AZ

Yapon alimlər inəkləri zebra kimi boyadıqlarına görə Şnobel mükafatı alıblar

Təcrübə göstərib ki, “zebra effekti” iri buynuzlu mal-qara üzərində həşəratların sayını kəskin azaldır...

Poliqon xəbər verir ki, 11 yaponiyalı alim bioloji sahədə apardıqları qeyri-adi eksperimentə görə Şnobel (Ig Nobel) mükafatına layiq görülüb. Təcrübə inəklərin bədəninə zebra zolaqlarına bənzər qara-ağ naxışlar vurulduqda, onlara qonacaq həşəratların sayının əhəmiyyətli dərəcədə azaldığını ortaya qoyub. Mükafatın təqdimetmə mərasimi Boston şəhərində baş tutub.

Sözügedən araşdırma hələ 2019-cu ildə dərc olunmuşdu. Yapon alimlərinin gəldiyi nəticələrə görə, iri buynuzlu mal-qaranın üzərinə qara-ağ zolaqlar çəkilməsi, sancan milçəklərin hücumlarını azaltdığından, kənd təsərrüfatında iqtisadi itkilərin qarşısını ala bilər. Çünki bu cür həşəratların yaratdığı narahatlıq inəklərin otarılma, yemlənmə və istirahət vaxtını azaldır, həmçinin heyvanların xəsarət alma riskini artırır. ABŞ-da aparılan hesablamalara əsasən, fermerlər bu səbəbdən ildə təqribən 2,2 milyard dollar zərər görürlər.

Yaponiyanın qara inəkləri üzərində aparılan təcrübələr zamanı su əsaslı boya ilə çəkilən zolaqlar həşəratların sayını 50 faizədək azaltdığı müşahidə olunub. Mütəxəssislər bildirirlər ki, bu üsul pestisidlərdən istifadəyə ekoloji alternativ ola bilər.

Mərasimin təşkilatçıları qeyd ediblər ki, sözügedən eksperiment yalnız elmi-humoristik məzmun daşımır, həm də tədqiqat bazasını genişləndirir. Kyodo agentliyinin məlumatına görə, bu, artıq ardıcıl 19-cu ildir ki, ən azı bir yapon vətəndaşı Şnobel mükafatı laureatları arasında yer alır. Mükafatı təqdim edən Annals of Improbable Research jurnalı 1991-ci ildən etibarən hər il bu mükafatı təqdim edərək, nüfuzlu Nobel mükafatına satirik yanaşma sərgiləyir.

Poliqon.info

Seçilən
25
poliqon.info

1Mənbələr