərin, həm də gələcəyin başlanğıcıdır-deyə Səttar Möhbalıyev fikirlərini tamamlayıb.
.



Seçilən
26
aia.az

1Mənbələr